Putin çətin vəziyyətə düşdüyünü etiraf edib


Putin Almaniya kansleri Şoltsa şikayət edib ki, Ukrayna sülh danışıqlarını uzadır, Rusiyaya qarşı real olmayan tələblər irəli sürüb razılıq əldə olunmasını ləngidir. Bu məlumatdan çıxan nəticələr:
  1. Müharibənin tezliklə bitməsinə daha çox Rusiya maraqlıdır. Savaşın bitməsi üçün məhz Rusiyanın tələsən tərəf olduğunu ilk baxışda başa düşmək bir az çətindir. Axı dinc əhalisi humanitar fəlakət yaşayan, 3 milyon vətəndaşı qaçqın düşən, şəhərləri dağıdılan, hətta paytaxtı belə işğal təhlükəsi altında olan Ukraynadır. O zaman Rusiya nəyə görə Ukraynadan daha çox tələssin bu savaşın bitməsinə? Cavab birmənalıdır. İlk baxışda dağılan Ukrayna şəhərləri olsa da, Rusiyanın savaş itkiləri daha böyükdür. Ukrayna şəhərləri, sənayesi, iqtisadiyyatı dağılsa da, ukraynalılar bilir ki, ABŞ, Avropa Birliyi, Böyük Britaniya və digər müttəfiqlərinin köməyilə Ukrayna şəhərləri, sənayesi, iqtisadiyyatı daha mütərəqqi və keyfiyyətli şəkildə yenidən qurulacaq. Rusiyanın da itkiləri çox böyükdür. Düzdür, Rusiya şəhərlərini bomba dağıtmır, əhali qaçqın düşmür, ancaq Rusiya 10 illər ərzində topladığı qızıl-valyuta ehtiyatını itirir, bank sistemi, böyük şirkətlər, bütövlükdə iqtisadiyyat məhv edilir. Cəmisi 3 həftə əvvələ qədər dünyaya meydan oxuyan Rusiyada hazırda insanlar şəkər tozu ala bilmək üçün bir-birini ayaqlamağa hazırdır. Piştaxtalar ötən əsrin 90-cı illərini xatırladır – bomboşdur. Ölkənin beynəlxalq sanksiyalardan itkiləri, eləcə də ölkəni tərk edən sərmayə trilyon dollarla hesablanır. Bu dəhşətli vəziyyətdən çıxmaq üçün Ukraynadan fərqli olaraq, Rusiyaya xaricdən heç kim kömək etməyəcək. Putin ölkəsini hansı bəlaya saldığını çox gec olsa da, başa düşməyə başlayıb, ona görə də müharibəni bitirməyə tələsir.
  2. İldırımsürətli müharibə planı iflas etdikdən sonra Rusiya xeyli müddətdir ki, aktiv hücum əməliyyatlarını dayandırmağa məcbur olub. Ancaq Zelenskini ciddi güzəştlərə məcbur etmək, Ukraynaya qarşı ikinci böyük hücum üçün qüvvə toplamağa çalışır. Rusiyadan kənarda olan hərbi bazalardan əlavə qüvvələr cəlb edilir. Ölkənin ən ucqar bölgələrindəki rezervlər, Rosqvardiya hissələri (təqribən DİN-in keçmiş Daxili Qoşunları kimi bir qüvvədir və Putin onu daha çox şəxsi hakimiyyətini daxili təhlükələrdən qorumaq üçün yaratmışdı, məcbur olub, onları da savaşa göndərir) savaşa cəlb olunur. Çeçenistandan, Suriyadan kimi mümkünsə, savaşa toplayırlar. Rusiyanın daxilində hərbi hazırlığı olanları müqavilə ilə səfərbər edirlər.
    Ancaq Putinin Ukraynaya qarşı ikinci böyük hücumu gözləmədən razılıq əldə etməyə tələsməsi onu göstərir ki, Rusiya rəhbərliyi ikinci böyük hücum üçün yetərli qüvvə səfərbər etdiyinə, növbəti hücumda uğur qazanacağına əmin deyil.
  3. Ukrayna ordusu sakitcə müdafiədə dayanmayıb. Hər gün pusquya salmaq və ya əks hücumla Rusiya ordusuna ciddi itkilər verdirirlər. Paradoksal vəziyyət yaranıb. Rusiya bir ucdan Ukrayna cəbhəsinə əlavə qüvvələr gətirsə də, cəbhədə növbəti böyük hücumda uğuru təmin edəcək qədər say üstünlüyü yarada bilmir. Çünki hər gün böyük itkilər verir. Hər gün orduya yeni cəlb olunan qüvvələrin sayı ilə müqayisə olunacaq sayda itkilər verir. Digər tərəfdən isə Ukrayna ordusuna həm ukraynalılar, həm də dünyanın 30-dan artıq ölkəsindən gələn könüllülər elə həvəslə qoşulur ki, Ukrayna ordusu hər ötən gün kiçilmək əvəzinə daha da böyüyür. Beləliklə, Putini tələsdirən, Zelenskinin isə əksinə özgüvənini daha da artıran Ukrayna ordusunun savaş meydanında, Ukrayna xalqının isə hər yerdə nümayiş etdirdiyi bacarıq və mübarizə əzmidir.
  4. 10 gün – bir həftə əvvəl Zelenskinin çıxışlarında bəzi ümidsizlik və güzəştlərə meyllilik notları hiss edilirdi. Xüsusilə də NATO-nun Ukrayna səmasını uçuşa bağlı zona elan etməməsi, Ukraynaya qırıcı təyyarələrin verilməməsi Zelenskidə ciddi narazılıq və qismən ruh düşkünlüyü yaratmışdı. Ancaq sonrakı günlərdə Qərb Ukraynaya dəstəyini daha da artırdı. ABŞ, AB başda olmaqla böyük, nüfuzlu dövlətlər Zelenskinin həmin dövlətlərin parlamentlərinə videomüraciətlərini təşkil etdilər. Parlamentlərin hamısı Zelenskini ayaqda alqışladılar. Ukraynanın Qərbli tərəfdaşlarının hamısı Ukraynaya yardımı, o cümlədən hərbi yardımı artırdı. Xüsusilə ABŞ və Böyük Britaniyanın verdiyi müasir Hava Hücumundan Müdafiə sistemləri və digər dəqiq silahlar Ukraynaya hava məkanına nəzarət etməyə ciddi kömək etdi. Həddindən artıq ciddi beynəlxalq dəstək və Ukrayna ordusunun savaşda əldə etdiyi uğurlar sadə ukraynalıların da, Ukrayna rəhbərliyinin də özgüvənini artırdı. Onlar özlərindən daha əmin olmağa başladılar. Və savaşı nəyin bahasına olursa olsun tez bitirmək fikrinə düşmədilər və ya o fikirdən daşındılar.
Bütün bunlar bugünki nəticəyə gətirib çıxarıb. Savaşdan əvvəl Ukraynanı 48 saatda diz çökdürəcəyinə, Zelenski və müasir Ukrayna rəhbərliyini məhv edəcəyinə, Ukraynada öz oyuncaq rejimini yaradacağına əmin olan Putin indi Almaniya baş nazirinə şikayət edir ki, Zelenski danışıqları uzadır, əlavə tələblər irəli sürür.
AXCP sədri Əli Kərimli
Tarix: 19-03-2022, 09:09
Xəbəri paylaş





Xəbər lenti