RUSİYA BİRCƏ GENERALIYLA ERMƏNİSTANI YERİNDƏ OTURTDU –Xaçaturovun tutulub-buraxılması Paşinyana nə qazandırdı? - TƏHLİL



 

Ermənistan KTMT baş katibinin bu günlərdəki səs-küylü həbsiylə bağlı mövqeyini qəflətən dəyişib. Qalmaqalı artıq “təhqir” və “Rusiyaya sillə” adlandırıblar və bu, əbəs deyil – Ermənistan Rusiya üçün açar hərbi blokun baş məmuruna diş atıb. Ermənistan niyə dal-dalı gedib? Ermənistan rəhbərliyini kim və hansı arqumentlərlə fikrindən daşındırıb?

Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr FominErmənistanın Rusiyanın səxavətli hərbi yardım tədarükündən məhrum ola biləcəyi haqda şayiələri cümə günü  təkzib edib. Bu ərəfədə İrəvana uçub gələn Fomini Ermənistan Müdafiə və Xarici İşlər nazirliklərinin başçıları David Tonoyan və Zöhrab Mnatsakanyan artıq qəbul ediblər. O isə bura “Коммерсантъ” nəşri “Rusiya dövlət strukturlarındakı qaynaqların” Ermənistana silah tədarükünü dondurmaqla bağlı açıq hədəsini dərc edəndən sonra uçub.

Fomin əvvəllər hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətə başçılıq edib, buna görə də uyğun olaraq qonşu Azərbaycanın xoşbəxtliyindən Ermənistanın yeni rəhbərliyinə məhz hansı müasir silahları ala bilməycəyini barmaqhesabı izah edə bilərdi. Məlum olduğu kimi, Ermənistan 90-cı illərin əvvəlindən Qarabağa görə Azərbaycanla müharibə durumunda qalır. Azərbaycanın müttəfiqi rolunda qonşu Türkiyə də çıxış edir. Ermənistan liderlərinin çoxdan etiraf etdikləri kimi, Rusiyanın dəstəyi olmasa, Ermənistan bu cür iki rəqibin öhdəsindən gələ bilməz.

Söz düşmüşkən, Azərbaycan Rusiya, Belarus və İsraildən ən müasir silahların müntəzəm alqısını davam etdirir. Bakı isə hər şeyi borca alan və borcu getdikcə artan İrəvandan fərqli olaraq hər şeyin əvəzinə neft dolları ödəyir. Rusiya Ermənistana 100 milyon dollarlıq növbəti kredit xəttini ötən il açıb.

“Vzqlyad” qəzetinin bu günlərdə yazdığı kimi, davanın səbəbi Ermənistanda KTMT baş katibi, general-polkovnik Yuri Xaçaturovun keçən cümə baş vermiş həbsi olub.  Rusiya XİN başçısı Sergey Lavrov çərşənbə günü Ermənistanın yeni hökumətinin ünvanına qeyri-adi kəskin tənqidlə çıxış edib, cümə axşamı “qaynaqlar” eyham vurub ki, Rusiya tədarükü ləğv edə bilər. “Vzqlyad” qəzeti bu durumu incəliklə təhlil edib.

Deməli, budur, indi ikitərəfli münasibətlərdəki atmosfer sehrli şəkildə aydınlaşıb, dalaşmaqdan iz də qalmayıb. Ən azı, rəsmi ritorikaya inansaq. Fomin İrəvanda Ordu beynəlxalq oyunları çərçivəsində “Birlik əsgərləri” yarışlarının bağlanış mərasimində çıxış edərkən bildirib: bu günlərdə dərc edilmiş “məlumatlar mötəbər deyil”.

Müdafiə naziri David Tonoyan isə deyib ki, Fominlə görüş “superuğurlu” keçib, ola bilsin, İrəvan silah alqısı üçün Moskvadan daha bir kredit istəyəcək və Tonoyanın özü Sergey Şoyquya qonaq olmaq üçün növbəti həftə Moskvaya səfərə hazırlaşır.

Bu arada, rəsmi məlumatlara görə,  Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Fominlə görüşdə “KTMT-nin möhkəmlənməsinin önəmini qeyd edib”, vəd edib ki, Ermənistan “təşkilatda aktiv fəaliyyətini davam etdirəcək”.

Mnatsakanyan Gümridəki Rusiya hərbi bazası haqda son dərəcə təriflə danışaraq onu dövlətlərin hərbi sahədə “müsbət və mühüm əməkdaşlıq nümunələrindən biri” adlandırıb. Amma axı müdafiə naziri Tonoyan əksinə, cəmi bir-iki həftə qabaq Gümridəki bazanın statusunu yenidən nəzərdən keçirməyə çağırmışdı.

