Okeanın o tayndan gözlənilən zəng gəldi. Zəng olması üçün heç də ürəyimiz getmirdi, sadəcə, təcrübə bunu deyirdi. Özü də bilirik ki, Prezident İlham Əliyev ən kritik məqamlarda belə, heç kimə zəng etmir, heç bir lideri aramır - Nikol Paşinyandan fərqli olaraq – hər zaman Azərbaycan liderin zəng edib, onu axtarırlar, onunla məsələləri müzakirə edirlər. Avropa dövlət başçılarının birinin “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”-deməsini də unutmamışıq...ABŞ Dövlət katibi Entoni Blinken növbəti dəfə Prezident İlham Əliyevə zəng etdi. Rəsmi məlumatdan Azərbaycanın narazılığından və narahatlığından Ağ Evin kifayət qədər narahat olduğu aydın sezilir. Ötən ilin 15 oktyabrında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməsindən, ardınca Nümayəndələr Palatasında dinləmələrin keçirilməsindən sonra da oxşar proseslər baş vermişdi.
Noyabrın 27-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Dövlət başçımız ABŞ-nın dövlət rəsmilərinin Azərbaycanla bağlı sərgilədiyi qərəzli mövqeyinin qəbuledilməz olduğunu vurğulayaraq bildirmişdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Prezident İlham Əliyev Blinkenin diqqətinə çatdırmışdı ki, 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzlidir və həqiqəti əks etdirmir.
Entoni Blinken Azərbaycan-ABŞ münasibətlərinin normallaşması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmişdi və xahiş qəbul olunmuşdu. Az sonra Bakıya səfər edən O`Braynın ənənəvi “aktivliyi” müşahidə olunmasa da, ABŞ-ın ermənilərlə bağlı siyasətinə ciddi korrektələri görmürük, “saman altından su yeridilir”.
Məhz bu da Azərbaycan dövlətinin haqlı etirazına səbəb olub, həm dövlət başçımız, həm XİN səviyyəsində dəfələrlə məsələyə kəskin münasibət bildirilib.
Yeri gəlmişkən, hələ üçtərəfli görüş ssenarisi ortada yoxkən Prezident Vaşinqton və Fransanı düz yola qayıtmağa çağırmışdı, “Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”, - demişdi dövlət başçımız. Səhvlərdən nəticə çıxartmırlar, Ermənistan kimi...
Sabah, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayn ilə görüşü keçiriləcək.
Bir müddət əvvəl Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gözlənilən görüşün məqsədləri haqqında suala cavabda belə demişdi: “Ermənistan və Azərbaycan hökumətləri ilə bağlı məqsədlərimiz tərəfləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və möhkəm və etibarlı sülh sazişinin əldə edilməsi üzərində işləməyə təşviq etməkdən ibarətdir”.
Azərbaycanın iştirak etmədiyi görüşdə bu, nə sülh müzakirəsidir belə? Sülh tərəfdarı olan və tərəflərdən biri qalıb kənarda, 30 il ərzində qonşusunun torpağını işğalda saxlayan, terroru dəstəkləyən və həyata keçirən ölkəni yuxarı başa keçirirlər. Onda bu görüşün adını Qranada-2 qoysunlar, məsələ bitsin, daha niyə Brüsseldə reallaşdrırlar? Brüssel formatı Bakının müdafiə etdiyi danışıqlar məkanı olub, indi bu formatın taleyini sual altına qoyirlar, ermənilərin hikkəsinə görə.
Azərbaycanın xarici siyasət idarəsi Aİ və ABŞ-ın Ermənistana hərbi yardım göstərməyi planlaşdırdığını xatırladaraq, qarşıdakı görüşlə bağlı narazılığını bildirmişdi. Xüsusilə də Azərbaycan-Ermənistan sərhədində Aİ-nin Monitorinq Missiyasının yerləşdirilməsindən narahıtlıq ifadə olunmuşdu. Həmçinin Fransanın Ermənistanı öldürücü və hücum tipli silah növləri daxil olmaqla, hərbi texnika ilə təchiz etmək planlarının “narahatlıq doğurduğu”nu qeyd olunmuşdu. Vurğulanmışdı ki, bundan sonra Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının “hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”. “Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır”, deyə XİN təmsilçisi Ayxan Hacızadə qeyd etmişdi.
Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev ilə görüşündə də 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanmışdı.
Eyni zamanda Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar rəsmi Bakı tərəfindən qətiyyətlə pislənilmiş və rədd edilmişdi.
Bütün bunlardan sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü Müller səviyyəsində hərbi paktın imzalanacağı ilə bağlı məlumatlar təkzib edilməyə başlandı. Heç şübhəsiz ki, bu günlərdə Bakıda səfərdə olan ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Paleyə də Azərbaycanın rəsmi mövqeyi kifayət qədər açıq mətnlə çatdırılıb. Məhz bundan sonra, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi Azərbaycan dövlətinin mövqeyinin Ağ Evdə kifayət qədər nəzərə alınmasının, ölkəmizin önəmli rolunun göstəricisidir.
Azərbaycan tərəfi israr edirdi ki, 5 aprel görüşü təxirə salınsın. Kifayət qədər məntiqəuyğun tələb idi. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi, Paşinyanın ən azı 4 Azərbaycan kəndini qeyd-şərtsiz qaytarmağın zəruriliyi barədə əhalisini maarifləndirməsinin, sərhədlərin müəyyənləşməsinin Tavuş istiqamtindən başlanacağı barədə anonsunun ardınca ABŞ-Ermənistan-Aİ görüşünün təşkili prosesi dalana dirəmək, status-kvonu saxlamaqdır! Qərb bu məsələlərdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Ssenari Ermənistanın tam şəkildə qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir. Qəribəsi odur ki, bütün bu proseslər İranın susqunluğu şəraitində baş verir. İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulduğunu görmür. Gürcüstan da susqundur, baş verə biləcək fəlakətlərin onun təhlükəsizliyinə də təhdid yaradacağının fərqində deyl. Görünür Qərbdən verilən vədlərə “stavka” edir. Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status kvo yaratdı. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir. Ukrayna cəbhəsi kimi Cənubi Qafqazda ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa çalışılır. Ermənistanın nəinki Ukrayna qədər, hətta bir qəsəbəsi qədər canı yoxdur, bunu nədənsə nə ermənilər, nə də onun himayədarları anlamaq istəmir.
Azərbaycan məhz bu narahatlığı nəzərə alır və xəbərdarlıqlar edir. Ermənistanın şərti sərhədlərə qoşun, hərbi texnika toplaması Brüssel təxribatı fonunda baş verir. Rəsmi Bakı əməkdaşlıq üçün 3+3 formatını, əbədi sülhü təklif edirdi. Qərbdəki himayədarları isə Ermənistanı bölgədən oğurlayıb, “üçlər ittifaqı” qurmaq istəyirlər. Fəlakət ssenarisi!!! Rəsmi məlumata görə, Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Zəruri məqam: Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb! Hər halda, görəcəyik, faktiki olaraq ABŞ-a rəhbərlik edən şəxsin dedikləri nə qədər ciddidir və həqiqət yükünə sahibdir.
Telefon söhbəti zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib. Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Xatırlatmaqda fayda var: son aylarda ABŞ-ın ayrı-ayrı dairələrindən Azərbaycanın guya Ermənistana hücum hazırladığı barədə məlumatlar dövriyyəyə buraxılırdı, hətta İrəvandakı Amerika səfirliyi vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edirdi. Deməli, dövlət başçımızın Blinkenə dedikləri həm də konkret ünvana yönəlmişdi, necə deyərlər, hədəfə dəymişdi...
ABŞ Ermənistanda mövcud olmaq istəyir, bu, onun çoxdankı hədəfidir. Ermənistan kimi satqın, maşa dövləti başqa hardan tapacaq ki? Məhz buna görə də Fransa başda olmaqla Aİ təmsilçiləri də Rusiyanı Ermənistandan çıxarıb, İrəvan “çuxuru”na yerləşməyə çalışırlar. Amma Azərbaycan amilini nəzərə almayanlar uduzacaqlar, bunu ən azı ABŞ kimi qos-qocaman dövlətdə yaxşı anlayırlar. Elə Prezident Co Baydenin ötən ay Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda “Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm”-yazmaqla da “Azərbaycansız olmaz” mövqeyini ifadə etmişdi. Təbii, gəlişigözəl sözlər bizi arxayınlaşdıra bilməz, necə ki, dövlətimizin prinsipial mövqeyi ortadadır. Zəfərimizi hələ də həzm edə bilməyən, Ermənistana hərbçi kontingentini ayrı-ayrı adlar altında göndərən, 300 minlik Qərbi Azərbaycan qaçqınının taleyini görməzdən gəlib, bir ovucluq Qarabağ ermənilərini – onların böyük əksəriyyəti Azərbaycana qarşı döyüşüb – əldə bayrağa çevirən, işğalçı bir ölkənin ordusuna yeni nəfəs verməyə çalışan, səfirini hələ də Şuşa ziyarətindən yayındıran dövlətə necə etibar edə bilərik?
Dünyanın supergücündən Bakıya telefon zəngi sıradan zəng deyil. Azərbaycan dövlətinin qətiyyətli siyasəti, ölkə başçımızın prinsipial mövqeyi nəzərə alınmaya bilməzdi. Bəlli mövqeyimiz var: Ermənistan hara gedir, getsin, hansı cəhənnəmə inteqrasiya edir-etsin, amma Azərbaycanın əl-ayağına dolaşmasın! Dolaşsa, özü üçün də, dəstəkçilərinə çox pis olacaq.
Elşad PAŞASOY