“Vurulan” İran, “ölən” Ermənistan iqtisadiyyatı?!

                     ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar son günlər bütün dünyada ən çox müzakirə edilən məsələlərdən biridir. Neft sektoru da daxil olmaqla demək olar ki, İran iqtisadiyyatının bütün sahələrini əhatə edəcək bu sanksiyaların adıçəkilən dövlətin sosial-iqtisadi həyatında mənfi mənada ciddi iz qoyacağı, yeni və əvvəlkindən daha kəskin iqtisadi problemlər doğuracağı şübhəsizdir. Bu sanksiyalardan təlaşa düşən rəsmi Tehranın Avropadan mümkün qədər müasir texnoloji qurğular, nəqliyyat vasitələri, eləcə də avro almaq cəhdi Tramp hakimiyyətinin bu sanksiyalarından İran hökumətinin kifayət qədər narahat olduğunu göstərir. Ümumiyyətlə, əksər beynəlxalq ekspertlər bu sanksiyaların İrana kifayət qədər böyük itki və məhrumiyyətlər hesabına başa gələcəyi qənaətindədir. Bu baxımdan İrana qarşı tətbiq edilən sanksiyaların bu ölkə ilə yanaşı, ona qonşu olan dövlətlərə, eləcə də Azərbaycana da müəyyən qədər təsir göstərməsi mümkündür.  Lakin bir ölkə var ki, İrana yönəlik sanksiyaların bu ölkənin iqtisadi həyatında sözün həqiqi mənasında matəm əhval-ruhiyyəsi yaradacağı şübhəsizdir. İran iqtisadiyyatından əsaslı dərəcədə asılı olan, uzun illərdir ki, İrana açılan “nəfəslik” hesabına dolanan bu ölkə isə Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistandır. 

Heç kimə sirr deyil ki, Qarabağda həyata keçirdiyi işğal siyasəti ilə əlaqədar olaraq Azərbaycan və Türkiyə ilə normal münasibətdən məhrum edilən, regiondakı bütün beynəlxalq layihələrdən kənarda qalan Ermənistanı ayaqda tutan iki mühüm ölkə var ki, bunlardan biri Rusiya, digəri isə İrandır. Rusiya uzun illər verdiyi kreditlər hesabına Ermənistan iqtisadiyyatını əhəmiyyətli dərəcədə özündən asılı vəziyyətə salsa da, bu ölkənin Ermənistanla bilavasitə sərhəddə malik olmadığı bir həqiqətdir. Məhz bu mənada İran faktoru Ermənistan üçün Rusiyadan heç də az əhəmiyyətli deyil. Ermənistanın ərzaq və enerji təchizatı ilə təmin edilməsində İranın nə dərəcəd rol oynadığını anlamaq üçün Qarabağ müharibəsindən üzübəri iki ölkə arasında imzalanan müqavilələrə nəzər salmaq kifayətdir. Bu isə o deməkdir ki, ABŞ-ın İran iqtisadiyyatını hədəf alan sanksiyaları dolayısı ilə həm də Ermənistan iqtisadiyyatında özünü ciddi şəkildə hiss etdirəcək, düşmən ölkədəki sosial rifah şəraitinin daha da pisləşməsin səbəb olacaq. İranla bağlı sanksiyalar uzanarsa, bu, Ermənistan iqtisadiyyatına da öldürücü təsirini artıracaq ki, nəticədə baş verənlər Ermənistandan digər ölkələrə istiqamətlənən köç karvanlarının uzanmasına, rəsmi İrəvana qarşı narazılığın artasına səbəb olacaq. 
Bir sözlə, əslində ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları, dolayısı ilə Ermənistana qarşı tətbiq edilən sanksiya kimi də dəyərləndirmək mümkündür. Ermənistan iqtisadiyyatnın İran iqtisadiyyatından qat-qat zəif olduğunu nəzərə alsaq, düşmən ölkənin bu sanksiyalardan daha çox təsirlənəcəyini ehtimal etmək olar. Görünən odur ki, vurlan İran olsa da, ölən Ermənistan olacaq.


Tarix: 9-08-2018, 08:33
Xəbəri paylaş





Xəbər lenti