Məmurların küçədə "süpürdüyü" ədalət: onu kim öldürdü?



 
Ölkənin qanunları, femidası, vətəndaşların hüquqları qanı yerə tökülən süpürgəçi qadının meyiti kimi “qətlə yetirilib”.
Onun ölümündə hamı günahkardır: hökumət də, vətəndaşların seçmədiyi millətin vəkilləri də...
Həmin millətin vəkilləri ki onları hökumət təyin edib, vətəndaşın sosial haqlarını da iqtidarın pəncərəsindən “müdafiə” edirlər.

Anaxeber.az xatırladır ki, elə sonuncu qandonduran, ürəkparçalayan fotoya deputat Musa Urudun göstərdiyi münasibət kimi - rəzil, utancverici rəy!
M.Urud aldı görək nə deyib: “O qadını küçə süpürməyə kimsə məcbur etməyib...”
Görünür, cəmiyyəti qıcıqlandırmaqda Hadı Rəcəbli yolunun layiqli davamçısı olan Musa Urud 125 manat pensiya ilə sürünməyin nədən ibarət olduğunu heç vaxt yaşamayıb. Yaşasaydı, “onu kimsə küçə süpürməyə məcbur etməyib” deməzdi.
Halbuki, bu dəhşətli fotonun üzərindən parlament tribunasında hökumətin sosial siyasətini kəskin tənqid etməli olan M.Urud mandatına görə mövqeyini “süpürdüb”.
Yeri gəlməmiş parlamentdə maaşların azlığından şikayətlənən deputatların və onlardan biri olan M.Urudun küçə süpürməyə məcbur olan qadının dolanışığından xəbəri olubmu?
Seçici olan həmin mərhumənin rayonundan təyin edilmiş deputat bircə dəfə seçicilərlə görüş keçiribmi?
Nəinki Avropada, qonşu Rusiya və Türkiyədə, İranda, Gürcüstanda yaşlı qadınlar küçə süpürmürlər.
Çünki hökumətin onlara verdiyi təqaüd, sosial imtiyazlar, pulsuz səhiyyə yetərlidir ki, ömrünün ahıl çağında yolları qışın sazağında, yayın cırhacırında spürməyə məhkum olmasınlar.
Azərbaycanda isə hər gün korrupsiyaya bulaşmış məmurların, biznesmen deputatların şütüyüb keçdiyi milyonluq maşınların tozanağını neft ölkəsinin ahıl qadını süpürməyə məcburdur ki, ac qalmasın, işıq pulunu, dərman pulunu güc-bəla tapa bilsin.
M.Urud isə deyir ki, onu heç kəs küçə süpürməyə məcbur etmir. Onu küçəni süpürməyə məcbur edənlər xalqın, onun büdcədəki halal haqqını mənimsəyərək özlərinin, ailələrinin, yaxınlarının komfort həyatını təmin ediblər.
 


Anaxeber.az yazır ki, ölkə bu cür sosial ədalətsizliyin, məmur qudurğanlığının, hüquqsuzluğun cəngindədir.
Oliqarx balası bahalı maşını ilə günahsız piyadanı öldürür, səfalət içində yaşayan ahıl qadın küçələri süpürməyə məcbur olur, bu da azmış kimi hökumətdən hesab soruşmaq əvəzinə günah öləndədir deyilir.
Və bu cür hiddət doğuran çıxışlar seçkiqabağı verilir. Məgər, vətəndaşları iqtidarın namizədinə səs verməyə belə çağırış olunmalıdır?!
Faktiki olaraq, deputatlar çıxışları, məmurlar yırtıcı, dağıdıcı fəaliyyəti ilə ölkəni “barıt çəlləyi”nə çevirirlər, sosial gərginliyi günbəgün artırırlar. Bu nə iqtidarın siyasi rəhbərliyinə, nə regiondakı siyasi şəraitə uyğundur.
Ölkəni qaynar qazana çevirməkdənsə, sosial islahatları gücləndirmək, vətəndaşların hüquqlarının məmurlar tərəfindən tapdanmasına göz yummamaq üçün konkret proqram olmalıdır, millət vəkilləri hökumətə tövsiyələr verməlidirlər.
Bəzən Qüdrət Həsənquliyevin çıxışlarında təkliflər olur və hakimiyyətə səslənir ki, bu cür daxili siyasətlə arxayınlaşmaq olmaz və xalqın qəzəbinə bir gün tuş gələndə qarşısıalınmaz proseslər başlana bilər.
Ölkədəki gərginliyin səbəbi tüğyan edən korrupsiya, sosial ədalətsizlik, insan haqlarının tapdanmasıdır. Bu hüququ pozulan insanlardan biri də bir qarın çörək üçün küçə süpürərkən faciəvi hadisənin qurbanı olan o qadın idi.
Əgər hökumət ona ən azı Rusiyada, Şərqi Avropa ölkələrində olduğu qədər pensiya versəydi, əsla küçə süpürməzdi. Sosial ədalətsizlik budur, Musa müəllim.
 
İnsanı daha orta əsrlərdə olduğu kimi qul edib istismara məruz qoymurlar, iqtisadi cəhətdən, yoxsulluqla köləliyə, məcburi əməyə məhkum edirlər. Və bunu bilməməyiniz mümkün deyil.
Sosial şəbəkələrdəki etirazçıların bu hadisəyə, həmin dəhşətli fotoya reaksiyası da məhz “Galenvagen”lə xalqdan oğurlanmış pullarla kef-əyyam çəkən, süpürülən həmin küçədən 150 sürətlə şütüyən hansısa rüşvətxor, yekəqarın məmurun oğlu ilə bərabər bu ölkənin pasportunu daşıyan həmin qadının ac qalmamaq üçün gördüyü iş zamanı ölməsinə deputatın ədalətsiz, haqsız münasibəti idi...
Və bu etirazlar həm də hakimiyyətə bir çağırış idi ki, ölkəni bu cür sosial idarəçiliklə uçurumun kandarına yaxınlaşdırmısınız.
Turan 
Tarix: 2-04-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti