ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ problemi ilə bağlı son siyasi mesajları ciddi müzakirələrə səbəb olub.
Ağ Evin rəhbəri “Respublika günü” münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq.
Siyasi ekspertlərin fikrincə, Donald Trampın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı konkret vaxt göstərməsi ciddi siyasi məna kəsb edir. Hətta Amerika prezidentinin bu açıqlaması Ermənistan mediasında da siyasi rezonans doğurub.
Politoloqların fikrincə, D.Trampın işlətdiyi ifadələr təsadüfi deyil və yaxın perspektivdə problemin həlli istiqamətində ABŞ-ın təşəbbüsü ələ alması üçün bir sıra addımların atılması ilə müşahidə oluna bilər. Xüsusilə də rəsmi Vaşinqton Ermənistanda yeni siyasi qüvvənin hakimiyyətə gəlməsinə və Rusiyaya bağlı hərbi xuntanın devrilməsinə kompromisin əldə edilməsi üçün yeni imkan kimi baxır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ-ın münaqişənin həllində fəallaşmaq istəyi varsa, Tramp Azərbaycan və Ermənistan prezidentlərini Ağ Evə dəvət etməlidir.
“Trampın verdiyi vədlərini (Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik. Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik”.
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, ABŞ prezidentinin Cümhuriyyətin 100 illiyə ilə əlaqədar dövlət başçısı İlham Əliyevə təbrik məktubunda Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar açacağını qeyd etməsi, Vaşinqtonun Cənubi Qafqaza diqqətin ayrılmasından xəbər verir:
“Ötən həftə dövlət katibi Mayk Pompeonun Gürcüstanın baş naziri ilə görüşdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı tam dəstək açıqlaması da göstərir ki, Tramp adminstrasiyası Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağı planlayır. Fikir versək görərik ki, Qazaxıstanın Xəzər dənizində ABŞ-NATO yüklərinə limanı verməsi bu yüklərin məhz Cənubi Qafqazdan daşınacağını gündəmə gətirir. Həmçinin, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək TANAP-ın Cənub Qaz Dəhlizinin gələn ay açılması və digər mühüm məsələlər artıq Vaşinqtonun regionda münaqişələrin həllinə pioritet yanaşmasını ortaya qoyur. Çünki, Cənubi Qafqazda ABŞ-ın dəstəklədiyi layihələrə hər an Rusiya tərəfindən işğal olunmuş ərazilərdən təhlükə gələ bilər.
Ermənistanda yeni hakimiyyətin formalaşması, Vaşinqtonun Ermənistana islahatlar üçün 140 milyon dollar vəsait ayırması və dəstək verməsi Paşinyan hökumətindən konkret münaqişənin həlli ilə bağlı tələblər irəli sürülə bilər. Hesab edirəm ki, rəsmi Bakı baş verən proseslərlə bağlı Vaşintonla diplomatik danışıqlar aparıb ki, Trampın verdiyi qərarda bu kimi qeydlər əksini tapıb. Tramp dediyini həyata keçirəndir. ABŞ münaqişənin həllinə çalışarsa, müsbət irəlləyişə nail olmaq olar. O halda ABŞ Ermənistanda yeni hakimiyyəti Rusiyadan qorumalıdır ki, sülh danışıqları baş tutsun. Çox ciddi siyasi proseslərin astanasındayıq. Vaşinqtonun İrana qarşı cəbhə formalaşdırmasını nəzərə alsaq, demək Amerika Azərbayacana diqqət ayırmağı planlayır. Ki-Uest danışıqlarının bərpa edilməsi reallaşsa və Moskva neytrallaşdırılsa münaqişə ədalətli həll ola bilər. Bu, Vaşinqtonun siyasətindən aslıdır”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Minasakanyan da Trampın məktubuna münasibət bildirib:
“Münaqişənin nizamlanması maraqlarımızı, arzularımızı və məqsədlərimizi əks etdirməldir. Təbii ki, biz kompromisdən danışırıq, amma bizim məqsədlərimiz və maraqlarımız Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququna əsaslanır. Müzakirələrin dinamikasını saxlamaq lazımdır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı Paşinyan hökumətinin təklifini gülməli adlandırıb.
Məhəmməd Əsədulladənin sözlərinə görə, Ermənistan xarici işlər nazirinin kompromisə hazır olub-olmamağı proseslərdən asılıdır:
“Nikol Paşinyan kabinetinin açıqlaçmasına rəğmən onların sərt ritorikası Vaşinqtonun istəyi qarşısında heç nəyi dəyişə bilməz. Qeyd edim ki, Paşinyan Rusiyaya qarşıdır. Rusiya da bunu xoşlamır. ABŞ qolunu çırmalasa bölgədə vəziyyət Azərbaycanın xeyrinə dəyişə bilər. Bir neçə ay səbr edək, görək Ermənistanda siyasi situasiya hansı istiqamətdə gedəcək və Trampın regional siyasətində dəyişiliklər nə vəd edəcək”.
Müşfiq Abdulla