"Moskva göz yaşlarına inanmır" , cənab Hacıyev...



 

  Azərbaycan hakimiyyəti Rusiyanın Ukraynaya hərbi təcavüzünə reaksiyasında nəyi düz edir, nəyi düz etmir məsələsi kifayət qədər ağır, batman mövzudur. Rus ordusu Ukraynaya o zaman daxil oldu ki, az əvvəl Bakı ilə Moskva müttəfiqlik bəyannaməsi imzalamışdılar. Bu, hardasa özünü sığortalamaq idisə, hardasa da strateji seçim nöqteyi-nəzərdən dünyaya nümayiş idi. Azərbaycan gizlətmədi ki, Rusiya ilə münasibətləri Avropa və ABŞ-dan üstün tutur. Bunu Kreml başçısı da yüksək qiymətləndirir və Qarabağ müharibəsində neytral mövqe də məhz Putin administrasiyasının bizə güvənindən irəli gəlirdi. Eləcə də Rusiya lideri hər çıxışında Azərbaycanda rus dilinə olan hörməti vurğulayır, ölkəmizdə məktəblərdə rus dilində tədrisi xüsusi dilə gətirir. Bu, çox incə nüansdı və Putin üçün həyati məsələ qədər mühümdür. Ona görə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Rusiyanın xoşuna gəlsin deyə ilin-günün bu vaxtında, hamının Rusiyaya nifrət püskürdüyü, ictimai rəyin Putin əleyhinə yönəldiyi, Ukraynada rus ordusunun etdiyi cinayətləri lənətlədiyi bir zamanda rus dili haqda fikir bildirməsi birmənalı qarşılana bilməzdi. Anaxeber.info bildirir ki, hörmətli Hikmət Hacıyev əslində bir diplomat kimi tamamilə peşəkar çıxış edib. Onun fikrincə, rus dili sanksiyaya məruz qalmamalıdır və siyasətə qarışmamalıdır. Əlbəttə, heç bir dil, təhsil, mədəniyyət siyasətə alət edilə bilməz. Nə olur-olsun, hətta işğalçının dili də hücuma məruz qalmalı, mənəvi terrorla üzləşməli deyil. Çünki dil xalqa məxsusdur, dövlətə yox, odur ki, onu total şəkildə pisləmək olmaz və həmin ölkənin apardığı siyasətə cavab olaraq etmək heç olmaz. Lakin Hikmət Hacıyev nəyi düz edib, nəyi yox sualına gəldikdə, məhz zamanı dəyərləndirə bilməyib. İndiki situasiyada, rus ordusunun Ukrayna şəhərlərini bombaladığı vaxtda belə bir açıqlama vermək olduqca qorxaqlıq kimi görünür. Bu, hakimiyyətin adından verilən bəyanat kimi təəssürat yaradır. Ona görə açıqlama dərhal müzakirə olundu və sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Cəmiyyət haqlı olaraq sual edir ki, madam Rusiyanın təcavüzkar siyasətini pisləmirik, Ukraynada etdiklərini işğalçılıq adlandırmırıqsa, ehtiyatlı və çəkingən siyasət yürüdürüksə, o halda bu cür açıqlamalar da verib insanların hissləri ilə oynamayaq. Təbii ki, hörmətli Hacıyev bu açıqlamanı verərkən insanların əhval-ruhiyyəsini, dünyanın Rusiyanın etdiyi pisliklərə etirazını nəzərə almalıydı. Rus dili haqda bu çıxış başqa vaxt olsaydı, heç bu dərəcədə müzakirə predmetinə çevrilməzdi. Ola bilsin ki, rus dili ilə bağlı müəyyən  çağırışlar səslənir, bu da hakimiyyəti narahat edir və ictimai rəyin Moskva kluarlarına çatmasını istəmir. Rusiya rəhbərliyi yaxşı bilir ki, Azərbaycan xalqı Ukraynaya dəstəkdir, amma hakimiyyət bu məsələdə xalqla açıq şəkildə həmrəy deyil, biz humanitar yardım göndərmişik, müharibənin dayanmasına çağırış etmişik, hətta görüş yeri olaraq Bakını təklif eləmişik, amma rus ordusunun şəhərlərə raket atmasını yüngülvari də olsa pisləməmişik. Bax, bu mövqeni ortaya qoymuruqsa, o halda Hikmət Hacıyev "rus dilinə sanksiya olmamalıdır" açıqlamasını da verməməli, rusun dilinin təəssübünü çəkməməli idi. Təəssüf ki, bizim xarici siyasət Rusiya xofu üzərində qurulub: hər addımda Moskva nəzərə alınır, hər məsələdə Kremllə bağlı həssaslıq göstərilir və şimal qonşunun orbitində dövr etmiş kimi görünürük. Və sanki Hikmət Hacıyev rus dilini hansısa kənar təhlükələrdən, yad təsirlərdən qoruyurmuş kimi missiya yerinə yetirən məmur obrazı yaratmış oldu. Heç Rusiya öz dili haqda bu səviyyədə narahatlıq keçirməmişdi. Roma papasından artıq katolik olmaq mümkün deyil və bu qədər də Rusiya ilə münasibətlərdə qorxaq siyasətə hacət yoxdur, çünki "Moskva göz yaşlarına inanmır..."
Anaxeber.info 
Tarix: 16-03-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti