Ölkəni silkələyən iki hadisənin bağlantısı ola bilərmi?

İlham İsmayıl: “Biri qəza, digəri qəsddir...”

Azərbaycanda iyulun 3-4-də baş verən iki hadisənin bir-biri ilə bağlılığı ola bilər. Söhbət enerji təchizatı sistemindəki qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən gedir.

Hadisələr baş verəndən bəri sosial şəbəkələrdə irəli sürülən bu versiyanı “Real TV”-nin rəhbəri Mirşahin Ağayev dilə gətirib. O bildirib ki, E.Vəliyevə atəş açan Yunis Səfərov hər iki hadisənin icraçısı ola bilər: “Günlərin bir günü məlum olsa ki, Yunis Səfərov terror cəhdindən az əvvəl bulanıq Mingəçevir dənizində balıq tuturmuş, buna qətiyyən təəccüblənmərəm. Çünki əvvəla, Mingəçevir Gəncədən məsafə etibarilə çox uzaqda deyil. Terror texnologiyası və terrorçu təfəkkürü isə diqqəti yayındırmaq məqsədilə eyni gündə bir neçə aktın həyata keçirilməsini istisna etmir, bir sıra hallarda isə hətta zərurətə çevirir. Mən bu ehtimalı istisna etmirəm. Bəli, Mingəçevir İstilik Elektrik Stansiyasında texniki vəziyyət yarıtmazdır, istehsalat mühiti əlverişsizdir. Amma burada olduğum müddətdə anladım ki, bu çox böyük, strateji sahə, nəhəng işıq tarlamız ən yaxşı və ən etibarlı mühafizə edilmir. Və bu etibarsız avadanlıqlar kənar müdaxilə ilə də partlaya bilərdilər”.

M.Ağayev qeyd edir ki, Y.Səfərov Suriyada döyüş təlimi keçibsə, “ən primitiv partlayıcı qurğuların hazırlanma üsullarına da, onların kənardan işə salınması vərdişlərinə də yiyələnə bilərdi”.

Mingəçevir İES-dəki qəza ilə Gəncənin icra başçısına qəsd arasında bağlantı ola bilərmi? Enerji qəzasının da Y.Səfərov və onunla birlikdə hərəkət etdikləri bildirilən şəxslər tərəfindən törədilməsi versiyası nə qədər real ola bilər?

İlham İsmayıl ile ilgili görsel sonucu

Milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl hesab edir ki, bu iki hadisə arasında heç bir əlaqə yoxdur: “Əlaqə yalnız psixoloji baxımdan ola bilər. Yəni ola bilər ki, Yunis Səfərov işıqsızlıqdan, istilikdən gərginlik keçirərək çoxdan planlaşdırdığı işi məhz həmin gün icra etmək qərarına gəlmiş olar. Yunis Səfərov Allah deyil ki, havaları o qədər istiləşdirəydi, köhnəlmiş avadanlıqlar da bu istidə gərginliyə dözməyib yanaydı”.

İ.İsmayıla görə, Gəncədə baş verən sui-qəsd, Mingəçevirdə baş verən isə birmənalı şəkildə qəzadır: “Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisənin təxribatla heç bir əlaqəsi yoxdur. O stansiyadakı avadanlıqların istismar müddəti çoxdan bitib. Onların təmiri, sazlanması üçün ayrılan vəsaitlər isə korrupsiya qurbanı olub, mənimsənilib. Buna görə də enerjiyə tələbat və havanın temperaturu yüksələn kimi onlar sıradan çıxdılar. O stansiya güclü mühafizə olunan obyektdir, Yunis Səfərov quş deyil ki, görünmədən uçub ora daxil olub, nəhəng avadanlıqları sıradan çıxartsın və görünmədən də oradan uzaqlaşsın. Belə şeylər fantastik filmlərdə olur”.

Mütəxəssis deyir ki, hadisələrin davamının gəlməməsi də enerji təchizatı sistemində baş verənlərin təxribat olmadığını göstərir: “Təxribatı törədirlər, ardınca da müəyyən hadisələr olur, tutalım ki, iğtişaşlar, etirazlar baş verir. Amma elektrik qəzaları olan günlərdə və ondan sonra heç bir belə hadisə olmadı. Hər nə qədər əhali təşvişə düşsə, işıqsızlıqdan, susuzluqdan qəzəblənsə belə, heç bir hadisə baş vermədi. Əgər təxribat olsaydı, mütləq davamı olacaq hadisələr baş verməliydi. Bir sözlə, bu iki hadisənin bir-biri ilə heç bir bağlantısı, əlaqəsi yoxdur”.(“Yeni Müsavat”)


Tarix: 10-07-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti