İnsan cəmiyyətində sözü ilə əməli üst-üstə düşməyənə pis baxılıb həmişə. Bu, min il əvvəl də belə idi, min il sonra da belə olacaq. Dilindəki dualar ürəyindən qaynaqlanmayan nə qədər adamla qarşılaşmışıq. Hər zaman da ikrahla xatırlayırıq. Bu, dövlətlərə də aiddir. Axı dövlət də nəticədə adamlardan ibaətdir.
Tarixin ən məşhur siyasi cəngavərlərindən biri olan Otto fon Bismarkın bir sözü vardl: "Siyasətin və kolbasanın hazırlandığı yeri görsəniz, heç birinə yaxın durmazsınız". Bir yazımda mən müəllifi qədər məşhur olan bu fikri şərh edərək yazmışdım: "Siyasətin çirkli peşə olduğunu deyirlər. Əslində çirkli (çirkin) adamların siyasəti çirklidir. Siyasət milyonlarla insanı xoşbəxt və ya bədbəxt edə bilir. Çirkin adamın siyasəti, əlbəttə, bədbəxtlik gətirər" və sair.
Bu fikir indi bir daha öz təsdiqini tapır. Çox təəssüf ki! Ermənistan rəhbərlərinin siyasəti keçmişdə də bədbəxtlik gətirib, indi də gətirir. Həm də təkcə qonşuya, yada yox, elə ən çox öz xalqına. Erməni cəmiyyətinin idarə olunmasında kilsənin öz yeri olub həmişə, yenə də var. Bu, mənə Yerji Koşinskinin romanındakı saxta "mömin"lərin riyakar yaşam üslubunu bir daha xatırlatdı; eyni adamlar həftədə bir dəfə bazar günü kilsəyə gedib Tanrıya dua edirdilər, qalan bütün həftə boyunca Tanrıya asi davranırdılar. Ən yaxşı halda bir gün Tanrıya ibadət edirdilər, altı gün Şeytana itaət edirdilər. Bəlkə ona görəymiş ki, məşhur Norveç yazıçısı Knut Hamsun keçən əsrin əvvəlində Qafqaza səfərindənn yazdığı "Nağıllar diyarında" adlı yol qeydlərində deyirdi: "Ermənistanda Şeytana sitayiş edirlər".
Zahirdə Allaha, batində şeytana sitayiş etmək, görünür, təkcə Ermənistan siyasilərinin tərzi deyilmiş...
Ölkəmizi, bütövlükdə bölgəmizi yaxından ilgiləndirən çox ciddi proseslər gedir. Bəli, hadisələr yox, proseslər. Cənubi Qafqazda 30 illik haqsız, Allahsız (şeytani) bir status-kvo vardı. Adına "işğal" deyək. Azərbaycan bu durumu dəyişdi. Yeni ststus-kvo bölgədə savaş üzərində deyil, barış - sülh üzərində qurulacaqdı. Azərbaycan buna çalışırdı və çalışır. Düşmənçiliyə son qoyub əməkdaşlığa, heç olmasa, dinc qonşuluğa keçid etmək! Bunun nəyi pisdir. Yerin qanunlarında da, Allah qatında da bu, nəcib əməl sayılır və yaxşı qarşılanır. Ancaq Allahın müxalifəti olan şeytan dinc durarmı heç. Mütləq nəsə bir fitnə-fəsadla aranı qarışdırmalıydı axı! Bax, aprelin 5-də baş verən bu idi. Qərbin aparıcı dairələrinə söykənən revanşist zehniyyət başqa yol seçib. Bu bölgəyə heç bir dəxli olmayan gücləri Cənubi Qafqaza gətirir. Söhbət ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin son Brüssel görüşündən, orda əldə olunmuş razılaşmalardan gedir.
Təbii ki, Azərbaycan buna etiraz edir. Türkiyə etiraz edir. Rusiya da məlumdur ki, etiraz edir. Bölgənin dörd əsas aktorundan üçü bu duruma öz etirazını bildirir. Bəs dördüncü aktor - İran nə edir?! Tam anlamda heç nə. Daha doğrusu, bölgəyə yad güclərin müdaxiləsinin qarşısını almaq üçün heç nə etmir. Dünənə qədər həmin Tehran rejimi Azərbaycanı günahlandırmaq üçün cürbəcür əfsanələr uydururdu. Hətta Zəngilan fermasındakı camışları öz təhlükəsizliyinə təhdid elan edirdi. Bölgənin əsas dövlətləri - Azərbaycan və Türkiyə, eləcə də, Rusiya "Zəngəzur dəhlizi" ilə bağlı təşəbbüs göstərəndə, mövqe bildirəndə, o torpaqları öz "qırmızı xətti" elan edirdi. Bəs "Böyük Şeytan" adlandırdığı güc "Avropa Birliyi müşahidə missiyası" adı altında NATO-nu Ermənistana, Zəngəzura yerləşdirəndə niyə İranın səsi çıxmadı?! Məgər Azərbaycan fermasındakı "yaxınmənzilli" camışlar Amerikanın Ermənistanda yerləşdirəcəyi ortamənzilli ballistik raketlərdən daha qorxuludur İran üçün?!
