Rusiya ordusunun babat qaçmağı da var imiş

Ukrayna hərbi rəhbərliyi bu dəfə sağ göstərib sol vurdu


Nəinki Rusiya, hətta bütün dünya Ukraynanın əsas əks – hücumunun Xerson istiqamətində olacağını gözlədiyi bir vaxtda Ukrayna ordusu Xarkov vilayətində sürətli və uğurlu əks – hücüm başlatdı. Xarkov istiqamətində əks – hücum əməliyyatı hələ də uğurla davam edir və nəticə vurmaq hələ tezdir.
Ancaq bu artıq faktdır ki, Ukraynanın əks – hücumu ilə cəmisi bir neçə gün ərzində təxminən 1000 kvadrat kilometr ərazi və 100-ə yaxın yaşayış məntəqəsi azad edilib. Ukrayna ordusunun Xarkov istiqamətində azad etdiyi bu ərazi Rusiyanın aprel ayının 18-dən başlatdığı və bütün yay ərzində davam etdirdiyi Donbas hücumu ilə işğal edə bildiyi cəmi ərazidən 2 dəfə çoxdur.
Ancaq mən bu yazıda başqa bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Rusiya ordusu faktiki müdafiə olunmur, qaçır. Ukrayna ordusu əksər yaşayış məntəqələrini ciddi döyüş olmadan azad edir. Başqa sözlə Rusiya ordusunun qaçaraq boşaltdığı yaşayış məntəqələrinə daxil olurlar. Ukrayna ordusunun Xarkov istiqamətli əks – hücumla bu saata qədər azad etdiyi ən önəmli yaşayış məntəqəsi olan
Balakleya şəhəri də faktiki döyüşsüz azad edilib. Ukrayna ordusunun uzaq mənzilli artilleriya və HİMARS-larla dəqiq zərbələri Rusiya ordusunda elə bir panika yaradıb ki, artıq birbaşa döyüşə girmədən Balakleya kimi önəmli şəhəri qoyub qaçıblar.
Hazırda Ukrayna ordusunun əsas hədəfi regionun əsas yol qovşağı olan, Rusiya tərəfindən Xarkov vilayətinin (işğal olunmuş hissənin) vilayət mərkəzi elan edilmiş Kupyansk şəhəridir. Ukrayna ordusunun ən ön dəstələri şəhərə hələ indi yaxınlaşır. Ancaq rusların dünən axşamdan şəhəri boşaltmaqları haqda məlumatlar var idi.
Rusiya – Ukrayna savaşındakı yeni tendensiya məhz budur – müttəfiqimizin)) ordusu kütləvi şəkildə fərarilik edir, savaşa girmədən qaçıb canını qurtarır.
Hərbi ekspertlər əvvəlcədən hesablaya bilmişdilər ki, ABŞ və digər Qərb ölkələrindən gələn dəqiq silahlar Ukraynanın hərbi gücünü artıracaq. Onu da hesablamışdılar ki, Rusiyanın müasir silahları və hazırlıqlı şəxsi heyəti də tədricən azalacaq və savaşda təşəbbüs Ukraynaya keçəcək. Ancaq bircə şeyi heç bir ekspert proqnozlaşdıra bilməmişdi. Rusiya ordusunun silahlarını buraxıb qaçmağa belə tez başlayacağını heç kim proqnozlaşdırmamışdı. Bizə 20 Yanvar və Xocalı acısını yaşatmış ordunun babat qaçmağı da var imiş.AXCP sədri Əli Kərimli
Tarix: 9-09-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti