ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir


Sabiq maliyyə naziri: “Sanksiyalar işğalçı ölkənin şirkətlərini də vuracaq...”

“ABŞ-ın Rusiya və İranla getdikcə daha da gərginləşən münasibətləri bu iki ölkəyə yaxın dost və qardaş münasibətdə olan Ermənistandan da yan keçməyəcək”. Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu fikirləri ABŞ-ın İran və Rusiyaya sanksiyalarının işğalçı Ermənistana gözlənilən təsirləri barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi. 

Qeyd edək ki, sanksiyaların Ermənistanı vuracağını erməni ekspertlər özləri də etiraf edir. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq. Yerli mətbuatın yazdığına görə, bunu İran məsələləri üzrə erməni eksperti Karen Veranyan deyib. Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan “Mehri” azad iqtisadi zonasının fəaliyyətini iflic edəcək.

“ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan ”Mehri" azad iqtisadi zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər", - deyə Veranyan bildirib.

F.Yusifov da qəzetimizə açıqlamasında dedi ki, Azərbaycan torpaqlarını uzun illərdir işğal altında saxlayan bu mənfur qonşumuzun iqtisadi həyatı üçün iki “nəfəslik” varsa, ondan birincisi Rusiya, ikincisi isə İrandır: “Azərbaycan və Türkiyə tərəfindən tam təcrid vəziyyətinə gətirilmiş Ermənistan torpaqlarımızı işğal altında saxladığı illərdə Rusiya və İranın birbaşa iqtisadi və maliyyə dəstəyi hesabına ayaqda qala bilib. Bu illər ərzində İranla Ermənistan arasındakı əlaqələr o qədər dərinləşib ki, İran artıq Ermənistana silah satmaq qədər uzaqlara gedib çıxa bilib. 40 milyondan artıq soydaşımızın yaşadığı İranın torpaqlarımızı işğal edən mənfur qonşularımızı silahlandırması bizi məyus edir. ABŞ-n tətbiq edəcəyi sanksiyalar, şübhəsiz, İranın silah satışını da əngəlləyəcək”.

F.Yusifov digər məqamlara da toxundu: “İctimai-siyasi vəziyyətin olduqca gərginləşdiyi son illər ərzində Ermənistanın bir çox kompaniyaları İran kompaniyaları ilə işbirliyi yaradıb. Sanksiyalar İran kompaniyaları ilə əməkdaşlıq edən digər ölkə kompaniyaları kimi, Ermənistan kompaniyalarını da vuracaq. Ancaq bir həqiqət var ki, tarix boyu ermənilər üçün müqəddəs heç nə olmayıb. Erməni siyasətçilərinin verdiyi son bəyanatlarda yaranmış vəziyyətlə bağlı yerli kompaniyalara İran kompaniyalarından mümkün qədər tez bir vaxtda üz çevirmək tövsiyə olunur. Əks halda, nəticələrin ağır olacağı bildirilir. Bütün hallarda Ermənistan İranla iqtisadi əlaqələrin və ilk növbədə ticarət əlaqələrinin kəskin zəifləməsindən ciddi itkilərə məruz qalacaq”.

İqtisadçı alimin fikrincə, Rusiya artıq illərdir Ermənistan kimi bir yükü öz çiynində gəzdirməkdən bezib: “Bunu Rusiyanın siyasi dairələri dəfələrlə etiraf ediblər. ABŞ-ın dərinləşməkdə olan sanksiyaları Rusiya iqtisadiyyatına da ciddi zərbələr vurur. Bu durumda öz ”çulunu sudan çıxarmaqda" çaba göstərən Rusiya üçün Ermənistanla bağlı əlavə xərclər böyük bir yükdür və heç şübhəsiz, Rusiya bu yükü əhəmiyyətli dərəcədə azaltmaq yolunu tutacaq. Rusiyanın Ermənistanla bağlı xərcləri birbaşa maliyyə yardımları da daxil olmaqla, Ermənistana Rusiyadan satılan mallara və məhsullara tətbiq edilən güzəştləri də özündə birləşdirir. Şübhə etmirəm ki, bu gün çətin iqtisadi və maliyyə durumunda olan Rusiya Ermənistana satdığı malların və məhsulların qiymətlərinə yenidən baxacaqdır. Bu isə Ermənistanda onsuz da gərgin olan sosial durumu daha da dərinləşdirəcək".

Qeyd edək ki, Ermənistan mətbuatı tez-tez İrandan Ermənistana dəmir yolunun çəkiləcəyinə toxunaraq, guya əməkdaşlığın yüksək səviyyədə olmasını diqqətə çəkməyə çalışırdı. Keçmiş prezident Serj Sərkisyan hələ illər öncə bəyan etmişdi ki, dəmir yolu 2008-ci ildə tikiləcək. Lakin ötən illərdə bu istiqamətdə heç bir iş görülməyib. Vaxtilə Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirmişdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Bu günlərdə yenidən dəmir yolunun çəkilişi gündəmə gəlib. Ancaq inandırıcı deyil ki, sanksiyalara məruz qalan iki böyük dövlət Ermənistan üçün əlavə xərc çəkmək istəsin.

Yeri gəlmişkən, Ermənistanın İranla ticarət əlaqələrində qida məhsullarının idxalı mühüm yer tutur. Ancaq ABŞ sanksiyalarına qida məhsulları da aiddir. Belə olan halda işğalçı ölkəni növbəti fəlakətlərin gözlədiyini təxmin etmək olar.

Cavid TURAN

Tarix: 10-08-2018, 10:19
Xəbəri paylaş





Xəbər lenti