ABŞ-ın dünya ilə savaşının məqsədi - “tək güc” olmaq hikkəsi


Ekspert: “Bu ölkə müasir imperiyadır”

Hazırda dünya  gündəmində ABŞ-ın fərqli dövlətlərə  qarşı atdığı addımlar əsas yer alıb. Sanki bütün qitələrdə savaşmağı qarşıya məqsəd qoyan Amerika, bir növ tək güc olmağa çalışır. Son dönəmlərdə isə Amerikanın Türkiyə, İran, Rusiyaya qarşı açdığı “soyuq müharibə” diqqətlərdən yayınmır. Məsələ burasındadır ki, dünyada Amerika bir supergüc dövlət kimi qəbul edilib. Onun iqtisadi, hərbi gücü, dünyaya təsir imkanları danılmazdır.  Bəs, bütün bunların fonunda Amerika təzyiq və təsirlərini artırmaqla, müxtəlif ölkələrə sanksiyalar tətbiq etməklə əslində nəyə nail olmağa çalışır?

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, Amerika tək gücdür, amma elə bir tək güc yoxdur ki, onun liderliyi və ya hegemonluğu dünya tərəfindən qeyd-şərtsiz qəbul olunsun: “Onun qüdrəti sarsıdılmağa çalışılır, hətta müttəfiqləri son zamanlar onun düşmənlərinin daha çox yanında olur, nəinki Amerikanın. Avropa Birliyi, Türkiyə kimi müttəfiqlər ABŞ-dan çox Rusiya, Çin, İranla birləşir. Lakin bununla belə hələ ki, ABŞ-a real meydan oxuya bilən bir dövlət yoxdur. Hətta Avropa Birliyi, Çin, Rusiyanın bir yerdə götürülmüş qüvvəsi belə ABŞ-la müqayisə oluna bilməz. Bu ölkə müasir imperiyadır. Fövqəldövlət, supergüc kriteriyalarına tam cavab verir”.

Politoloq bildirib ki, Trampı hakimiyyətə gətirən hərbi-silah, yaxud maliyyə nəhəngləri dünya üçün hazırladıqları pis sürprizləri prezidentin çılğın xarakterinin təzahürü kimi qələmə vermək istəyirlər: “ABŞ o ölkələrdən deyil ki, prezidentin şəxsi xarakteri bu dövlətin xarici siyasətinə təsir etsin. ABŞ-da hakimiyyətin idarə olunmasına real təsir edən qüvvələr belə bir hal olduqda dərhal ya prezidenti impiçmentə göndərir, ya da sui-qəsd edirlər. Prezidentin şəxsi iradəsi heç nəyi həll etmir, o, onu bu mövqeyə gətirib-çıxaran maliyyə, hərbi konsern nəhənglərinə tabe olub, onlarla hesablaşmalıdır. Əks halda onu ya uzaqlaşdırır, ya fiziki məhv edirlər. Kennedi, Linkoln və başqaları buna misaldır. ABŞ-ın əsl məqsədi bəşəriyyət tarixində indiyədək gəlmiş-getmiş bütün imperiyalar kimidir: təkbaşına dünya ağalığına nail olmaq, mümkün qədər çox ərazi və resurslar əldə etmək, dünyanı özünə tabe etmək. Dövlətləri də idarə edən insanlardır. İnsanların istəkləri isə dünya yaranandan bəri tarix boyu eyni olub. Resurslar, sərvət uğrunda mübarizə. Sadəcə, dediyimiz kimi vasitələr və metodlar dəyişir.

Məsələn, Səlib yürüşləri zamanı guya İsanın qəbrini müsəlmanlardan xilas etmək missiyası altında Şərqin sərvətlərini ələ keçirmək üçün Yaxın Şərqə hücumlar olunurdusa, bu dəfə demokratiyanı yaymaq adı altında proseslər gedir. ABŞ demokratiya ideologiyasından pərdə kimi istifadə edir. Lakin din də heç də arxa plana keçməyib. Real olaraq və ya bəhanə kimi din amilinin rolu qalır. Türkiyə və ABŞ gərginliyinə səbəb və ya bəhanə olan Gülən və Bronson din xadimi deyilmi?! Belə bir fikir də var ki, problem ABŞ-ın ədalətsiz olmasında deyil. Problem gücün, qüdrətin mahiyyəti məsələsidir. Yəni güc kimin əlindədirsə, o elə ABŞ kimi davaranardı. Məsələn, 18-ci əsrdə ABŞ yeni yaranan dövlət idi və digər ölkələrlə indiki kimi davrana bilmirdi, çünki zəif idi. Həmin dövrün hegemonları Osmanlı, Rusiya, Fransa, İngiltərə idi. Onlar ABŞ-ın indi olduğu kimi hökmranlıq, dominantlıq edirdilər. Lakin 19-cu əsrdə Osmanlı, Fransa imperiyası zəiflədi. Almaniya, Avstriya gücləndi. 20-ci əsrin əvvəllərində Osmanlı, Avstriya-Macarıstan xəritədən silindi. ABŞ, İngiltərə, Fransa gücləndi. SSRİ imperiyası meydana gəldi”.

N.Məmmədovanın sözlərinə görə, hər bir dövlət güclü olduğu zamanlar təxminən ABŞ-ın indiki davranışı kimi davranış sərgiləyiblər: “İndi isə ABŞ-ın gücünə alternativ potensial ortaya qoya bilmədikləri üçün onu ədalətsizlikdə ittiham edirlər. Halbuki onlar güclü olduğu zaman yeni yaranmış ABŞ-a təzyiq göstərirdi. Demək, problem ABŞ-da yox, gücün mahiyyətində, ondan sui-istifadə edərək özündən zəif dövlətlərə təzyiq göstərmək məsələsindədir. Sanksiyalar, qadağalar yəqin ki, yeni dünya nizamının necə fofmalaşmasına təsir edəcək. Çünki beynəlxalq münasibətlərdə hər yaranan yeni sistem bu cür münaqişə, müharibə, koalisiyalararsı müharibələrin sonra birinin məğlubiyyəti, digərinin qalibiyyəti ilə başa çataraq yeni nizamın yaranmasına təkan verib. Əgər ABŞ vaxtında bu qədər etiraza, müqavimətə saymazyana yanaşsa, onun da hegemonluğunun sonsuz olmayacağı qətidir. Çünki bu qanunauygunluqdur və ondan heç bir dövlət yayına bilməz”.

Əli RAİS

Tarix: 18-08-2018, 10:16
Xəbəri paylaş





Xəbər lenti