Fominin gəldiyi gün erməni xəfiyyələrinin KTMT baş katibi Xaçaturovu Moskvaya buraxdıqları faktını da fövqəladə təsadüf kimi dəyərləndirmək olar. Düzdür, onlar hələ həftənin əvvəlində bunu etməyə söz vermişdilər, amma nədənsə gərəkli kağızla bağlı süründürürdülər.  Xaçaturovun vəkili, TASS-ın sitat  gətirdiyi Miqran Poqosyanın dediyi kimi, KTMT baş katibi ən yaxın vaxtlarda Moskvada “özünün işgüzar vəzifəsinin icrasına qayıdacaq”. Bununla yanaşı, “KTMT baş katibinin növbəti istintaqının vaxtı hələlik məlum deyil”.

Demək olar ki, Rusiyanın hədələri İrəvanı bu qədər tez özünə gətirib? Erməni ekspertləri gizlətmirlər ki, Xaçaturovun azad edilməsi İrəvanınn dostluq jestiydi və ümumiyyətlə Fominin səfərinin yekunlarından məmnundurlar.

Qafqaz İnstitutunun elmi əməkdaşı Hrant Mikaelyan “Vzqlyad” qəzetilə bölüşüb: “Əslində, KTMT baş katibi Nikol Paşinyanın ədalətin bərpasına yönəlmiş siyasəti üçün hədəf deyildi. Bir nömrəli hədəf Robert Köçəryandır. Buna görə də bu məsələdə güzəştlər İrəvana çox asanlıqla əl verib və bunu gözləmək olardı”.

Politoloqun fikrincə, Fomin və Tonoyan silah tədarükü ətrafında ziddiyyəti həll etməyə nail olublarsa, onda bu, Ermənistan üçün çox önəmlidir və Rusiya generalının səfərini uğurlu saymaq olar. Amma indi Tonoyanın Şoyquya cavab səfərini gözlməyinə dəyər.

Mikaelyanın sözlərinə görə, indi İrəvanda başqa xüsusda narahatdırlar – KTMT üzrə qalan müttəfiqlər baş katib postunda Ermənistanın bir təmsilçisini başqasıyla əvəzləməyə imkan verərlərmi?

Politoloq deyib: “Artıq yeni namizəd var – Vaqarşak Arutyunyan”. Onun məlumatına görə, bu məsələ Tonoyanın Moskva səfərinin gündəliyində duracaq. Amma Rusiya ekspertləri hesab edirlər ki, İrəvandan Moskvaya doğru daha qəyiyyətli addımlar tələb edərək sevinmək hələlik tezdir.

“Biz kimin – Moskvanınmı, ya İrəvanın güzəştə getdiyini bilmirik. Özlüyündə, Rusiya böyük şəkildə təhqir olunub – KTMT baş katibi həbs olunub! – Siyasi araşdırmalar mərkəzinin direktoru Sergey Markov “Vzqlyad” qəzetinə müsahibədə ucadan deyib. – Bəli, o, girov əvəzində buraxılıb, amma bu, Moskvaya şappıltılı silləydi. Biz İrəvanın ancaq bəyanatlarını eşidirik, əməldə isə heç bir gerçək güzəştlər görmürük. Moskvanın bu şappıltılı sillədən nəhəng imic ziyanını kim müvazinətləşdirəcək?”

Onun sözlərinə görə, hələlik hər şey belə görünür ki, Moskva bu təhqiri udub. Lakin o, güman edir ki, əslində, Rusiya fasilə də götürə bilərdi – həmin kreditləri “çox uzun müddətə ayırmaq olar”.

Markov hesab edir ki, İrəvanın barış jesti Xaçaturovdan ittihamın tam götürülməsi, habelə Gümridəki hərbi bazamızın statusunun təsdiqi olmalıdır.

Markov hesab edir: “Nikol Paşinyan öz hərəkətlərilə yeni hökumətin fəaliyyətinə inamı sarsıdanların ağzının üstündən möhkəm vurmalıdır. Xaçaturovun həbsinə sanksiya verən adamı işdən çıxartmaq, qapazlamaq gərəkdir”.

O, həm də xatırladıb ki, Rusiyada bir çox siyasətçilər Ermənistan hökumətinin Amerika xüsusi xidmətlərilə qarşılqılı fəaliyyətindən şübhələnirlər. Markov yekun vurub: “Ermənistanın güc qurumlarının Rusiya xüsusi xidmətləri üçün şəffaflığını təmin etmək lazımdır. Əmin olmaq gərəkdir ki, Xaçaturovun həbsi haqda qərarı heç də Amerika kəşfiyyatının zabiti deyil, Ermənistanın gic poqonlusu qəbul edib”.

Hələlik Smolensk meydanında da qəzəbi rəğbətlə əvəzləməyiblər. Lavrov Şoyqudan fərqli olaraq ermənistanlı həmkarını qəbul etməyə hazırlaşmır. XİN təmsilçisi Mariya Zaxarova quru məlumat verib: “Rusiya nazirinin qrafikində bu cür görüş yoxdur”.(Oleq Moskvin
Vzqlyad)

Tərcümə Strateq.az-ındır.  

Tarix: 6-08-2018, 10:34
Xəbəri paylaş





Xəbər lenti