ABŞ İrana bir neçə istiqamətdə təzyiq edə bilər. İlk növbədə iqtisadi sanksiyalar tətbiq edilə bilərdi, artıq bu prosesə start verilib.
Bunu Teleqraf.com-a politoloq Vüqar Zifəroğlu deyib.
Politoloq hesab edir ki, ABŞ maksimum şəkildə iqtisadi cəhətdən İranı küncə sıxışdırmağa çalışacaq:
“Vaşinqtonun nüvə anlaşmasından çıxması İranın təcrid edilməsi istiqamətində atılmış ilk addım idi. ABŞ bundan sonra Avropa İttifaqını da, bu müqavilədən uzaqlaşdırmağa çalışacaq. Lakin bu istəyinə hansı formada nail olacağını demək çətindir. Çünki Avropa İttifaqı anlaşmanı ləğv etməyə o qədər də meyilli deyil.
Avropanın reaksiyaları göstərir ki, Brüssel İranla iqtisadi münasibətlərə böyük əhəmiyyət verir. Burada Rusiya və qaz faktoru əsas rol oynayır. Avropa İttifaqı İrana rus qazına alternativ kimi baxır. Buna görə də, İran məsələsi Avropa üçün əhəmiyyətlidir. Lakin Avropadan fərqli olaraq, ABŞ İrana qarşı iqtisadi təzyiq mexanizmlərini sərtləşdirəcək”.
Vüqar Zifəroğlu İrana siyasi təzyiqləri də istisna etməyib: “ABŞ bu baxımdan da İranı blokadaya almağa çalışacaq. Müxtəlif beynəlxalq təşkilatları təzyiqlərə məcbur etməklə yanaşı, bu təzyiqlər diplomatik münasibətlərin kəsilməsinə qədər edilə bilər.
Digər yandan, İranı Yaxın Şərqdəki mövqelərindən sıxışdırıb çıxarmaq istiqamətində addımlar atılacaq. Artıq Suriyada İranın mövqelərinə qarşı əməliyyatlar başlayıb. Livanda “Hizbullah”a endirilən zərbələr də İrana təzyiq vasitələrinin bir hissəsidir. Burada söhbət həm də İraq və Yəməndə İrana qarşı əməliyyatların aparılmasından gedir.
Başqa sözlə, Yaxın Şərqdə İran əlehinə çoxşaxəli əməliyyatların başlanmasının şahidi ola bilərik”.
İran daxilindən ediləcək təzyiqlərə gəlincə, politoloqun sözlərinə görə, artıq uzun müddətdir hakimiyyət əleyhinə hərəkat davam edir:
“Daxildə hakimiyyət əleyhinə hərəkat var. Bir tərəfdən də etnik problemlər özünü göstərməyə başlayıb. Etnik məsələ Sistan, Bəlucistan, Əhvaz və digər bölgələrdə daha çox qabarıb.
Eyni zamanda, dini və qadın haqları sahələrində də proseslərin alovlandırılması prosesinə start verilə bilər”.