ABŞ Rusiyaya qarşı sanksiyalar planından çəkildimi...


Şahin Cəfərli: “Tramp Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmaqda o qədər də həvəsli və istəkli görünmür”

ABŞ prezidenti Donald Trampın İranla nüvə danışıqlarını dayandırmaq qərarı dünya gündəminin bu qalmaqala cəmləşməsinə səbəb oldu. İranla ABŞ arasında yaranan növbəti gərginlik aprelin əvvəlində sonuncunun Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları sanki arxa plana keçirdi. Düzdür, ABŞ sanksiyalarına məruz qalan Rusiya sənayesi, oliqarxları onun təsirlərini getdikcə daha sərt şəkildə hiss etməkdədirlər. Lakin İran problemi aktuallaşandan bu məsələ gündəmdən kənarlaşmış oldu. Belə ki, apreldə açıqlanan sanksiyaların davamı olacağı deyilsə də, hələ ki bu barədə ciddi bir açıqlamaya rast gəlinmir. Bu, ABŞ-ın Rusiyaya qarşı sanksiya planlarından geri çəkilməsidir, yoxsa proses davam etdirilir?

Politoloq Şahin Cəfərli deyir ki, ABŞ-ın Rusiyaya qarşı istər Obama dövründə, istərsə də Tramp seçildikdən sonra tətbiq etdiyi sanksiyalar qüvvədədir və hazırda işləyir: “2017-ci ilin iyulunda Konqres ”Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında Akt" (Countering America’s Adversaries Through Sanctions Act - CAATSA) qəbul edib. Tramp tərəfindən həmin ilin avqustunda imzalanaraq qüvvəyə minən bu qanunda Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi əksini tapıb, eyni zamanda Obama dövründə prezidentin sərəncamları əsasında qəbul olunmuş sanksiya qərarları qanunlaşdırılıb. Prezident Konqresin razılığı olmadan həmin sərəncamları ləğv edə bilməz.

Ä°lgili resim

CAATSA qanunu əsasında ötən ilin ikinci yarısından bəri Rusiyaya qarşı bir sıra yeni sanksiyalar tətbiq olunub və onlar hazırda qüvvədədir. Lakin burada bir önəmli məqam var ki, qanunda sanksiyalar detallı şəkildə qeyd olunmayıb, yəni xırdalıqlara gedilməyib və məsələ konkretləşdirilməyib. Sadəcə olaraq, ümumi şəkildə qeyd olunur ki, filan sahələr üzrə prezident Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir. Yəni prezidentə geniş təşəbbüs və manevr imkanları tanınır".

USA Russia sanctions ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, ötən dövrdən bəri açıq-aydın müşahidə olunur ki, Tramp Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmaqda o qədər də həvəsli və istəkli görünmür: “Hər dəfə yeni sanksiyalar barədə qərarlar Konqresin çağırışı, bəzən isə təzyiqi ilə qəbul olunur, çünki Konqres öz qəbul etdiyi qanunun icrasına ciddi nəzarət edir. Amma Tramp qanunda nəzərdə tutulan sanksiyaların maksimumunu hələ tətbiq etməyib. Bunun əsas səbəbi bir tərəfdən sanksiyaların mərhələli şəkildə ağırlaşdırılması taktikası və Rusiyanın Ukrayna məsələsində öz mövqeyini dəyişib-dəyişməməsinin izlənilməsi ilə əlaqədardırsa, digər səbəbi budur ki, Tramp beynəlxalq terrorçuluqla mübarizə, İran məsələsi və Suriya probleminin həllində Rusiya ilə əməkdaşlıq etmək istəyir. O hesab edir ki, bu problemlərin həllində Moskva ilə əməkdaşlıq nəticəsində daha tez və effektiv nəticələrə nail ola bilər. Digər tərəfdən, düşünürəm ki, Trampın Putinə olan şəxsi simpatiyası da burada qismən rol oynayır. O, seçki kampaniyası dövründə bu simpatiyasını açıq büruzə vermişdi. Ötən həftələrdə Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi ilə əlaqədar ABŞ-ın Əsəd rejiminin himayəçisi olan Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi gözlənilirdi, hətta BMT-dəki səfir Nikki Heyli bu barədə açıqlama vermişdi. Lakin Tramp son anda bu sanksiyaları əngəllədi. Əslində Trampın Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyəti də yox idi, əksinə, o, sələfi Obamanın dövründə tətbiq olunmuş sanksiyaları yumşaltmağı düşünürdü, bu barədə Trampın seçki qərargahının üzvlərinin Rusiya nümayəndələri ilə danışıqları da olmuşdu. Məhz bu səbəblə Konqresdəki respublikaçılar və demokratlar Tramp gəldikdən sonra operativ şəkildə CAATSA qanununu qəbul etdilər. Bu qanun üçdə iki səs çoxluğundan daha artıq səslə qəbul olundu və Trampın veto qoymaq imkanı aradan qaldırıldı. Nəticədə Tramp həm Obama dövründəki sanksiyaları ləğv etmək hüququnu itirdi, həm də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə məcbur oldu”.

