"ABŞ bütün bunları nəzərə almamış deyil" - deputat

"ABŞ bütün bunları nəzərə almamış deyil"
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.
Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.
Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Antoni Blinken və İlham Əliyevin telefon danışığını “Sherg.az”a dəyərləndirən deputat Aydın Hüseynov bildirib ki, Brüsseldə keçiriləcək ABŞ, Aİ və Ermənistan görüşü haqqında qarşı tərəfin hansı izahat verməsindən, hansı fikirlər səsləndirməsindən asılı olmayaraq bu, bütövlüklə Azərbaycana qarşı yönəlib:
“Fransanın xarici işlər nazirinin amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı hədələməsi, bizi hədəfə alması təsadüfi deyil. Ermənistanı yeni müharibəyə hazırlayan, regionda sülh prosesinə əngəl yaradan da məhz Fransadır. Haqlı olaraq Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında Parisin destruktiv, təhrikedici addımlarını xüsusi olaraq vurğuladı. Bundan başqa, Azərbaycanın müxtəlif diplomatik kanallarla bu görüşün təxirə salınmasını əsaslandlraraq istəməsinin nəzərə alınmaması bunu deməyə əsas verir ki, Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil”.

Deputat bildirib ki, ABŞ kimi dünyanın ən güclü ölkəsinin dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi, vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir:
“Azərbaycan regionun ən güclü ölkəsi, 44 günlük Vətən müharibəsinin qalibi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirən dövlətdir. Həmçinin bu dövləti idarə edən, onu indiki gücünə çatdıran, nüfuz sahibi edən bir rəhbəri, Ali Baş Komandanı var. ABŞ bütün bunları nəzərə almamış deyil”.

A.Hüseynov onu da vurğulayıb ki, Qərb Azərbaycanın doğru hədəfə vurduğunun fərqindədir:
“Guya bu proseslər, imzalanacaq sənədlər Azərbaycana qarşı deyil. Söhbət Ermənistana dəstəkdən gedirsə, burada hədəf kim ola bilər? Onlar, Rusiyanın Ermənistandan çıxarılmasından danışırlar. Amma bunun tezliklə baş tutacağı inandırıcı görünmür. Rəsmi İrəvan çalışır ki, qısa zaman ərzində istəyinə çatsın. Amma maneələri aşmaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən Ermənistan həm də Avropanın və ABŞ-ın həqiqi dəstəyini qazanmaq istəyir. Sözdə dəstək vəd edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda buraxacağı qorxusu var. Başqa bir ssenaridə Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın plasdarmı olub. İndi isə Fransa başda olmaqla, Qərbin hərbi plasdarmına çevrilir. Regionunda cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status kvo yaratdı. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir”.
Tarix: 4-04-2024, 19:25
Xəbəri paylaş





Xəbər lenti