Oğlunu işğal zonasına göndərən Paşinyanla danışıqların mənası varmı?


Ermənistanın yeni hökumətinin başçısı “Qarabağ klanı”nı vursa da, Qarabağ kartından imtina etmədi; politoloq: “O, hərbi çağırışçıların cəbhəyə getməkdən imtinasının qarşısını almağa çalışır”

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq. Paşinyan bununla bildirib ki, mart ayında oğlunun 18 yaşı tamam olub və qanuna müvafiq olaraq, o, orduda xidmətə yollanır.

A.Paşinyan özü isə bildirib ki, ərizə yazıb və xidmətini işğal olunmuş Qarabağda keçmək istəyir (virtualaz.org). Bununla birlikdə, N.Paşinyan orduda xidmət etməmək üçün Ermənistanı tərk etmiş həmvətənlərini 20 gün ərzində respublikaya qayıtmağa və orduda xidmət keçməyə çağırıb.

N.Paşinyan “Qarabağ klanı”nın hakimiyyətinə son qoyduqdan sonra onun Serj Sərkisyanın ənənələrindən imtina edəcəyi barədə gözləntilər özünü doğrultmadı. Belə ki, erməni baş nazir hökumət başına keçdikdən bir gün sonra Azərbaycanın işğal altındakı ərazilərinə gəldi və buradan beynəlxalq hüquqa meydan oxudu. N.Paşinyan danışıqlarda Dağlıq Qarabağın iştirak etməli olduğu barədə iddiasını irəli sürməklə faktiki olaraq danışıqlardan imtinasını nümayiş etdirdi. Lakin onun öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsi həyasızlığın növbəti nümayişi olmaqla yanaşı, daxili ictimai rəyə hesablanmış addımdır. Reallıq budur ki, erməni gənclər ordudan yayınmaq üçün müxtəlif yollara əl atırlar. Ölkəni tərk edənlərin böyük faizini gənclər təşkil edir. Hətta erməni ordusunun rəhbərliyinin hərbi xidmət müqabilində pul mükafatı təsis etməsinə baxmayaraq, fərariliyin qarşısını almaq mümkün olmadı. Bundan sonra erməni qadınların orduya cəlbi ilə də gəncləri hərbi xidmətə cəlb etmək niyyəti baş tutmadı. Çünki erməni gənclər yad torpaqda ölməkdənsə, başqa ölkələrdə yaşamağı üstün tutdular.

Bu mənada N.Paşinyan öz oğlunu Qarabağa göndərməklə bir ay ərzində onun ardınca gedən erməniləri, xüsusilə də gəncləri həvəsləndirib Qarabağa yollaya biləcəyini zənn edir...

HikmÉt Hacıyev ile ilgili görsel sonucu

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirib. Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndiririk: “Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır. Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycan ərazilərinin işğalına görə beynəlxalq hüquqi məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki,  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir. Ermənistan vətəndaşları, xüsusilə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə öz həyatlarının ən formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər. Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi Ermənistan əhalisi üçün daha faydalı olardı".

Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni baş nazir oğlunu Qarabağa göndərməklə divident qazanmağa çalışır: “Paşinyanın, ümumiyyətlə, istər Dağliq Qarabağ münaqişəsinin həlli, istərsə də iqtisadi və ya siyasi reformalarla bağlı konkret bir proqramı yox idi və hazırda da yoxdur. Hələ ki, kadr dəyişiklikləri və digər korrupsiyaya uğramış məmurların ifşası və həbsi ilə məşğul olur. Bu da təbii ki, küçələrdə kütləyə verdiyi sözləri yerinə yetirməyə kifayət etmir. Bundan başqa, siyasi məhbuslar və bir sıra siyasi vədləri ilə bağlı həyata keçirəcəyini söz verdiyi problemlər də öz həllini tapmır. Məlum məsələdir ki, Paşinyan seçki öncəsi Dağlıq Qarabağla əvvəllər verdiyi açıqlamalara görə satqınlıqda ittiham edilirdi. Bundan başqa, Dağlıq Qarabağ klanını korrupsiyada günahlandırırdı. Lakin bu gün Rusiya da Paşinyanın Qərbə tərəf istiqamətlənməsi üçün ”Qarabağ kartı"nı işə salıb. Paşinyan da bu kartın önəmini göstərmək üçün öz oğlunu ön cəbhəyə, yəni işğal olunan ərazilərə göndərib və bununla Dağlıq Qarabağ məsələsinin həllinə önəm verildiyini göstərməyə çalışır. Bundan başqa, hərbi çağırışçıların cəbhəyə getməkdən imtinasının qarşısını almağa cəhd edir".

Belə olan şəraitdə danışıqların sonrakı taleyinin sual altına düşdüyünü də söyləmək olar. N.Paşinyan iddia edir ki, danışıqlarda o, özü iştirak edəcək. Hətta danışıqlara maraqlı olduğunu da iddia edib. Ancaq “Dağlıq Qarabağın tərəf kimi iştirak etmədiyi danışıqların perspektivi ola bilməz” kimi sərsəm fikrin müəllifi ilə danışıq aparmağın özü də mənasızdır.

Politoloq Arzu Nağıyev bildirdi ki, münaqişənin həlli ilə bağlı görüşlərin keçirilməsi önəmli məsələdir: “Məlumdur ki, bu görüşü ən çox Rusiya istəyir. Çünki nüfuz davası üçün ən önəmli məsələ məhz regional təhlükəsizliyə təhdidin qarşısının alınması üçün atılacaq addımlardır. Azərbaycan tərəfinin mövqeyi məlumdur-ərazi bütövlüyümüz, işğal edilən torpaqların azad edilməsi və sonradan status məsələsinə qayıtmaq haqqında danışmaq olar. Son zamanlar Naxçıvan sərhədində baş verən hadisələr də birbaşa bununla əlaqəlidir və Paşinyana KTMT üzvü olduğunu başa salmağa çalışırlar. Deməli, Paşinyan bu gün əsasən Rusiyanı qane edən addımlar atmasa, bu acınacaqlı nəticə verə bilər”...

Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfərə hazırlaşır. Həmsədrlər əvvəlcə İrəvana gedəcək və yeni rəhbərliklə “tanış” olacaqlar. Ancaq onları tanımaq üçün İrəvana getməyə ehtiyac qalmır, elə Paşinyanın oğlunu Azərbaycan ərazilərinə əsgər göndərmək qərarını verib də, bunu şəxsən açıqlaması beynəlxalq hüquqa tüpürməkdir. Hansı ki, hələ illər öncə Avropa Parlamenti Ermənistan hökumətini Qarabağa əsgər göndərməməyə çağırmışdı. Lakin İrəvan nəinki bu tələbə əməl etmədi, üstəlik, yeni hökumətin başçısı oğlunu da nümunə üçün Azərbaycan torpağına xidmətə yollayır. Görünən budur ki, Ermənistanın yeni hökumətinin başçısı “Qarabağ klanı”nı vursa da, Qarabağ kartından imtina etmədi. 

Belə bir vaxtda Nikol Paşinyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə görüşməsi də acı təəssüf doğurur. Azvision.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mövcud vəziyyət müzakirə edilib. Paşinyan nizamlanma prosesində ABŞ-ın göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb. Ermənistanın baş naziri eyni zamanda ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını yüksək qiymətləndirib. ABŞ prezidenti D.Tramp bir neçə gün əvvəl Bakıya ünvanladığı məktubda Qarabağla bağlı nikbin mövqe sərgiləmişdi. Amma Paşinyanın öz oğlunu Qarabağa yollaması nikbinliyə əsas vermir. Belə olan təqdirdə Paşinyanla Amerika diplomatının görüşünün də bir mənası qalmır. Çünki Paşinyanın bu siyasətinin qarşılığında sözü silah deməlidir.

E.PAŞASOY,
“Yeni Müsavat”

Tarix: 30-05-2018, 10:31
Xəbəri paylaş





Xəbər lenti