USA Russia sanctions ile ilgili görsel sonucu

Ş.Cəfərliyə görə, İran, Şimali Koreya, İsrail-Fələstin və Suriya problemlərinin gündəmi zəbt etməsi, şübhəsiz ki, Rusiyaya diqqətin bir qədər azalmasına səbəb olub: “Digər tərəfdən, bu ilin noyabrında ABŞ-da parlament seçkiləri keçiriləcək və Konqresin Nümayəndələr Palatasının tərkibi tam şəkildə, Senatın isə üçdə biri yenilənəcək. Bu səbəblə, Vaşinqtonda hər kəsin diqqəti bu seçkiyə yönəlib. Seçkilərin önəmi bundan ibarətdir ki, əgər müxalifət qanunverici orqanda üstünlük əldə etsə, prezidentlə Konqres arasında qarşıdurma yaranacaq və demokratlar Trampın əl-qolunu bağlamağa çalışacaqlar. Hətta impiçment məsələsinin gündəmə gəlməsi də istisna olunmur. Ona görə də Tramp var gücü ilə çalışır ki, respublikaçılar qanunverici orqanda malik olduqları çoxluğu qorusunlar. Qarşı tərəf isə Tramp əleyhidarlarını maksimum səfərbər edərək seçkidə yüksək iştirak faizinə nail olmağın və qələbə əldə etməyin planlarını qurur.

Lakin buna baxmayaraq, Rusiyaya qarşı qanunvericilikdə nəzərdə tutulan sanksiyaların tətbiqi qaçılmazdır və prezident qanunun tələbini icra etməyə bilməz. Məsələn, Tramp bir həftə əvvəl icra strukturlarına tapşırıq verib ki, Kiçik və orta mənzilli raketlərin ləğvi barədə 1987-ci il tarixli müqaviləyə Rusiya tərəfindən əməl olunmaması ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar işləyib hazırlasınlar. Çünki bu tələb Konqresdə qəbul olunan 2018-ci il hərbi büdcəsində əksini tapıb. Orada konkret qeyd olunur ki, prezident Rusiyada həmin müqavilənin pozulmasına cavabdeh olan şəxslərə qarşı tədbirlər panı hazırlayaraq Konqresə təqdim etməlidir. Bu müddəa əsasında bəzi rusiyalı rəsmilərə yeni sanksiyalar tətbiq olunacaq. Bundan başqa, ABŞ hökuməti CAATSA qanunu əsasında Rusiyanın enerji layihələrinə, silah ticarətinə mane olmağa davam edir. Məsələn, Vaşinqton bir neçə gün əvvəl Rusiyadan Baltik dənizi vasitəsilə Avropaya çəkilməsi planlaşdırılan “Şimal axını 2" qaz boru kəməri layihəsində iştirak edən Avropa şirkətlərinə sanksiya xəbərdarlığı ünvanlayıb. Çünki qanunda Rusiya ilə bu sahələrdə əməkdaşlıq edən üçüncü tərəflərə də sanksiyaların tətbiqi nəzərdə tutulub. Vaşinqton Rusiyadan silah almağı düşünən ölkələri də bu fikrindən daşındırmağa çalışır və artıq müvafiq müqavilələr imzalamış bəzi ölkələri, o cümlədən Türkiyəni sanksiya ilə hədələyir. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları uzunmüddətlidir və bu xəmir hələ çox su aparacaq”.(“Yeni Müsavat”)


 

Tarix: 22-05-2018, 09:09
Xəbəri paylaş





Xəbər lenti