Qərbin Azərbaycanla bağlı şok hədəfi – 5 apreldən sonra…


Təhlükəli oyun Ermənistanın başında çatlayacaq; deputatdan xəbərdarlıq: “Yanlış siyasət nəticəsində regionun yeni təlatümlərə və müharibələrə sürüklənməsi riski xeyli artacaq və bəlkə də qaçılmaz olacaq”
Xəbər verdiyimiz kimi, aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi (AB)-Ermənistan formatında baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken  bir araya gələcək. İlkin məlumatda “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın” yollarının müzakirə ediləcəyi bildirilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin “ölkəsinin müqavimətini gücləndirmək” məqsədi daşıdığını bildirib. 
Əslində isə hədəf heç də xoşməramlı deyil və təəssüf ki, ən əvvəl ölkəmizə qarşı yönəlib, Azərbaycandan “xoxan” düzəltməyə hesablanıb – rəsmi Vaşinqton, Brüssel və  İrəvan bunu israrla təkzib etsə də.
İnformasiyalara əsasən, ABŞ və AB Ukrayna ilə imzalanan sazişlərə bənzər formada Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamağa hazırlaşır. Bir çox ekspertlərə görə, revanşist planların – Azərbaycan torpaqlarının yenidən işğalının həyata keçirilməsi üçün məhz Qərbin dəstəyinə ehtiyac olduğunu Ermənistanda artıq gizlətmirlər.
Başqa sözlə, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistana belə qarantiyaların və dəstəyin verilməsi, “onun müqavimətinin artırılması” sülh sənədinin imzalanmasını ciddi şəkildə yubada və erməni revanşistlərin “çörəyinə yağ” sürtə bilər. Qarşıdakı görüşə Cənubi Qafqazla bağlı qlobal güclərin ciddi planlarının göstəricisi kimi baxanlar da az deyil. Hesab edilir ki, kapitulyant ölkənin kollektiv Qərbdə bu dərəcədə “əzizlənməsi” əsla təsadüfi deyil və regionla bağlı xoş niyyətdə qaynaqlanmır.
Yəni son zamanlar bəşəriyyətin mühüm qlobal çağırışlarla üz-üzə qaldığı bir vaxtda Qərbin ayrı-ayrı təsisatları tərəfindən Ermənistanla bağlı verilən bəyanatlar, müntəzəm görüşlərin keçirilməsi məhz bölgəmizin böyük güclər arasında növbəti “rəqabət-çəkişmə” coğrafiyası olduğuna dəlalət edir. 
Hərgah ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-dəki görüşü şərh edərkən deyib: “Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı görüşdə məqsədimiz onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq, güclü və davamlı sülh sazişi əldə etmək üçün çalışmağa təşviq etməkdir”.
Lakin rəsmi Bakının haqlı narahatlığı qalır. Bunu XİN-in son açıqlamasından da açıq görmək olar. Sitat: “Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.
Məsələ də ondadır ki, görüşlə bağlı xüsusi qeyd olunmasa da, söhbət faktiki hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Ayrı sözlə, Azərbaycanın güclənməsi ilə, öz ərazilərini azad etməsi ilə barışmayan ABŞ və Avropa regionu yeni qeyri-sabitliyə sürükləmək istəyir, Qafqazda Ermənistan üzərindən ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması yönündə təhlükəli planlar qurulur.
Ona da şübhə yox ki, pakt Azərbaycana təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan, sadəcə, revanşa hazırlaşdırılır, onun əli ilə regionda münaqişə ocağı yaratmağa çalışılır. Demək, bədəlinə də hazır olmalıdırlar.(musavat.com)
Tarix: 30-03-2024, 11:04
Xəbəri paylaş





Xəbər lenti