Türkiyə və ABŞ arasında kim vasitəçi ola bilər?


Elxan Şahinoğlu: “Həm Bakı, həm də Astana Vaşinqtona mesajlar göndərməlidir ki...”

Türkiyə ilə Amerika arasında gərginləşən münasibətlərin fonunda bir məsələ yenidən aktuallaşıb. Dövlətlərarası barışığın əldə olunmasında hansı dövlətlərin mühüm rol oynaya biləcəyi müzakirə olunur. Bu sırada ən çox adı keçən ölkə Azərbaycandır.

Buna səbəb 2015-ci ilin noyabrında rus təyyarəsinin vurulması ilə Türkiyə-Rusiya arasında yaranan və aylarla davam edən qarşıdurmadır. Həmin vaxt Azərbaycan və Qazaxıstan prezidentləri iki ölkə arasındakı gərginliyin aradan qaldırılması üçün bütün səylərini səfərbər etmiş, sonunda Türkiyə-Rusiya barışığının əldə olunmasında mühüm rol oynamışdılar.

Ekspertlər Türkiyə-Amerika gərginliyinin digər dövlətlərin vasitəçi olmasından sonra aradan qaldırılacağını düşünürlər. Burada isə ən müxtəlif dövlətlərin adı çəkilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ABŞ isə yaxın tərəfdaşıdır: “Azərbaycanın ABŞ-la münasibətlərində gərginlik yoxdur. Buna baxmayaraq, Türkiyənin ABŞ-la münasibətlərindəki gərginliyin Azərbaycana da müəyyən mənfi təsirləri ola bilər. Birincisi, Türkiyə-ABŞ münasibətlərinin gərginlik fonunda Türkiyə Rusiya ilə yaxınlaşır. Əlbəttə, Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycanın maraqlarının əleyhinə deyil. Hətta bu yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacağını söyləyənlər də var. Ancaq Türkiyənin Rusiya ilə daha çox yaxınlaşması Azərbaycanı da Rusiya ilə daha çox yaxınlaşmağa məcbur edə bilər. Təsadüfi deyil ki, Azərbaycanda bəziləri artıq Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkünlüyündən danışırlar. Bunu deyənlər həm də Türkiyə-Rusiya yaxınlaşmasına istinad edirlər. Halbuki indiki şərtlər altında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan uzaqbaşı Türkiyə kimi Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusuna razılaşa bilər. İkincisi, Türkiyədə hakimiyyətə yaxın çevrələr rəsmi Bakının Amerika ilə münasibətlərinə göz gəzdirməsini rica edə bilərlər. Oxşar hadisə bir dəfə baş verib. Türkiyənin İsraillə münasibətləri pisləşəndə Türkiyənin Azərbaycandakı səfiri Azərbaycanın da Türkiyə ilə münasibətlərinə yenidən baxması vacibliyini dilə gətirmişdi. O zaman rəsmi Bakı İsraillə münasibətlərinə yenidən baxmadı. Çünki rəsmi Bakı İsraillə münasibətlərinə yenidən baxsaydı, bu dövlətdən silah alışı məsələsində çətinlik çəkərdi. Türkiyə-İsrail münasibətləri sonrakı illərdə gərginlik mərhələsindən çıxdı. Buna baxmayaraq, Türkiyənin müəyyən dairələrində Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsindən narahat olanlar hələ də var. Halbuki Azərbaycan-İsrail münasibətləri heç bir dövlətə qarşı yönəlməyib. Əsas məqsəd İsrailə neft satıb Azərbaycanın maliyyə imkanlarını artırmaq, həmçinin İsraildən müasir silahlar alıb işğalçı Ermənistana təzyiqi artırmaqdır”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq onu da qeyd etdi ki, Azərbaycan üçün ən ideal variant Amerika-Türkiyə münasibətlərinin yenidən normallaşmasıdır: “Əlbəttə, tam normallaşma baş verməyəcək. Ancaq heç olmazsa iki dövlət arasında yenidən dialoqun qurulması Azərbaycanın da maraqlarına cavab verir. Çünki eynilə Türkiyə-Rusiya münasibətləri gərginləşəndə bu da Azərbaycanın maraqlarına zidd idi. Məsələn, bu ərəfədə, yəni 2016-cı ilin aprel ayında cəbhə bölgəsində vəziyyət gərginləşəndə rusiyalı rəsmilər və ekspertlər deyirdilər ki, Türkiyə Azərbaycan vasitəsilə Cənubi Qafqazda gərginliyi artırır. Halbuki bu versiya kökündən yanlış idi. Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun təxribatına cavab olaraq əks-hücuma keçmiş və strateji yüksəkliyi ələ keçirmişdi. Bu əməliyyatın Türkiyə ilə bağlılığı yox idi. Buna baxmayaraq, o zaman Rusiya-Türkiyə münasibətləri gərgin olduğuna görə Moskva hər məsələdə Türkiyədən şübhələnirdi. Amerikanın Rusiya kimi Cənubi Qafqazda özəl maraqları yoxdur.

Ancaq Amerika Azərbaycanın enerji resurslarının dünya bazarlarına daşınmasını dəstəkləyir, təhlükəsizlik sahəsində əməkdaşlıq mövcuddur. Əslində bu platforma Amerika Türkiyə münasibətlərində də mövcuddur. Amerikanın Türkiyədə hərbi bazası var, türkiyəli hərbçilər NATO çərçivəsində Əfqanıstanda qulluq edirlər, üstəgəl Ankara və Vaşinqton TAP layihəsində eyni maraqlardan çıxış edirlər. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında Bakı və Astana vasitəçi rolunda çıxış etdilər. Bakı və Astananın indiki halda da Amerika-Türkiyə münasibətlərində vasitəçi olması çətindir. Çünki Amerika-Türkiyə münasibətlərində problemli mövzuların sayı çoxdur. Həm də Amerikanın rahib Endryü Bronsonun sərbəst buraxılması ilə bağlı Ankaraya ultimatumu var. Buna baxmayaraq, həm Bakı, həm də Astana Vaşinqtona mesajlar göndərməlidirlər ki, ABŞ-Türkiyə münasibətlərinin gərginliyi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə də mənfi təsir edir, həmin dövlətləri çətin seçimə sürükləyir, üstəgəl, bölgədə Rusiyanın imkanlarını artırır. Bu isə Amerikanın geosiyasi maraqlarına cavab verməməlidir”.

Cavanşir ABBASLI

Tarix: 22-08-2018, 09:54
Xəbəri paylaş





Xəbər lenti