Ermənistan iki od arasında

Elçin Mirzəbəyli: “Regionda gedən nüfuz mübarizəsində kimin qalib gələcəyinə, yaxud...”

Ermənistandakı inqilabdan sonra təcavüzkar ölkə uğrunda Rusiya və Amerikanın apardığı savaşın gücləndiyi barədə iddialar durmadan artır. Baş nazir Nikol Paşinyanın yürütdüyü ikibaşlı siyasət bu cür iddiaların getdikcə çoxalmasına səbəb olur.

Üzdə özünü qərbmeylli siyasətçi kimi göstərən Paşinyanın Kremldən qopmaq cəsarətində olmadığı hər keçən gün güzgü kimi aydın olur. Amma bununla belə, Qərb dünyasının Gürcüstanın ardınca, digər Cənubi Qafqaz ölkəsini öz cənginə keçirmək planlarının olduğu sirr deyil. Bu savaşın hansı tərəfin üstünlüyü ilə sonuclanacağı barədə ekspertlərin mövqeləri birmənalı deyil.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövcud situasiyanı bu cür şərh etdi: “Nikol Paşinyanın qütblər arasında manevr etməyə cəhd göstərməsinin obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəblər bunlardır:

- Rusiya Ermənistanın ən böyük iqtisadi və hərbi donorudur;

- Ermənistan Rusiyanın dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistan KTMT-ni təhlükəsizliyinə təminat verən yeganə qurum kimi görür və hələlik bunun alternativi yoxdur.

- Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında Rusiya faktoru önəmli rol oynayır və Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq üçün bu faktordan yararlanmaq məcburiyyətindədir. Rusiya faktoru neytrallaşacağı təqdirdə Azərbaycan çox qısa müddət ərzində öz torpaqlarını işğaldan azad edə bilər ki, bunu da Nikol Paşinyan yaxşı başa düşür.

- Ermənistanın elektrik, təbii qaz, dəmir yolları, maliyyə və digər həyati əhəmiyyət kəsb edən strukturları Rusiya şirkətlərinin və banklarının tam nəzarətindədir.

- ABŞ-da böyük erməni diasporu və lobbisi var. Diaspor və lobbi Ermənistanın daxili siyasətinə ciddi şəkildə təsir etmək gücündədir. Paşinyanın hakimiyyətə gəlməsində həm ABŞ-da, həm də digər Qərb ölkələrindəki erməni diaspor qurumlarının rolu olub. Çox güman ki, Nikol Paşinyanın diaspor, elə də diasporla əlaqəsi olan beynəlxalq fondların qarşısında müəyyən öhdəlikləri var. - Paşinyan anti-Rusiya mövqeyində olan siyasətçidir. Onun kütlə tərəfindən dəstəklənməsində Rusiya əleyhinə səsləndirdiyi bəyanatların da rolu olub.

Subyektiv səbəblər isə aşağıdakılardır:

- Paşinyan hakimiyyətə siyasi sistemdən kənar bir şəxs kimi gəldiyi üçün hər an sabotajla qarşı-qarşıya qalmaq təhlükəsi var.

- O, Ermənistanın yeni xarici siyasət prioritetlərini müəyyənləşdirə bilməyib, yaxud bu prioritetlər, ümumiyyətlə, yoxdur.

- Paşinyanın vəd etdiyi islahatları gerçəkləşdirmək üçün nə maliyyə resursları, nə də komandası var.

- İqtisadi resurslar tamamilə köhnə komandanın - “Qarabağ klanı”nın nəzarətindədir. Ermənistanda Rusiya ilə ABŞ-ın savaşdığını iddia etmək üçün elə də ciddi bir əsas yoxdur. Buna savaş demək doğru olmazdı. Bu, daha çox əsəb müharibəsidir. Həm də konturları hələlik tam aydın görünməyən əsəb müharibəsi. Yuri Xaçaturovun ölkəni tərk etməyinə icazə verilməsi və Robert Köçəryanın həbsdən azad olunmasından sonra Nikol Paşinyanın xarizması kifayət qədər zədələnib. O, Avropa İttifaqından və ABŞ-dan gözlədiyi dəstəyi ala bilmir. Görünən odur ki, heç kim Ermənistana görə Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətində deyil. Paşinyana pərdə arxasında hansısa vədlər verilə bilər. Lakin Ermənistan cəmiyyətini yenidən düşünməyə vadar edən və silkələyən son hadisələrdən sonra Rusiyanın dominantlığına kimsə şübhə etmir".

Politoloq iki gün öncə Paşinyanın keçirdiyi mitinqin vəd olunan effekti vermədiyini düşünür: “Bu mitinq, əksinə Nikolun mövqelərinin xeyli zəiflədiyi təəssüratını yaratdı. Baş nazirin verdiyi bəyanatlardakı ziddiyyətlər, hakimiyyətini qorumaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətində olduğunu bəyan etməsi də bunu sübuta yetirir. Bir müddət sükuta qərq olan ”respublikaçılar" da artıq daha uca səslə danışmağa və Paşinyanı məsxərəyə qoymağa başlayıblar. Düşünürəm ki, bu, Nikol Paşinyanın xarizmasının yerlə bir edilməsinə yönəlmiş kampaniyanın başlanğıcıdır. Müəyyən bir vaxtdan sonra Nikolun öz tərəfdarları arasında da onu məsxərəyə qoyanların sayı artacaq. Bu, keçmiş “KQB” məktəbinin dəfələrlə sınaqdan çıxarılmış texnologiyasıdır. İndiki şəraitdə Paşinyanın açıq şəkildə qərbə meyllənməsini gözləmirəm. Əgər bu baş verərsə, o zaman baş nazirin başı ciddi şəkildə ağrıyacaq. Paşinyanın getdikcə ondan əli üzülən kütlədən başqa heç nəyi yoxdur. Bu baxımdan da kütlə ilə və kütləyə oynayır. Ona mitinq keçirmək üçün meydan veriblər və proses insanlar mitinqə gəlməkdən yorulana kimi davam edəcək. Gürcüstan hələlik NATO-ya üzv olmayıb. Avropa İttifaqı ilə münasibətləri hələlik Rusiyanın maraqlarına ciddi şəkildə təsir göstərəcək səviyyədə deyil. Əgər Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstana ümidverici mesajlar verərsə, rəsmi Tiflisin mövqeyində dəyişikliklərin nəzərə çarpacağı ehtimalı hər zaman var. Moskva isə hər zaman olduğu kimi daha az verməyə və daha çox almağa çalışır. Bu, Rusiyanın ənənəvi üslubudur. Rusiyanın Gürcüstana, yaxud Ermənistana münasibətdə vaxt problemi yoxdur. O, hələ bir neçə il, bəlkə də daha çox mövcud vəziyyəti uzada və gərginliyi qoruyub saxlaya bilər. Regionda gedən nüfuz mübarizəsində kimin qalib gələcəyinə, yaxud məğlub olacağına biz qərar verə bilmərik".


Tarix: 21-08-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti