Zurabişviliyə çalınan əcəl zəngi: - Gürcüstan Prezidenti necə devrilir?



Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib.

“Konstitusiyaya hörmət etmək və ona uyğun fəaliyyət göstərmək bütün konstitusiya orqanlarının əsas vəzifəsidir. Bu, xüsusilə Konstitusiyanın özü tərəfindən Konstitusiyanı qorumaq öhdəliyi verilən Gürcüstan Prezidentinə aiddir” - deyə bəyanatda bildirilir.

Hakim partiya qeyd edir ki, Konstitusiyaya görə, Gürcüstan hökumətinin xarici siyasət aparmaqda müstəsna hüququ var və onun həyata keçirilməsində Gürcüstan prezidentinin iştirakı yalnız müstəsna hallarda hökumətin fövqəladə razılığı ilə mümkündür.

“Konstitusiyanın bu şərtini pozaraq, Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstan Prezidenti dünənki görüşdə özünün də etiraf etdiyi kimi, müxtəlif ölkələrə bir neçə səfər edib. Onu da qeyd edək ki, bu səfərlər hökumətlə əvvəlcədən məsləhətləşmədən Prezident tərəfindən təyin edilib və hökumətə səfərlər barədə yalnız bundan sonra məlumat verilib. Bu da Prezidentin Konstitusiyanı qəsdən pozduğunu təsdiqləyir. Biz prezident institutunun qayğısına qaldıq və bu faktı ictimailəşdirmədik, amma indi Prezident özü bunu açıqladığına görə siyasi cavab verməyi zəruri hesab edirik.

Dünən biz də Gürcüstan Prezidentinin gedən proseslərlə bağlı bir neçə anlaşılmaz bəyanatını eşitdik... Yada salaq ki, hökumətimiz bütün beynəlxalq forumlarda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi və Rusiyanın təcavüzünə cavab verilməsi ilə bağlı bütün siyasi qərarların qəbulu zamanı aydın mövqe nümayiş etdirib - istər Rusiyanın Avropa Şurasında üzvlüyünün dayandırılmasında, istər BMT-nin qətnaməsinin sponsorluğunda, istərsə də Haaqa Məhkəməsində qaldırılan iddianın həmmüəllifi olmaqda və s. Əgər Prezident deyirsə ki, Gürcüstan sanksiyalara qoşulmalı, müharibəyə qarışmalıdır, o zaman özü də səmimi olmalı, cəsarət göstərməli və bu barədə açıq danışmalıdır. Biz ümid edirik ki, o, sanksiyalardan və müharibədən açıq danışa bilməyən, lakin bütün təxribatları ilə hakimiyyəti buna sövq etməyə çalışan radikal müxalifətin taktikasını təkrarlamayacaq” - bəyanatda belə yazılıb.

Hakim partiya hesab edir ki, Prezidentin Konstitusiyaya zidd hərəkətləri və bəyanatları Rusiya-Ukrayna müharibəsi şəraitində dünyanın və Gürcüstanın təhlükəsizliyinin xüsusi problemlərlə üzləşdiyi bir vaxtda ciddi təhlükə yaradır.

Bundan başqa, “Gürcü Arzusu” Salome Zurabişvilinin Dövlət Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətin geniş müzakirəsi üçün çağırılması ilə bağlı bəyanatlarını “tamamilə anlaşılmaz” adlandırıb.

“Bu hakimiyyət orqanına qeyri-hökumət qurumlarının, Prezidentin və müxalifətin nümayəndələrinin daxil edilməsi birbaşa sistemin məntiqinə və orqanın mahiyyətinə ziddir. Belə olan halda belə açıq-aşkar görünür ki, Gürcüstan Prezidenti ya Gürcüstan Konstitusiyasını oxuya bilmir və bu günə kimi onun mahiyyətini dərk edə bilməyib, ya da indiki halda Konstitusiyanı özünəməxsus şəkildə yenidən yazmağa çalışır”.

Hakim partiya Prezidenti konstitusiyanı oxuya bilməməkdə və ya düzgün oxumamaqda ittiham edib.
Tarix: 16-03-2022, 07:28
Xəbəri paylaş





Xəbər lenti