Xarici media: BMT Təhlükəsizlik Şurasının qətnaməsi İsrail üçün nə deməkdir?
BMT Təhlükəsizlik Şurası ilk dəfə Qəzza zolağında atəşkəslə bağlı qətnamə qəbul edib, beş daimi üzvdən heç biri veto hüququndan istifadə etməyib. Baş nazir Benyamin Netanyahu bu həftə Vaşinqtona planlaşdırılan səfərini ləğv etməklə İsrail və onun müttəfiqlərini daha da ziddiyyətli vəziyyətə salıb. Ağ Ev də öz növbəsində bu qərardan məyus olduğunu bildirib. Qərb mediası yazır ki, İsrail diplomatik müdafiəni itirib və bu, onu dünya səhnəsində demək olar ki, tam təcrid vəziyyətinə salıb. Qaynarinfo bu barədə xarici mətbuatın icmalını təqdim edir.
BBC yazır ki, ABŞ prezidenti Co Bayden və komandasının yüksək vəzifəli üzvləri həftədən-həftəyə İsrailə və Qəzzada onun üsullarına qarşı səbrlərinin tükəndiyini nümayiş etdirdilər. Onlar həm Qüdsə, həm də dünyanın qalan hissəsinə öz narazılıqlarını bildirərək, getdikcə daha sərt ifadələr seçdilər. Və nəhayət, Vaşinqtonun atəşkəs qətnaməsinə veto qoymaması bir şeyi deməyə əsas verir: Bayden sərt sözlərin İsrail üçün kifayət etmədiyinə qərar verdi.
Baxmayaraq ki, qəbul edilmiş sənəd Birləşmiş Ştatlar üçün tam qaneedici deyil: o, Rusiya və Çinin bu yaxınlarda blokladığı ABŞ qətnaməsindən fərqlənir. Həmin qətnamə layihəsində İsrailin özünümüdafiə haqqı vurğulanırdı, HƏMAS qınalınırdı və altı həftəlik atəşkəs tətbiq etmək təklif edilirdi. Qəbul edilmiş qətnamənin qeyri-müəyyən olduğu ortaya çıxdı – heç bir tərəf qınaq obyektinə çevrilmir və atəşkəs yalnız Ramazan ayının sonuna qədər nəzərdə tutulur ki, buna da cəmi iki həftə qalır.
"The Guardian” qeyd edir ki, buna baxmayaraq, Vaşinqton veto hüququndan istifadə etmədi, sadəcə olaraq bitərəf qaldı və qətnamə beş aydan sonra alqışlarla qarşılandı. Nəşr Benyamin Netanyahudan sitat gətirir: "Birləşmiş Ştatlar BMT-də girovların azad edilmədən atəşkəsə ümid verən siyasətindən əl çəkdi.
"Politico" qeyd edir ki, İsrail Netanyahunun yüksək səviyyəli müşavirləri və digər rəsmilərin Vaşinqtona səfərini ləğv etdi və bu, iki müttəfiq arasında gərginliyi artırdı. Nəşr ABŞ-ın Təhlükəsizlik Şurasında qərarını "qeyri-adi” adlandırır.
"Bloomberg” xatırladır ki, Vaşinqton BMT-də İsraili uzun müddət və qətiyyətlə müdafiə edib, onun fikrincə, müttəfiqinin maraqlarına zidd olan onlarla qətnamənin əleyhinə səs verib. Agentlik Ağ Evin sözçüsü Con Kirbidən sitat gətirir: "Bunu bir növ eskalasiya kimi qiymətləndirmək üçün heç bir səbəb yoxdur. Bizim siyasətimizdə heç nə dəyişməyib. Biz hələ də atəşkəsə və girovların azad edilməsinə nail olmaq istəyirik”.
Tarix: 26-03-2024, 22:11