“Ramiz Məmmədov jurnalistlərdən üzr istəməlidir” – MEDİA KAPİTANLARINDAN TƏLƏB



Media kapitanları təhqir olunan jurnalistlərin müdafiəsinə qalxdı.







Ölkə mətbuatında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi haqqında mlumat dərc olunub. O, bildirib ki, Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. R.Məmmədov Azərbaycanda bir dənə də olsun jurnalistin olmadığını bildirib.

İnterpress.az məsələ ilə əlaqədar olaraq, media kapitanlarının R.Məmmədovun jurnalistləri təhqir etməsinə münasibətini öyrənib.

“Onun üzr istəməyi vacibdir”

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, istənilən halda, heç bir şəxsə kimisə təhqir etmək hüququ verilməyib. Baş redaktor R.Məmmədovu Azərbaycan mətbuatından üzr istəməyə çağırıb: “Nəinki, jurnalistləri, heç kimi təhqir etmək olmaz. Eyni zamanda, həmin şəxs ictimai şəxs olarsa, bunun təhqir ifadə etməsinə heç bir halda haqq qazandırmaq olmur. Düşünürəm ki, yəqin, ramiz Məmmədov əsəbi olub və dediyinin fərqinə varmayıb. Ona görə də, əsəbi halda dilinə gətirdiyi nalayiq ifadələrə görə, üzr istəməyi məsləhətlidir. Onun üzr istəməyi vacibdir. Bu qayda belədir. Yəqin ki, bu addımı atar”.

“Alimin jurnalisti təhqir etməsi iki qat biabrçılıqdır”

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bildirib ki, R.Məmmədovun açıqlaması, sadəcə olaraq, biabrçılıqdır: “Mən Ramiz Məmədovun jurnalistləri təhqir etməsi ilə sosial şəbəkələrdən tanış oldum. Sadəcə olaraq, biabrçılıqdır. Öz də həm də ona görə ki, təqhir edən şəxs elmi institutun rəhbəridir, yəni, alimdir. Alimin jurnalisti təhqir etməsi iki qat biabrçılıqdır. Çünki, bunu sıradan bir adam etsəydi, hardasa, anlamaq olardı. Amma bu təqhir alim tərəfindən olunursa, mən buna söz tapa bilmirəm. Çünki, jurnalistin vəzifəsidir ki, o, informasiya alsın. Əgər, buna da alim tərəfindən imkan verilmirsə, bu, həm də qanun pozuntusu deməkdir. R.Məmmədov belə çıxır ki, KİV haqqında qanundan bixəbərdir”.

A.Camalqızı bu cür təhqirlərə qarşı ölkə mətbuatını birlik nümayiş etdirməyə çağırıb: “Düşünürəm ki, Azərbaycan mediası bu cür hallara qarşı öz ciddi mövqeyini ortaya qoymalıdır. Çünki, bu cür hallarla Azərbaycan mediasına hörmətsizlik nümayiş olunur. Halbuki, jurnalistika və jurnalistlər dünyada həm ölkələri üçün, həm vətənləri üçün ən fədakar insanlardır. Müharibələrdə, cəbhə bölgəsində həyatını itirmiş həmkarlarımız var. Düşünürəm ki, R.Məmmədovun bu münasibəti həm də şəhidlərin ruhuna təhqir hesab olunur. Ona görə də, belə hallara qarşı hamımız birlik nümayiş etdirməliyik ki, onlar ifadələrinə diqqət etsinlər. Amma bununla yanaşı, jurnalistlər də müsahiblərinə qarşı təmkinli və son dərəcə diqqətli olmalıdırlar. Təbii ki, mənim də fikirlərim hansısa media orqanlarında təhrif olunub. Demədiyim fikirlər mənim adımdan səsləndirilib. Bu cür hallar da müsahibləri narahat edir. Ona görə də, jurnalistika ilə peşəkar insanlar məşğul olmalıdır ki, bu cür problemlər ortaya çıxmasın. Əgər, jurnalist də müsahibin firkini təhrif edirsə, bu, qeyri-peşəkarlığın nəticəsidir”.

“Ramiz Məmmədov evdə həyat yoldaşı ilə dalaşıb sonra işə gəlib”

Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər R.Məmmədovun jurnalistlə danışmazdan əvvəl həyat yoldaşı ilə dalaşdığını ehtimal edib: “İctimai nüfuzu olan şəxslər, ümumiyyətlə, ictimaiyyət nümayəndələri dedikləri ifadələrə diqqqət etməlidir. Xüsusi ilə, əgər, biz bu gün Avropada oturan 3-5 çapulçunun söyüşləri ilə mübarizə aparırıqsa, eyni şəkildə, həm parlamentdə oturan, həm akademiyada oturanlar da Vidadiləri, Orduxanları qəti şəkildə tənqid etməliyik. Çünki, söyüş və təhqir yolverilməzdir. Ümumiyyətlə, söyüş və təhqir heç bir şəkildə mübarizə vasitəsi ola bilməz. Həmin akademik jurnalistləri təhqir etməsi ilə özünün xarakterini ortaya qoyur. Təəsüf edirəm ki, AMEA-da da vidadilər və orduxanlar var. Düşünürəm ki, Ramiz Məmmədov evdə həyat yoldaşı ilə dalaşıb sonra işə gəlib. Həmin anda da jurnalist zəng edib. R.Məmmədov da məişət problemlərinin cəzasını jurnalistlərin üstünə çəkib”.

“Təəssüf edirəm ki, bu cür tərbiyəsiz bir insan instituta rəhbərlik edir”

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə Ramiz Məmmədovun jurnalistləri təhqir etməsini tərbiyəsizlik adlandırıb: “Çünki, heç cür jurnalistlərin hamısını o şəkildə ümumiləşdirmək olmaz. R.Məmmədov hansısa jurnalistin bacarıqsızlığını, yaramazlığını görübsə, bu, tamamilə mümkündür. Amma bununla ümumi bir jrunalist obrazı yaradıb jurnalistləri təhqir etmək yolverilməzdir. Ayrı-ayrı jurnalistləri təhqir etsəydi, yenə, bunu hardasa başa düşmək olardı ki, bəlkə də, onu hansısa jurnalist incidib. Misal üçün, mən durub desəm ki, Azərbaycandakı bütün coğrafiyaçılar yaramazdılar, bu, axı insanlığa sığan bir şey deyil. Təbii ki, mən belə bir şey heç vaxt demərəm. Mən alimin jrunalistləri təhqir etməsi xəbərini gördüm və sadəcə, təəssüf etdim ki, bu cür tərbiyəsiz bir insan instituta rəhbərlik edir. Adamın hansısa jurnalistlə problemi var idisə, konkret olaraq, o jurnalistə sözünü ünvanlaya bilərdi və tədbir görülərdi”.

“Biz Ramiz Məmmədovu jurnalistlərdən üzr istəməyə çağırırıq”

“Big.az” saytının baş redaktoru Rövşən Əsədov qeyd edib ki, jurnalisti “bezdarnı” adlandıran bir insan elə özü “bezdarnı”dır: “Çünki, bu adam ölkədəki yüzlərlə, minlərlə jurnalistin qabiliyyətinə, bacarığına bələd olmadan bu təhqir dolu fikirləri səsləndirir. Eyni zamanda, R.Məmmədov adının qabağında titullara yaraşmayan tərzdə açıqlama verib. İkinci açıqlamasında isə, deyib ki, demişəm, əcəb eləmişəm. Bu, ən azından onun insanlığına yaraşmayan bir hərəkətdir”.

R.Əsədov Azərbaycan mətbuatının xaricdəki təhqir kampaniyası ilə mübarizə apardığı bir vaxtda R.Məmmədovun jurnalistləri təqhir etməsinə heç cür haqq qazandıra bilmədiyini bildirib: “Eyni zamanda, ölkə rəhbərliyi də, ölkə başçısının köməkçisi Əli Həsənov da dəfələrlə söyüş və təhqirin yolverilməz olduğunu, mübarizə avsitəsi olmadığını bildirib. Bilirsiniz ki, Avropadan ölkəmizə qarşı söyüş kampaniyası başladılıb. Və bu kampaniyaya qarşı da bütün Azərbaycan mətbuatı birləşib. Azərbaycan mətbuatının təhqirə qarşı olduğu halda, öz daxilimizdən olan Ramiz Məmmədov kimi insanlar mətbuatı təhqir edir. Biz R.Məmmədovu jurnalistlərdən üzr istəməyə çağırırıq. Və hətta tələb edirik ki, o, jurnalistlərdən üzr istəsin”.

Səid Qərib
Tarix: 31-03-2018, 21:01
Xəbəri paylaş





Xəbər lenti