“İzvestiya”nın məqaləsi, Paşinyan hakimiyyətinin susqunluğu və Rusiyanın dağılmasının əlamətləri” - ANALİZ


Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolunun razılaşdırılmasında kömək etdi. Hazırda razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə yüksək rütbəli mənbə bildirib:  “Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizinin açılması barədə razılığa gəliblər. İrəvana magistral yolda uzun fasilə yarandı. Lakin baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutu razılaşdıra bildilər. Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə mütəxəssislər göndərir ki, onlar mühəndis məsləhəti versinlər”, – mənbə bildirib.
Bu barədə erməni mediasında da məqalə dərc olunub. Məqalə müəllifi bildirib ki, bu mesaj Bakıda çox böyük sevinclə qarşılandı: “Hökumətimiz isə susur. Ola bilsin ki, Paşinyan müxalifət təmsilçilərindən deputat mandatlarının alınmasını daha vacib hesab edir. Amma başa düşmək lazımdır ki, söhbət Zəngəzurdan gedir. Rusiya nəşrinin yazdığına görə, iyunun 24-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Bakı və İrəvan kommunikasiyaların blokdan çıxarılması yolunda çox böyük irəliləyişə nail olub” – müəllif bildirib.
“İzvestiya”nın yüksək rütbəli mənbəsinin sözlərinə görə, hər iki tərəfin kifayət qədər sərt siyasi bəyanatlarına baxmayaraq, Bakı və İrəvan arasında Moskvanın vasitəçiliyi ilə nəqliyyat dəhlizi üzrə konstruktiv dialoq qurulub. Yəni Moskva və Bakının planı yenə işləyir. Proses Ermənistanın məcburi razılığı ilə həyata keçirilir”
Erməni müəllif Rusiyanın dəhliz və digər məsələlərdə Azərbaycanın tərəfini tutmasından narahatdır. Elə buna görə də, məqalədə hər vəchlə Rusiyanı “vurmağa” çalışır: “Rusiya nümayəndələri asiyalı sahibkarları ölkəni tərk edən Qərb şirkətlərinin əvəzinə Moskvaya dəvət etsələr də, indiyə qədər nəticə hasil olmayıb.  İndi Rusiya iqtisadiyyatında idxalda azalma 40 faiz təşkil edir. Səlahiyyətlilər artıq üç aydır ki, rəsmi statistika dərc etmirlər. Federal Gömrük Xidməti “spekulyasiya” risklərini əsas gətirərək məlumatları məxfiləşdirib” – məqalədə deyilir.
“Rusiyanın əsas ticarət tərəfdaşlarından alınan məlumatlar qaranlıq mənzərə yaradır. Almaniyadan daşınmalar 70%, Yaponiyadan 76%, Cənubi Koreyadan 74% azalıb. Kremlin ümid bağladığı Çin köməyə gəlməyə tələsmir və Rusiyaya ixracı 38% azaldıb. Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun (PIIE) ekspertlərinin hesablamalarına görə, ümumilikdə idxal sanksiyalar tətbiq edən ölkələrdən 60%, sanksiyalara qoşulmayan dövlətlərdən isə 40% azalıb. Avropadan konteyner daşımaları praktiki olaraq dayanıb. İyunda Baltik hövzəsi limanlarının dövriyyəsi illik müqayisədə 85% aşağı düşüb. Qazprom dövlət şirkətinin səhmləri Moskva birjasında 30%-dən çox dəyər itirib. “The Insider” yazır ki, çökməyə səbəb qaz monopoliyasının direktorlar şurasının 2021-ci il üçün dividend ödəməmək qərarı ilə bağlı olub. Bir sözlə qarşınızda “Rusiya” adlı gəminin sürətlə batmasının sübutu var. Və bu gəmidən yalnız vaxtında atılaraq özünüzü xilas edə bilərsiniz” – erməni müəllif fikirlərini tamamlayıb.
Tarix: 1-07-2022, 09:35
Xəbəri paylaş





Xəbər lenti