“Amnesty International”ın İran hesabatına Bakıdan reaksiya


Sabir Rüstəmxanlı: “İrandakı azərbaycanlıların vəziyyəti heç bir hesabata sığmaz”

“Amnesty International” son vaxtlar İran Azərbaycanında Babək Qalası və Savalan Dağı yürüşləri zamanı baş verən həbslər haqqında türk, fars və ingilis dillərində ətraflı hesabat yayıb.

Qurumun hesabatına görə, keçən həftələr Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində təşkil olunan Babək Qalası və Savalan Dağı yürüşləri ilə əlaqədar təqribən 120 türk fəal saxlanılıb.

7 səhifəlik sənəddə yazılanlara görə, “Amnesty International”ın əməkdaşları bu hesabatı hazırlamaq üçün 10-dan artıq şəxslə müsahibə keçirib və bir çox məhkəmə hökmünü nəzərdən keçirib. Qurum həmçinin İran Azərbaycanında baş verən insan haqları pozuntuları ilə əlaqədar fəaliyyət göstərən (AHRAZ) cəmiyyətindən məlumatlar alıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, doğrudan da İranda azərbaycanlıların vəziyyəti çox ağırdır: “İranda 35 milyondan çox olan azərbaycanlıların vəziyyəti, insan haqları ilə məşğul olan beynəlxalq qurumların heç bir hesabatına sığmayacaq dərəcədə ağırdır. Bunu 5-10 səhifə yazı ilə ifadə etmək də çətindir. Biz bu məsələni Amerika, Avropa parlamentlərində, təşkilatlarında, eyni zamanda müxtəlif qurumlarda dəfələrlə dilə gətirmişik. Kimlərinsə həbsi, hansısa haqqın pozulması  ümumi millətin vəziyyəti ilə müqayisədə əslində xırda məsələdir. Bütövlükdə 35 milyonluq bir xalq əsarət altındadır. Bir millətin ki, varlığı, adı danıla, dilində danışmaq, uşağına öz dilində ad vermək yasaqlana, tarixi təhrif oluna daha nə demək olar? Orada 5-10 nəfərin həbsi bütün bunlarla müqayisədə o qədər də təəccüblü görünmür.

Sabir RüstÉmxanlı ile ilgili görsel sonucu

İran 90 ildən artıqdır ki, bu siyasətini davam etdirir. Molla rejimində də nə qədər Ana Yasada vədlər verilsə də, əslində heç nə dəyişilmir. O boyda millətin ana dilində bir dənə məktəbi yoxdur və öz dilindən istifadə hüququ pozulur. Bundan başqa Urmiya gölü də quruyur və orada təxminən 10 milyard ton miqdarında duz var. O duz artıq Urmiyanın dağlarına, torpaqlarına yayılır. 5-10 il sonra bütün güney Azərbaycan duzun altında qalacaq. Buna həsr olunmuş beynəlxalq toplantılar keçirilib, İrana tövsiyələr verilib. Lakin bütün bunların heç biri nəzərə alınmır. Yəni düşünülmüş şəkildə İran Azərbaycanını elə bir ekoloji duruma salırlar ki, əhali orada yaşamasın, köçüb getsin. Beləliklə də bir xalqın mübarizəsi də dayansın, varlığına da nöqtə qoyulsun. Bütün bu kimi hadisələrlə müqayisədə yazılan sənəd çox yumşaqdır. Ondan qat-qat artıq faktlar qeyd olunmalıdır”.

S.Rüstəmxanlı Babək qalasını ziyarət edənlərə qarşı göstərilən aqressiyanın səbəbindən də danışıb:

“Bir neçə il icazə verdilər ki, millət çıxıb, tarixi abidəsini ziyarət etsin. Ancaq sonra millətin birliyi onları qorxutdu. Orada heç bir siyasi şüar olmasa, heç bir bayraq qaldırılmasa belə, millətin birliyi onları qorxuya saldı və buna qadağa qoyuldu. Biz - Dünya Azərbaycanlıları Konqresi Babək qalasına qadağaya cavab olaraq bir neçə il buradakı gənclərimizi Altıağacda, Yardımlıda köhnə qalacığa aparırdıq. Lakin bu işlər də dayandı. İmkanımız olmadığı üçün prosesi davam etdirə bilmədik.  Babək qalasına çıxmağa qadağanın qoyulması absurddur. Xalqın təbii haqqıdır ki, qalasına çıxıb, qəhrəmanını yad etsin. Təəssüf ki, buna da maneə yaratdılar”.

Əli RAİS,
“Yeni Müsavat”

Tarix: 18-08-2018, 10:13
Xəbəri paylaş





Xəbər lenti