Hökumətləri “atəşə atan” artım qərarları: müxtəlif ölkələrdə fərqli reaksiyalar...


Natiq Cəfərli: “Vətəndaşların bu cür qərarlara fərqli reaksiyaları siyasi sistemdən doğan fərqlərdir”

Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Hakimiyyət iddia edir ki, bu addım havanın çirklənməsinə qarşı atılır. Hazırda Fransada Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənən qiyməti 1,47 avro, Aİ-98 1,54 avro, dizel isə 1,48 avrodur. Mövcud qiymətlərin  gələn il yanvarın 1-dən 2,9 avrosent bahalaşacağı gözlənilirdi. Artıq hökümət qiymət artımı planından imtina edib. Lakin bu addım etirazların səngiməsinə gətirib çıxarmayıb. 

Məlum olduğu kimi, bu cür artım qərarları hökumətləri “atəşə atan” qərarlardır. Belə ki, yanacağın, gediş haqlarının, verginin, gömrük rüsumlarının və ya pensiya yaşının artırılması ilə bağlı hökumətin verdiyi qərarlar bir qayda olaraq, cəmiyyətin kəskin etirazı ilə üzləşir. Bəzən bu etirazlar aksiyaya çevrilir və əhalinin küçələrə axın etməsi ilə nəticələnir. Xüsusən də Avropa ölkələrində etirazlar daha sərt şəkildə baş verir.

Bəs görəsən, baş verəcək bütün bu hadisələri gözə alan hökumətlər hansı səbəblərdən, artıma gedir? Digər tərəfdən müxtəlif ölkələrdə cəmiyyətin bu qərarlara reaksiyası niyə bu qədər fərqli şəkildə özünü göstərir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hər bir ölkədə verilən artım qərarlarının özünün spesifik xüsusiyyətləri var: “Avropada təqaüd yaşının artırılmasının əsas  səbəbi ondan ibarətdir ki, təbii artım çox zəifdir, doğulan uşaqların sayı azdır. Elə ölkələr var ki, əhalisinin az qala 30 faizi təqaüd yaşına çatmışlardan ibarət olur və işləyənlərin sayı daha az olur. Avropa ölkələri məcburi olaraq təqaüd  yaşını artırmaqla iş yerlərinin saxlanılmasına və işçi sayı ilə bağlı problem yaşanmamasına çalışırlar. Buna görə təqaüd yaşı artırılır”.

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, vergilərin artırılmasının da müxtəlif səbəbləri olur: “Əsas səbəb sosial xərclərin artırılması ilə əlaqədardır. Sosial xərclər artdıqca əlavə vəsaitə ehtiyac olur. Bəzi ölkələr hərbi xərcləri artırır və əlavə vəsaitə ehtiyac yaranır. Buna görə də hökumət vergiləri artırmaq yolunu tutur. Bəzi ölkələr də var ki, resurs iqtisadiyyatına aiddir və təbii resursların qiymətinin azalması onları məcbur edir ki, vergi  məcəlləsinə də tez-tez dəyişiklik etsinlər. Rusiya bunun üçün ən yaxşı örnək ola bilər. Son zamanlar bu ölkədə tez- tez vergi və rüsumların artırıldığını görürük. Azərbaycanda da bu istiqamətdə müxtəlif addımlar atılır. Səbəblər hər ölkədə  müxtəlifdir. Hökumətlərin əsas məqsədi isə büdcəyə daha çox gəlir gətirmək, daxilolmaları saxlamaq və büdcə xərcləmələrini artırmaq hesabına iqtisadiyyatda dinamik inkişafı təmin etməkdir”.

Cəfərlinin fikrincə, ayrı-ayrı cəmiyyətlərdə reaksiyanın fərqli olması siyasi sistemdən asılıdır: “Ancaq əhalinin də bu məsələlərdə ciddi narahatlıqları olur. Bəzən insanlar ödədikləri vergi müqabilində dövlətdən eyni səviyyəli xidmət almadıqda bu, sosial gərginliyə səbəb olur. Hansı dövlətin vətəndaşlarının bu cür qərarlara necə reaksiya verməsi isə siyasi sistemdən doğan fərqlərdir. Fransa inqilablar ölkəsidir, son 300 ildə orada 5 respublika təsis olunub. Dəfələrlə idarəetmə formatının dəyişməsi məhz xalqdan gələn tələblə olub. Bu, həm də demokratik ənənələrə bağlıdır. Avropa ölkələrində bunun idarəolunma mexanizmi də var. Etirazlar kritik həddə çatarsa, hökumət istefaya gedir, növbədənkənar seçki keçirilir. Seçki sistemi vasitəsilə siyasi elitanın dəyişməsi prosesi baş verir. İnsanları narazı salan liderlər və ya partiyalar siyasi səhnədən getmiş olurlar. Belə bir mexanizm mövcuddur və sosial gərginlik pik həddə çatarsa, bu mexanizm işə düşür. Postsovet məkanında, eləcədə Şərq dövlətlərində isə belə bir seçki mexanizmi yoxdur, ona görə insanların bu yolla hakimiyyəti dəyişmək düşüncəsi də yoxdur. Ona görə də insanlar etiraz aksiyaları ilə nəyəsə nail olacaqlarına əmin deyillər. Etirazların zəif olması ölkədə demokratik sistemin zəif olmasından, hökumətin daha basqıcı siyasət yürütməsindən asılıdır”.

Nərgiz LİFTİYEVA

Tarix: 11-12-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti