Diplomatik qalmaqal: Avropa Parlamenti simasını tam itirdi



Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını niyə erməni diasporunun nümayəndələrinə ötürüb?
Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürməklə Avropa İttifaqı (Aİ) və rəsmi Bakı arasında gərginlik yaradıb. Bu barədə Musavat.com Belçikanın Eureporter.co saytına istinadən məlumat verir.
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışladığı bir zamanda Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun təcili diplomatik məlumatlarının (depeşa) erməni diasporuna ötürməsindən məyusluğunu ifadə edib.
Azərbaycan səfiri özünün twitter səhifəsində bu barədə yazıb: “İnanılmaz olsa da fakt budur ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb. Maraqlıdır, Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktublar da parlamentdəki və onun ətrafındakı lobbiçilərə və nüfuzlu qruplara sızdırılır?”
Qeyd edək ki, bugünlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır.
Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürməklə bütün diplomatik etik qaydaları pozub. Bəs Avropa Birliyi bu cür diplomatik qalmaqal yaradan Avropa Parlamenti haqda ciddi ölçü götürəcəkmi, bu əməli törədənləri hansısa şəkildə cəzalandıracaqmı?
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Azərbaycan tərəfin ən sərt formada bu məsələnin üstünə getməyinin tərəfdarıdır: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, son 30 ildə Qərbin ikili standartları, ədalətsizliyi, birtərəfli mövqeyi barədə Azərbaycan xalqında formalaşan təsəvvürü Avropa Parlamenti və digər Avropa institutları hər keçən gün daha da möhkəmləndirir.
Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com
 Rəşad Bayramov 
Təzadlı məqam ortaya çıxır. Bir tərəfdən Avropa Birliyi Azərbaycandan qaz istəyir, bizimlə əməkdaşlığa can atır, amma digər tərəfdən də ermənipərəst mövqe sərgiləməklə, ölkəmizə qarşı ədalətsiz qətnamələr qəbul etməklə faktiki olaraq Azərbaycanı özündən itələyir. Hər birimiz şahidik ki, Avropa Birliyi Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana böyük maraq nümayiş etdirir. Avropa Birliyinin enerji üzrə komissarları Cənub Qaz Dəhlizinin məşvərət şurasında iştirak edir və Azərbaycanın enerji strategiyasını təqdir edir, Azərbaycanın enerji təhlükəsizliyində artan rolunun təqdirəlayiq olması ilə bağlı fikirlər deyir. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışlayır, amma Avropa Parlamenti kimi qurumlar elə mövqe nümayiş etdirirlər ki, bu mövqe ağlı başında olan istənilən adam tərəfindən hiddətlə qarşılanır.
Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Beynəlxalq qurumların qətiyyətsizliyi Ermənistanı, əksinə, dağıntıların miqyasını daha da genişləndirməyə təşviq edib. Bütün bunlar isə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və onun protokollarının kobud şəkildə pozulmasıdır. Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması da məhz yuxarıda dediyim ikili standartların və daha dəqiqi, xristian təəssübkeşliyinin təzahürüdür".
R.Bayramovun bu fikirləri də xüsusi diqqət çəkir: “Səfir Vaqif Sadıqovun Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürməsi ilə bağlı açıqlaması da bu qurumun erməni lobbisinin nəzarətində olduğunun ən bariz sübutudur. Bu, birmənalı olaraq diplomatik qaydaların pozulmasıdır və rəsmi Bakı bununla bağlı müvafiq addımlar atmalıdır. Səfirlik tərəfindən göndərilən məktubların harasa sızdırılması böyük diplomatik qalmaqaldır və sonacan bu məsələnin üzərinə gedilməli və günahkarların cəzalandırılmasına nail olunmalıdır.
Eyni şəkildə Avropa Parlamentinin Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səyləri zədələyən qətnaməsi ilə bağlı da addımlar atılmalıdır. İşğaldan azad olunmuş ərazilərimizə səfər etmiş ayrı-ayrı Avropa dövlətlərinin Azərbaycandakı səfirləri, eləcə də beynəlxalq jurnalislər bu prosesə cəlb olunmalıdır. Həmin qətnaməyə səs vermiş ayrı-ayrı dövlətlərin təmsilçiləri ilə iş aparılmalı və regionda baş verənlərdən xəbərsiz olan, sadəcə, Avropa Parlamentində çoxluqda olan Fransanın ermənipərəst mövqeyinin təsiri altına düşmüş şəxslər müəyyənləşdirilməlidir.
Digər tərəfdən də Avropa Parlamenti ilə birbaşa işləyən qurumlarda təmsil olunan şəxslərin də fəaliyyəti araşdırılmalıdır. Əgər bir iclasda iştirak edən 679 nəfərdən 2-si lehimizə olub, 42-si bitərəf qalıb, 635-i Azərbaycan əleyhinə qətnamənin lehinə səs verirsə, bu həm də onların fəaliyyətsizliyinin nəticəsidir".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca
 Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, ermənilərin xoşuna gəlmək üçün bu cür addımlar atılır: “Buna şərh verməyin özü belə çətindir. Çünki bu, təkcə diplomatiya qaydaları deyil, insanlar arasında olan davranışlar məsələdir. Ümumiyyətlə, Avropa Parlamentində aktiv şəkildə erməni lobbi təşkilatları çalışır. Özü də onlar orada uzun müddətdir ki, çalışırlar. Biz görürük ki, Avropa Parlamentinin bir sıra ölkələrdən gələn üzvləri erməni diasporasının təsiri altındadırlar. Etiraf etmək lazımdır ki, bu istiqamətdə onlar fəaldırlar. Bu fəallığın nəticəsində görürük ki, Avropa Parlamentinin qurumları da artıq heç bir diplomatik qaydalara uyğun olmayan addımlar atırlar. Təsəvvür edin ki, ermənilər Azərbaycan ərazilərini dağıdıblar, daşı daş üstündə qoymayıblar, indi biz o əraziləri azad edib yenidənqurma istiqamətində addımlar atırıq. Amma Avropa Parlamenti ”erməni irsinin qorunması haqqında" hansısa bəyanat qəbul edir. Biz başa düşürük ki, Avropa Parlamentində böyük nümayəndə heyəti Fransadan formalaşıb. Məhz buna görə də Avropa İttifaqında ölkəmizə qarşı qərəzli mövqelərdən daha çox çıxış edənlər fransız nümayəndələrdir. Onlar təbii ki, Fransada baş tutacaq prezident seçkiləri ilə əlaqədar müxtəlif platformalardan daxili siyasətlərində istifadə edirlər. Bir sözlə, ermənilərin xoşlarına gəlmək üçün bu cür addımlar atırlar. İstənilən halda biz bütün bunlara qarşı mübarizə aparmalıyıq".
Tarix: 16-03-2022, 09:40
Xəbəri paylaş





Xəbər lenti