Erməni ekspert Ermənistanın geosiyasi məğlubiyyətini etiraf etdi


Mübariz Əhmədoğlu: “Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması Ermənistanda çox böyük narahatlıq yaradıb”

Energetik təhlükəsizlik üzrə erməni ekspert, beynəlxalq politoloq Vahe Davtyan bildirib ki, Ermənistan uzaqda yerləşsə də, Xəzər dənizinin statusu haqqında Konvensiyanın maraqlarına toxunmayacağı qədər uzaq deyil. Bu barədə məlumatı virtualaz.org saytı yayıb. Saytın məlumatına görə erməni ekspert söyləyib ki, bu Konvensiya Ermənistanın maraqlarına birbaşa toxunmasa da, öz mənfi təsirini göstərir:

“Geosiyasi baxımdan, mənə belə gəlir ki, Konvensiyanın imzalanmasının nəticəsində Ermənistan qismən də olsa regionda özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir”, - Davtyan izah edib.

Bundan əlavə, energetik təhlükəsizlik üzrə ekspert vurğulayıb ki, Xəzər üzrə Konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, ələlxüsus iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da Yerevanın maraqlarına toxunur.

Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

Musavat.com-a  danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Vahe Davtyan gerçəkdən də çox güclü analitik qabiliyyətinə malikdir və səsləndirdiyi fikirlər də həqiqətə söykənir:

“Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması Ermənistanda çox böyük narahatlıq yaradıb. Ən ciddi narahatçılığı Armen Aşotyan ortaya qoydu. Aşotyan deputatdır və Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədridir. Bundan başqa Armen Aşotyan Ermənistanın keçmiş təhsil naziridir. O, maraqlı bir bənzətmə işlətdi. Söylədi ki, biz burada əqrəblə bir bankada oturan zaman Azərbaycan artıq bizim müttəfiqlərimizi ələ alıb, öz arzularını reallaşdırır. Yəni o, Xəzərin hüquqi statusu ilə bağlı məsələyə bu cür qiymət verdi. Davtyan isə daha detallı şəkildə təhlillər aparıb. Doğrudan da Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasında ən böyük məsələ bu oldu ki,  Xəzər Azərbaycan üçün problem mənbəyi olaraq sıradan çıxdı. Azərbaycanın ərazinin üstünə deyərdim ki, ərazi gəldi. Çünki statusla bağlı konvensiya imzalanmadan öncə biz bilmirdik ki, ərazimiz nə qədərdir. Türkmənistan prezidenti Ermənistandan səfərdən qayıdandan sonra da erməni ekspertləri xeyli açıqlamalar verdilər. Bildirdilər ki, Xəzərdə Azərbaycanla Türkmənistan və İran arasında problem var. Hesab edirdilər ki, bütün bunlar Azərbaycanın inkişafı üçün imkan yaratmayacaq. Hətta bəzi ekspertlər bildirirdilər ki, Azərbaycan üçün Xəzərdə olan problem, Dağlıq Qarabağ problemindən qat-qat təhlükəlidir. İkincisi, hazırda erməniləri narahat edən məqam odur ki, əgər Xəzərdə gəmiçilik, nəqliyyat inkişaf edəcəksə, deməli bu, İranla Azərbaycan arasında nəqliyyat kommunikasiya əlaqələrini gücləndirəcək. Beləliklə də İran üçün Ermənistan lazım olmayacaq”.

Ekspert bildirib ki, Ermənistan tərəfi aşkar şəkildə anlayır ki, “Transxəzər” qaz kəmərinin çəkilməsi məsələsi əvvəl İran və Rusiyadan asılı idisə, indi durum fərqlidir:

“Əgər əvvəllər 5 dövlətin razılığı əsas idisə, indi Azərbaycan bunu sadəcə olaraq Türkmənistanla razılaşacaq. Digər üç dövlətə isə sadəcə olaraq məlumat verəcəklər.  Məlumat mübadiləsindən başqa əlavə bir prosedur nəzərdə tutulmayıb. Hətta başqa dövlətlərin Azərbaycan və Türkmənistana qarşı ekoloji təzyiq etmək imkanı yoxdur. Çünki konvensiyada ekoloji qaydalar çox üstün götürülüb. Türkmənistanın qazı Azərbaycan vasitəsilə Avropaya çıxarsa bu, həm Azərbaycanın enerji sabitliyini möhkəmləndirəcək, həm də ölkəmiz üçün əlavə ucuz qaz baxımından sərfəlidir. Eləcə də biz tranzit haqqı da alacağıq. Yəni bu layihə Azərbaycan üçün çox önəmlidir. Bütün bunlar isə erməniləri qorxudur. Ermənistanda belə düşünürlər ki, Xəzərin bölünməsində əsas elə Azərbaycanın sözü keçdi. Sovet dönəmində də Xəzərdə bütün yataqları Azərbaycan neftçiləri kəşf ediblər. Lakin kimsəyə sirr deyil ki, həm də Xəzərin Qərbə açılmasının pioneri Azərbaycandır. Məhz Azərbaycanın bacarığı sayəsində bu, baş verdi və digər dövlətlər buna nail ola bilmədilər. Əksinə, bizim dedilərimizlə hərəkət etdilər. Diqqət edin ki, Rusiya TAP layihəsini də tərifləyir. Əgər sabah Qərb imkan versə, Putin TAP vasitəsilə qazını Avropaya ötürəcək. Eyni zamanda İranla Azərbaycan arasında Xəzərdəki müqayisəli hesab olunan yataqları birgə istifadə etmək barəsində müqavilə də imzalanıb. Lazım olsa İranla Azərbaycanın birgə işlədiyi yataqların da neft-qazı Azərbaycanın ərazisi ilə Qərbə çıxarılacaq”.

Əli Rais

Tarix: 15-08-2018, 22:23
Xəbəri paylaş





Xəbər lenti