Artıq Moskvanın "göz yaşlarına" heç kəs inanmır. Bundan sonra bu şəhərin sakit günləri olmayacaq. Buyurun, növbəti həyəcanlı xəbər gəldi - Moskvada yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib."Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bomba xəbərdarlığı barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.
Bomba xəbərini kimin verməsinin fərqi yoxdur, lap elə Kiyevdən gələn zəng də ola bilər. Bu prosesin mahiyyəti ondan ibarətdir ki, Moskva qorxulu şəhərə çevrilir. Bəli, Qərb strateqləri hibrid müharibədə qalib gəlirlər. Onlar Rusiya paytaxtını Dəməşq, Bağdad, Tripoli, Səna kimi təhlükəli başkəndlərlə bir sıraya qoyurlar. Ona görə də Moskvada hər hansı partlayış, dron hücumu, növbəti terror, kamikadze teraktı olarsa, buna təəccüblənmək olmaz.
Beləliklə, kollektiv Qərb Ukraynada gedən müharibəni Rusiyaya transformasiya edə bildi - xaos, terror, destabilizasiya, isterika və panika yaratmaq cəhdləri ilə...Əslində, psixoloji basqı etmək və hibrid savaş açmaqla buna nail olub. Yəni Qərb texnoloqları beynəlxalq rəydə Moskvanı qeyri-sabit şəhər kimi təqdim edirlər. Bu da həm yerli əhaliyə, həm turistlərə, həm miqrantlara mənfi təsir edir. Hamı görür ki, hər səhər bir qorxulu məlumatla açılır - bomba qoyulub, PUA hücumu olub və s.
Miqrant demişkən, dünəndən Rusiyanın Moskva vilayətində onlara qarşı kütləvi reydlər başlayıb. Terrorçuların tacik əsilli olması miqrantların "ovu" ilə nəticələnib. Xüsusən də Orta Asiyadan olan miqrantlar saxlanılır. Buna görə Özbəkistan Miqrasiya Agentliyi Moskvada olan özbəklərə çağırış edib ki, sənədi üstünüzdə gəzdirin. Lakin Rusiya miqrantları kütləvi şəkildə deport edə bilməz. Çünki ucuz işçi qüvvəsi kimi ehtiyacı var. Odur ki, tacik İŞİD-çilərə görə başlanmış miqrant əməliyyatları da Moskvada hansısa problemlərdən Rusiyanı azad etməyəcək. Hələ o da ayrı sual doğuran məsələdir ki, terrorçular həmin gün bir maşında Moskvadan neçə yüz kilometr aralı Bryanska necə gedib çıxıblar. Axı yol boyu polis postları, müşahidə kameraları...
Rusiya isə günahı Kiyevə yıxmağa çalışsa da, terrorçular Bryanskdan Belarusa keçmək istəyiblər. Lukaşenko da faktı təsdiq edib. Bunun mümkün olmadığını anlayanda Ukrayna istiqamətinə yönəliblər. Belə bir marşrutdan nəticə çıxarıb günahı Kiyevin üzərinə qoymaq bəhanə axtarmaqdır. Əgər Rusiyanın məqsədi Ukraynaya terror etməkdirsə, bunu bəhanəsiz də edə bilər. Lakin Kiyev də onun zəif yerini tapıb və Rusiya ərazilərini vurmaqdan çəkinmir. Hər halda, artıq dünya Moskvanın "göz yaşlarına" inanmır və Putin rejiminin strateji məğlubiyyətə uğradılması üçün düymə çoxdan basılıb...
SİAM.AZ
Tarix: 28-03-2024, 10:24