Qarabağ üçün diplomatik həmlə zamanı – vasitəçilər hərəkətə keçəcəkmi?


Həmsədrlərin nizamlama prosesini öz axarına buraxması müharibə riskini günbəgün artırır - kritik dönəm; ekspert: “Qarabağ müharibə üçün əsas poliqon rolu oynayacaq...”

Münaqişə zonasında hərbi əməliyyatlar üçün əlverişli sayılan yaz-yay mövsümü davam edir. Lakin bir çox hərbi ekspertlərə görə, mövsüm amili Qarabağ məsələsi üçün həlledici olmaya da bilər. Yəni nəticəsiz sülh danışıqları indiki kimi uzanmaqda davam edərsə, istənilən an atəşkəs geniş miqyasda pozula bilər. Necə ki, 2016-cı ilin aprelində belə bir insident yaşandı və Azərbaycan ordusu qısa zamanda müəyyən əraziləri azad edərək irəlilədi.

Həmin insident ilk növbədə işğalçı Ermənistana və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bəlkə də sonuncu mesaj idi ki, Dağlıq Qarabağ ixtilafının həllində, nəhayət, dönüş zamanı çatıb, Azərbaycan ərazilərinin heç olmasa, bir qismi qeyd-şərtsiz azad edilməlidir.

Təəssüf ki, həmin mesaj lazımınca dəyərləndirilmədi. Konfliktin həllini sürətləndirmək üçün vasitəçilərin, xüsusən də Rusiyanın diplomatik həmləsinin şahidi olmadıq. Ermənistan isə bundan istifadə edib status-kvonu uzatdı və uzatmaqda davam edir. Demək ki, havadan barıt qoxusu bundan sonra da əskik olmayacaq.            

*****    

“Cənubi Qafqazda vəziyyət çox mürəkkəbdir və yaxın gələcəkdə Qarabağda silahlı qarşıdurma baş verə bilər”. Bu iddia ilə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer çıxış edib (teleqraf.com). Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Gürcüstana təsir edəcəyi qaçılmazdır. “Çünki Gürcüstan Rusiyanın quru yolla Ermənistana ünsiyyət qura biləcəyi yeganə ölkədir”.

Hərbi ekspert Rusiyanın Ermənistanla münasibətlərinin gərgin olduğuna da diqqət çəkib: “Moskva və İrəvan arasındakı münasibətlər gərgindir. Buna görə də baş nazir Dmitri Medvedyev açıq formada dedi ki, NATO-nun Gürcüstan və Ermənistana doğru irəliləməsi müharibəyə səbəb ola bilər. Hesab edirəm ki, o, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutub. Şübhəsiz ki, bu vəziyyətdə Qarabağ müharibə üçün əsas poliqon rolunu oynayacaq”.

Rusiyalı hərbi ekspertin müharibə xəbərdarlığı əslində yeni deyil. Digər rusiyalı analitik Qriqori Trofimçuk da iki gün öncə erməni nəşrinə müsahibəsində Qarabağda müharibənin “buzunun əriməyə” başladığı haqda xəbərdarlıq edib. Onun fikrincə, artıq hərbi cəhətcə xeyli güclənmiş Azərbaycanın cəmiyyəti də 2016-cı ilin 4 günlük əməliyyatlarından sonra müharibə istəyir.

*****

Əslində müharibə Azərbaycan xalqının hədəfi deyil. Çünki biz nə bu tərəfdən, nə də düşmən tərəfdən canlı itkilərin olmasını, gənc hərbçilərin həlak olmasını istəmirik. Hədəf torpaqlarımızın azad edilməsi və 25 illik işğal rejiminə son qoyulmasıdır. Bu isə sülh yolu ilə, danışıqlarla da mümkündür. Əfsus ki, Dağlıq Qarabağ mövzusunda absurd, sərsəm bəyanatlar və tələblər səsləndirən Ermənistanın yeni, “qərbyönlü” hakimiyyəti də ədalətli sülh anlaşmasından qaçır, sülhə hazır deyil. Bütövlükdə erməni cəmiyyəti hələ də Qarabağla bağlı özündən razı şəkildə yanlış eyforiya içindədir. Bu isə sövq-təbii, böyük sülhün yeganə alternativini - müharibəni yaxınlaşdırır, onu qaçılmaz edir.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

“Mən inanmıram ki, Ermənistanda hansısa ciddi mövqeyə malik insanlar işğal altındakı torpaqların azad olunması ilə bağlı çağırış etsin. Onların mövqeyi bundan ibarətdir ki, biz bu torpaqları qaytarmırıq, çünki ”vətənimizin bir parçasıdır". Yəni onların mövqeyi sərtləşib". Bunu “Yeni Müsavat”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Keçmiş diplomata görə, artıq erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, bu torpaqları saxlamaqla müharibə yolunu seçiblər. “Yəni ermənilər başa düşürlər ki, Azərbaycan heç bir halda müharibəsiz bu əraziləri ermənilərə verən deyil və müharibə yolu ilə torpaqlarını qaytara bilər. Qabaqlar elə düşünürdülər ki, danışıqların hansısa mərhələsində Azərbaycan ərazilərin bir qisminin qaytarılmasına razı ola bilər. Əvəzində isə Dağlıq Qarabağa ”müstəqillik" statusunun verilməsinə razılaşar. Amma indi onlar başa düşürlər ki, müharibə təhlükəsi çox ciddidir", - deyə o, əlavə edib.

*****

Göründüyü kimi, müharibə riski çox yüksəkdir və günbəgün artır. Bu isə ilk növbədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təcili şəkildə hərəkətə keçməsini diktə edir. Aydın məsələdir ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında ara-sıra görüşlər təşkil eləməklə müharibə təhlükəsini azaltmaq mümkün olmayacaq. Müharibə təhlükəsi yalnız Azərbaycan torpaqlarının heç olmasa, ilk mərhələdə bir qisminin azad edildiyi halda mümkün ola bilər.

Bundan ötrü isə real, ciddi sülh danışıqları lazımdır. İşğalçı Ermənistan öz xoşu ilə buna getmək niyyətində deyil. Xüsusən də Ermənistanda hakimiyyətə yeni qüvvələrin gəlişindən sonra İrəvanın erkən seçki bəhanəsi ilə vaxtı daha da uzatmağa çalışdığı ortadadır. Demək, işğalçı ölkəni yalnız xarici təzyiq hesabına sülh masasına oturtmaq olar. Bunu da ya həmsədr dövlətlər, xüsusən də Rusiya etməlidir, ya da Azərbaycan ordusu.

*****

Bu arada Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta” dünənki redaksiya məqaləsində Ermənistana güzəştli kreditlə silah satışı və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərinə həsr olunmuş yazı dərc edilib (virtualaz.org). Məqalədə silahların Ermənistana daha kreditlə yox, nağd pula təklif edilə biləcəyinə eyham vurulur.

karabakh osce ile ilgili görsel sonucu

“Kreditlə silah təchizatı adi məsələdir. Hərbi-texniki əməkdaşlığa cəlb edilmiş ölkələrin praktiki olaraq hamısı bu üsuldan istifadə edir. Səbəblər isə müxtəlif ola bilər, amma hamısı siyasidir: məhz bu yolla silah istehsal edən ölkə onu satmaq üçün dövlət ixrac krediti ayırırsa, demək, krediti alan ölkə müttəfiq də olmasa da, ən azından çox yaxın partnyor, dost kimi nəzərdən keçirilir. Ermənistan da uzun illərdir Rusiya üçün məhz belə idi. İrəvan Moskvadan siyasi dəstək də alırdı, hərbi dəstək də. Kremlin Dağlıq Qarabağa dair mövqeyi də kifayət qədər aydın idi. Məhz buna görə də 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda heç kim təəcüblənmədi. Ötən ay həmin kredit müqaviləsi çərçivəsində Ermənistana silah təchizatı yekunlaşıb” - qəzet yazır.

Lakin nəşr qeyd edir ki, Ermənistanın indiki rəhbərliyi kredit hesabına müasir silahları Rusiyadan aldığı halda son vaxtlar Qərblə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu kontekstdə Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfər etməsi, Avropa İttifaqı ilə danışıqları xatırladılır. “Üstəlik, KİV-lər xəbər verir ki, erməni tərəfi Cənubi Qafqazda vahid qaz nəqli sisteminə qoşula və Ermənistanın NATO-nun, ABŞ-ın strateji tərəfdaşı kimi nəzərdən keçirildiyi ”yol xəritəsi"ni qəbul edə bilər" - məqalədə deyilir.

“Nezavisimaya qazeta” Ermənistanın indiki rəhbərliyinin günahları sırasında KTMT-nin baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsi, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını (sonradan bu qərar dəyişdi, Xaçaturov Moskvaya qayıtdı) xatırladır. “Axı belə hərəkətlər KTMT-yə elə zərbə vurur ki, onu blokun üzvlərinə qarşı birbaşa təcavüzlə müqayisə etmək olar. Hələ bu yandan Ermənistan müdafiə naziri David Tonoyan jurnalistlərin qarşısında Rusiyadan alınan silahları tərifləyir, onların modernizə edildiyini və müasir silahlar olduğunu deyir. Və dərhal da əlavə edir ki, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik müqaviləsinə yenidən baxıla, bəzi bəndlər oradan çıxarıla bilər. Bəlkə daha sadə davranmaq - müasir silahları kreditlə yox, hansı ki, tarixi təcrübəyə əsasən bu cür kreditlər axırda geri qayıtmır, nağd pula satmaq lazımdır? O zaman hər şey ədalətli olardı, qarşılıqlı inciklik yaranmazdı” - məqalədə vurğulanır.

Xatırladaq ki, bundan əvvəl “Kommersant” Rusiyanın Ermənistana güzəştli silah kreditinin ikinci tranşını - 100 milyon dolları ayırmaqdan imtina edə biləcəyini yazmışdı.

Siyasət şöbəsi

Tarix: 11-08-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti