Azərbaycan AŞ PA-ya qayıtmalıdır - İNDİKİ VƏZİYYƏT İRANI VƏ RUSİYANI SEVİNDİRİR
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyası öz işinə başlayıb.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycanın deputat qrupunun AŞ PA-dakı mandatı təsdiqlənməyəndən sonra ölkəmizlə bu təşkilat arasında problem yaranıb.
AŞ PA-nın Ukrayna Parlamentindən olan təmsilçisi Oleksiy Qonçarenko Gununsesi.info-ya özəl müsahibəsində Azərbaycanla Avropa Şurası aradındakı gərginlikdən danışıb.
Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmamasından təəssüfünü bildirən Oleksiy Qonçarenko deyib ki, bu yolla Azərbaycanda insan haqları probleminin həllinə nail olmaq çətindir: “Azərbaycanla bu məsələləri təşkilat daxilində həll etmək lazımdır. Uzaqlaşdırmaq doğru deyil. Mövcud durum İranı və Rusiyanı sevindir. Təşkilat daxilində bütün mövzuları müzakirə edərək nəticə əldə etmək mümkündür. Kənarlaşdırmaqla nəticə əldə etmək olmur. Mən yanvar sessiyasında da demişdim ki, Azərbaycanla Avropa Şurası ortaq nöqtə taparaq, problemi aradan qaldırmalıdır.
Azərbaycanda insan haqları probleminə gəlincə, ukraynalı deputat deyir ki, bu cür problemlər təşkilata üzv olan hər bir dövlətdə olur:“İnsan hüquqları problemləri hər ölkədə var. Elə bir ölkə yoxdur ki, orada insan hüquqları problemləri olmasın. Onu həll etmək üçün Avropa Şurası daxilində əməkdaşlıq olmalıdır. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞ PA-ya qayıtmalıdır ki, bu məsələlər dialoq səviyyəsində danışılsın. Azərbaycan nümayəndə heyəti burada olmalıdır ki, insan haqlarının vəziyyəti izlənilsin. Azərbaycan da Parlament Assambleyasının çağırışlarına qiymət verməlidir. Hansıki, bunlar insan haqları dəyərləridir. Azərbaycanı burada görmək xoş olardı. Azərbaycan burada olmalıdır və əməkdaşlıq davam etdirməlidir. Bu Qafqazda sülh əmin-amanlıq üçün də vacibdir”.