Türkiyəni hara və niyə qovurlar?..


Bir yəhudi şairinin maraqlı misraları var. Deyir ki, yalnız Yerlə Göy arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin də xiffətini çəkməyin nə olduğunu bilərlər.

Əksəriyyəti demirəm, hər halda, azərbaycanlıların da çoxunda ikili vətən hissi var: biri Azərbaycandırsa, digəri Türkiyədir...

Bu səbəbdən Türkiyə ətrafında baş verən proseslər yalnız bir region dövlətinin və yaxud müsəlman ölkəsinin çevrəsindəki problemlər kimi maraq kəsb etmir, həm də ikinci vətəndə və Azərbaycan üçün müstəsna əhəmiyyətli dövlətdəki proseslər kimi də diqqəti cəlb edir.

Türkiyə ilə bağlı düşünüləsi və yaxud da çözüləsi məqamlar olduqca çoxdur. Amma bizim diqqətimizi cəlb edən daha çox ABŞ-la yaşanan soyuqluq və prezident R.T.Ərdoğanın həmvətənlərinə ünvanladığı müraciət - “Bizə qarşı iqtisadi müharibə elan ediblər, amma biz bundan da qalib çıxacağıq!” sözləri oldu.

Nə baş verir? Niyə ABŞ-la münasibətlərdə bu qədər soyuqluq yaranıbdır? Nədən prezident Ərdoğan “Bizə qarşı iqtisadi müharibə elan ediblər!” deyir?

Əslində detallar hamıya yetərincə bəllidi, amma hamının bunları çözmək və yaxud da onlara münasibət bildirmək imkanı yoxdur və bu missiya da istər-istəməz siyasi təhlilçilərin boynuna düşür.

İlk olaraq anlaşılan budur ki, ölkələr arasında soyuqluğa rəvac verən Fətulla Gülənin Türkiyəyə təhvil verilməməsi, eləcə də Türkiyənin amerikalı rahibi azad etməməsi, Ankara ilə Rusiya arasında getdikcə sıxlaşan münasibətlər və Türkiyənin bu ölkədən S-400 komplekslərini almaqda israrlı olmasıdır.

Əlbəttə, bu detalların hamısı diqqətəlayiqdir. Amma bizə elə gəlir ki, problemin kökü daha dərindir. Üstəlik, o təkcə prezident Trampla bağlı da məsələ deyil, çünki keçmiş prezident B.Obamanın da R.T. Ərdoğanla bağlı dediyi “O, yaxşı müsəlman idi” sözləri hələ də yadımızdadır.

Sözsüz, bunun bir səbəbi budur ki, Ərdoğana qədər ABŞ-ın Türkiyənin işlərinə müdaxilə etmək üçün daha çox imkanları var idi - Ankara əvvəllər Vaşinqtonu daha çox eşidirdi. İndi isə hansı məsələni götürsən, arada ciddi fikir ayrılıqları var: özü də tək Yaxın Şərqdəki proseslərlə və ya Rusiya, İranla mövcud olan münasibətlərlə bağlı deyil bu, hiss olunur ki, Vaşinqtonun Ankaranı zəiflətmək istəyi var.

Amma əvvəlcə bir məqamı qeyd edək: dünyanın öz reallıqları var və böyük siyasət adamları bunları nəzərə almağa, siyasətlərinə daha axımlı forma verməyə məhkumdurlar. 

O ki qaldı bir az əvvəldə dediyimiz məsələyə, bunun kökü ABŞ-ın Yaxın Şərqin siyasi və geosiyasi arxitekturasını tamamilə dəyişmək, Türkiyəyə indiyə qədərki rolundan fərqli rol ayırmaq istəyinə gedib çıxır.

Özü də məsələ təkcə regionda kürd dövləti yaratmaq planları ilə də bağlı deyil, hərçənd ki, bu məsələ də keçmiş müttəfiqlər arasında xeyli ixtilaf yaradan detaldır.

Di gəl, bizə elə gəlir ki, hətta kürd dövləti belə ABŞ-ın Yaxın Şərqlə bağlı ssenarilərinin ən əsas və vacib komponenti deyil. Əsas odur ki, ABŞ Yaxın Şərq regionunda İsraili əsas dövlətə çevirməyə çalışır və bu siyasət D.Trampın hakimiyyətə gəlişilə daha qabarıq və leqal forma alıb. D.Tramp səfirliyin Yerusəlimə köçürülməsilə bağlı qərar verəndə aydın oldu ki, Vaşinqton öz siyasətini artıq pərdələmək istəmir, hərçənd, buna qədər də artıq İsrailə ABŞ-ın “əllinci ştatı” deyirdilər.

Düşünəndə görürsən ki, ABŞ-ın Yaxın Şərqdəki çabalarının mayasında bu plan dayanır və çoxdandır maneələr bir-bir aradan götürülür. İraq, Suriya və Liviya ABŞ üçün təkcə həmin ölkələrdəki rejimlər sarıdan problem deyildi, hərçənd ki, biz də etiraf edirik ki, sadalanan ölkələrin hər birində diktaturalar hökm sürürdü. Amma Səddamı və ya Qəzzafini devirməklə, Suriyanı aşkar cəhənnəmə çevirməklə bu ölkələrdə demokratiya bərqərar oldumu?

Olmadı və əslində məqsəd heç də bu deyildi. Hədəf ABŞ-ın regiondakı planları qarşısındakı maneələri götürmək idi.

Baxın, iki-üç ay öncə, “Astana üçlüyü” Suriya problemini çözməyə yaxınlaşan zaman ABŞ növbəti oyununu oynadı, B.Əsədə qarşı kimyəvi silahdan istifadə etmək ittihamı irəli sürərək Suriyaya qarşı raket hücumuna başladı. “Astana üçlüyü” ölkələri də könülsüz olsa da “Buyur, problemi sən həll et!” dedilər. Amma nə oldu? Böyük hesabla heç nə - təkcə o baş verdi ki, Türkiyənin, Rusiyanın və İranın səyləri də demək olar ki, donduruldu. Bir daha aydın oldu ki, Vaşinqtona Suriya probleminin həll olunmaması daha çox sərf edir.

İnanın, biz Suriya rejiminin və yaxud da ki, B.Əsədin təəssübünü çəkmirik - əlbəttə ki, bu, anti-demokratik rejimdir. Amma belə hal Dəməşq ətrafında oynanılan ssenarilərə bəraət qazandırırmı? Sözsüz ki, qazandırmır, ən azı ona görə ki, bütün bu siyasətin fonundan qeyri bir ssenarinin konturları sezilir. Bu ssenari isə bir daha deyirik ki, bölgənin siyasi arxitekturasını dəyişməkdən və İsraili bölgə içrə ən aparıcı dövlətə çevirmək istəyindən ibarətdir...

Hüseynbala Səlimov
Tarix: 9-08-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti