Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana yola düşüb.
Cebhe.info xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu səfəri təhlil edib:“ O, baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara “ürək-dirək” verdi.
Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək. Fikirmcə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır. Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir”.
Politoloqun sözlərinə görə, Paşinyanın Tiflisə səfərinin başqa məqsədi də var. Belə ki, Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub: “Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasın gediş- gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub. Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavaxetiya bölgəsinə də gedəcək.
Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavaxetiyaya getməyib və ya gedə bilməyib. Görəsən, Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatimizin növbəti dalğasına yol aça bilər?”
Politoloqun qənaətincə, Tiflis odla oynayır: “Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayam mesaj göndərəcək. Paşinyanın Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından alacağını düşünür. Bu, o zaman baş verəcək ki, Paşinyanın özü bunu istəsin...”