"Ermənistan ikibaşlı siyasət yürütməklə təlatümlərdən yayınmağa çalışır"







Son aylar Ermənistanda baş verən proseslər – bir neçə generalın həbsi və axtarışa verilməsi, sabiq prezident Robert Koçaryanın saxlanılması, Sərkisyan və onun yaxın çevrəsinin üzləşdiyi həbs təhlükəsi, bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi və s. Azərbaycanda da diqqətlə izlənilən məsələlər sırasındadır. Odur ki, Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə bütün bu məsələlərə aydınqlı gətirməklə yanaşı, yaşanan siyasi təbəddülatların Ermənistan iqtisadiyyatına təsir imkanlarını da müzakirə etməyə çalışdıq.

- Vahid bəy, Ermənistanın sabiq prezidentinin həbsinin ardınca Serj Sərkisyanın da həbs ediləcəyi ilə bağlı proqnozlar səslənir. Sizcə Ermənistanın sabiq prezidentləri ilə bağlı baş verənlərin arxasında hansı amillər dayanır?  

- N.Paşinyan hakimiyyətə gələndən sonra, onun arxasında duran qüvvələr bu təklifləri ona veriblər. Paşinyan da bu təkliflərə uyğun olaraq hərəkət edir. Fikir verirsinizsə, Ermənistanla Rusiya arasında münasibətlər gərginləşib. Hətta Avropaya, Amerikaya meyl əhval-ruhiyyəsi müşahidə edilir. Görünən odur ki, Sərkisyan və Koçaryan Rusiya meyilli qüvvələr olduğu üçün onları neytrallaşdırmağa çalışırlar. 

- Rusiyaya bağlılğı ilə tanınan sabiq prezidentlərin hədəfə alınması Paşinyan hakimiyyəti üçün hər hansı risk təşkil edirmi?

- Bu cür addımlar şübhəsiz ki, Ermənistan üçün yaxşı heç nə ilə nəticələnməyəcək. Bu addımların bütün hallarda Ermənistan üçün ciddi başağrısına çevrilməsi ehtimalını yüksək qiymətləndirirəm.

- Vahid bəy, indiki məqamda Qarabağ probleminin həlli nə dərəcədə aktualdır?

- Dağlıq Qarabağ probleminin həlli gündəmdə olan məsələlərdən biridir. Çünki bu yöndə təzyiqlər həddindən artıq çoxdur. Ermənistan Qafqazdakı bütün layihələrdən faktiki olaraq kənarda qalıb. Enerji və nəqliyyatla bağlı beynəlxalq layihələrdə iştirak edə bilmir. Ermənistanın dolanışığını müəyyən qədər xaicdən olan maliyyə yardımları təmin edir. Erməni iqtisadiyyatı Rusiyanın əlindədir. Bu ölkədə probemlər həddindən artıq böyükdür.

- Paşinyan 17 avqust tarixində mitinq keçirəcəyini bəyan edib. Sizcə o, bu mitinqlə nəyə nail olmağa çalışır?

- Paşinyan bu mitinqlə göstərmək istəyir ki, onun arxasında xalq dayanıb. Ermənistanda çox ciddi proseslər gedir. Bu proseslər yalnız ABŞ, Rusiya və Avropa ilə əlaqədar deyil. Dünyanın bölüşdürülməsi prosesi davam edir. Ermənistan isə Paşinyanın timsalında bu gün gah Rusiyapərəst, gah da Qərbpərəst mövqe tutmaqla Ermənistanı gözləyən təlatümlərdən müəyyən qədər yayınmağa çalışır. 

- Ermənistanın hazırkı iqtisadi durumunu necə xarakterizə edərdiniz?

- Ermənistanın iqtisadi durumu çox ağırdır. Ermənistan təcrid olunmuş bir dövlətdir. Qonşu dövlətlərlə münasibətləri gərgindir. Doğrudur, müəyyən qədər İran və Gürcüstanla əlaqələri var. Amma Azərbaycan kimi iqtisadi baxımdan inkişaf edən bir dövlətlə münasibətlər sıfır səviyyəsindədir. Bu isə Ermənistanın iqtisadiyyatına mənfi mənada çox böyük təsir edir. 

- Ermənistanda son aylar yaşanan ictimai-siyasi təbəddülatlar, bu sarsıntıların yaxın gələcəkdə də davam etməsi ehtimalı bu ölkənin iqtisadiyyatına nə vəd edir? Mümkündürmü ki, siyasi qeyri-sabitlik Ermənistan iqtisadiyyatına da bu və ya digər formada öz təsirini göstərsin?
 
- Hər hansı bir dövlətdə o zaman iqtisadi inkişaf olur ki, o dövlətdə stabillik olur. Ermənistanda isə kifayət qədər böyük problemlər mövcuddur. Koçaryan və Sərkisyanla bağlı atılan addımlar isə Paşinyanın birbaşa öz hakimiyyətini möhkəmləndirməsinə, Rusiyapərəst qüvvələrin mövqeyinin zəiflətdilməsinə xidmət edir.

Seymur ƏLİYEV
Tarix: 5-08-2018, 09:04
Xəbəri paylaş





Xəbər lenti