Az qala Amerikalı caz qrupunu belə Azərbaycanda görmək istəməyən İran hakimiyyəti indi Ermənistanın Amerika əsgərləri ilə hərbi təlimlərinə niyə susur?! Üstəlik, İran təyyarələrinin Ermənistana silah daşımasına da heç bir İran diplomatı münasibət bildirməyib. Doğrudanmı, Azərbaycan İran üçün ABŞ-dan, Avropa Birliyindən, həmin o Fransadan daha qorxuludur?! İran dünyanın cürbəcür bucaqlarında ABŞ-la üz-üzə gəlir. Suriyada, Livanda, Fələstində, İraqda, Qırmızı dənizdə, Yəməndə, körfəzdə... Tehranla Vaşinqton silahlı qarşıdurma vəziyyətindədir; bir-birinə hücum edir, zərər verir. Ancaq məsələ Cənubi Qafqaz olunca, Azərbaycan olunca, İran "Böyük Şeytan" adlandırdığı dövlətin həmlələrinə səssiz qalır. O zaman kim olur "Böyük şeytan"?! Amerika və Avropa bölgəyə marağını gizlətmir, Cənubi Qafqaza iqtisadi və siyasi müdaxilə niyyətini, hətta Ermənistanı silahlandırmaq planlarını gizlətməyə elə də xüsusi səy göstərmir. Amma İran nə edir?! Bu planlara susqun razılıq verir. Özünün on milyonlarla vətəndaşının Azərbaycan türkü olmasına, Azərbaycan əhalisinin 90 faizindən çoxunun müsəlman olmasına rəğmən Ermənistanı özünə "qardaş ölkə" elan edir və ən qəribəsi, özünə düşmən ölkə saydığı Amerikanın özünün "qardaşı" okan ölkəyə gəlişindən tükü də tərpənmir İranın. Bu, nəmənə işdir?! İran Qəzzada qətlə yetirilən minlərlə müsəlmanı, sadəcə, quru sözlərlə - növbətçi bəyanatlarla yada salır, ancaq əməli yardımı, dəstəyi xristian Ermənistana göstərir. Bunun sirri nədir?!
Bunun sirri üzdə Amerikanı "düşmən" elan edib, pərdə arxasında Vaşinqton rəsmiləri ilə gizli danışıqlardır. Üzdə Cənubi Qafqazdakı "qırmızı xəttlər"ini bəyan edib, əməldə bu xətti tapdayanlarla işbirliyidir. Görüntüdə Amerika bayrağını yandıranlar arxada Amerika bayrağı altında gizli danışıqlara otururlar. Vaşinqton bunların neft satmağına mane olmasın deyə, ABŞ-ın Yaxın Şərqdə və Cənubi Qafqazda yerləşməsinə göz yumur İran. Bəs hanı sizin Suriyadakı, yaxud İraqdakı "qırmızı xəttiniz"?! Yaxud Yəməndə, Livanda. Qəzzadakı "qırmızı xətti" isə dünya gördü. Bölgə qan qırmızısına dönmüş artıq! Xətt-filan qalmamış! Budurmu, müsəlman təəssübkeşlik?! Bu qədər müsəlmanın, dinc insanın qanı üzərindən bazarlığa oturmaq necə bir hissdir, Tehranlı və Tehrana bağlı ağalar?! Biz hər zaman Qərbin ikili standartlarından danışırıq və haqlıyıq da. Amma, bax, İranın simasında Şərqin ikili standartlarından zərər çəkirik. Harda qaldı o haqqında "qırmızı-qırmızı" bəhs etdiyiniz "qırmızı xətlər"?! Guya İslamın keşikçisiymiş! Bu boyda da qırmızı yalan olar?!
Bahəddin Həzi, Bizimyol.info
Tarix: 7-04-2024, 11:01