Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına ABŞ rəsmilərinin son günlər verdiyi bəyanatlarda tez-tez diqqət yetirilir.
Öncə ABŞ prezidenti Donald Tramp “Respublika günü” münasibətilə prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir neçə aydan sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni imkanlar açılacağını vurğuladı. Siyasi ekspertlərin fikrincə, Birləşmiş Ştatlar danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd edir. Bu səbəbdən də yaxın aylarda prezident Trampın münaqişənin həllinə dair yeni təkliflər irəli sürəcəyi və ya Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü təşkil edəcəyi istsna olunmur.
Eyni zamanda, ABŞ-ın dövlət katibi Mayk Pompeo da Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubunda ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qaldığını qeyd edib. Mayk Pompeo tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırıb.
Bu arada Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisinin müavini Bricit Brink Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birgə təşəbbüslərin irəli sürülməsinin vacibliyini deyib. Ekspertlər münaqişənin həlli ilə bağlı bəyanatların artmasını ABŞ-ın bölgədə geosiyasi və geoiqtisadi fəallığının genişlənməsi ilə izah edir.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı rəsmi Vaşinqtonun bəyanatlarının son günlər tez-tez səslənməsi ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya marağının artması ilə bağlıdır: “İyun ayının 12-də Türkiyədə Eskişehirdə TANAP layihəsinin açılışı olacaq. Bu, Avropanın alternativ təbii qaz təchizatına yüksək bir töhfədir. ABŞ da, Avropa Birliyi də bu hadisəni çox yüksək qiymətləndirir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Əfqanıstana Amerika hərbi yüklərinin daşınması isə ikitərəfli münasibətlərin tərkib hissəsidir. Amma son dövrlər enerji mənbəyi və dəhlizi kimi Azərbaycanın əhəmiyyətinin artması Amerikanın diqqət mərkəzindədir. Həm də Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq Amerikanın qarşısına qoyduğu strateji hədəflərdən biridir. Amma bu məsələdə Azərbaycanın dəstəyini qazanmaq üçün Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquqa uyğun, ədalətli yanaşma nümayiş etdirilməlidir.
Bu tələbin ABŞ tərəfindən qəbul edildiyi qənaətində deyiləm. Lakin Amerkanın mövqeyi pozitivliyinə görə Rusiyadan fərqlənir. Hesab edirəm ki, münaqişənin həllində ABŞ-la əməkdaşlığı dərinləşdirilsə və Azərbaycanın mövqeyi onlara çatdırılsa, Dağlıq Qarabağ probleminin həllində Vaşinqtonun dəstəyini almaq olar. Güman edirəm ki, Amerika Azərbaycandan torpaq qoparılması və Azərbaycan torpaqlarında iki erməni dövlətinin yaradılması ideyasını qəbul etməyəcək və son nəticədə ədalətli mövqe tutacaq”.
Ancaq politoloq bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ABŞ-ın siyasi təşəbbüsü təkbaşına ələ alması real görünmür. Çünki bu məsələdə Rusiya amili var:
Rusiya amili ilə hesablaşmamaq mümkün deyil. Sadəcə olaraq, Rusiyanın ədalətli və prinsipial mövqe tutmasını tələb edə bilərik. ABŞ Minsk Qrupunun formatının dəyişdirilməsinə yardımçı ola bilər. Amerika özü konstruktiv mövqedən çıxış etsə, o zaman Fransa və Rusiyanın da yanaşmasını dəyişmək asanlaşar. ABŞ -ın mövqeyində pozitiv çalarların artması diqqətçəkicidir və müəyyən qədər də ümidvericidir”.
Qeyd edək ki, ABŞ-ın son vaxtlar Dağlıq Qarabağ probleminə münasibətdə fəallaşması Ermənistanda baş verən hakimiyyət dəyişikliyi ilə də izah edilir. Bəzi siyasi müşahidəçilərin fikrincə, ABŞ Ermənistanın yeni hökumətinin Azərbaycanla kompromisə gəlməsinin mümkünlüyünə ümid bəsləyir. Qabil Hüseynli isə bu fikirlərin müsbət nəticə verəcəyini kifayət qədər inandırıcı saymır:“Amerika bu məsələdə ciddi surətdə yanılır. Ölkə demokratikləşmə xəttini tuta bilər. Amma erməni millətçiliyindən heç zaman imtina etməz. Tarix boyu erməniləri hərəkətə gətirən, onlara güc verən də erməni millətçiliyi olub”.
Müşfiq Abdulla
Cebhe.info