Rusiya niyə Ermənistanın “nazı ilə oynayır” - səbəblər


Elşən Mustafayev: “Səssizliyin arxasında daha böyük işlər durur”; Əhəd Məmmədli: “Paşinyan Rusiya ilə müvəqqəti də olsa anlaşıb”

Rusiya son 15 ildə Gürcüstan və Ukrayna uğrunda Qərblə açıq savaş aparır. 2003-cü ildə Gürcüstandakı “Qızılgül” və Ukraynadakı “Narıncı inqilab”dan sonra savaş artan xətlə bu günlərə qədər gəlib çatdı. Xüsusilə Rusiyanın 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukrayna ərazilərinə təcavüzündən sonra Rusiya-Amerika qarşıdurması sonu görünməyən məcraya yönəldi.

Bu iki ölkədən fərqli olaraq Rusiyanın Ermənistanla bağlı bu ilin aprelindən etibarən sərgilədiyi mövqe ciddi təəccüb doğurur. Sanki Kreml əlini rəsmi İrəvandan üzüb. Düşmən ölkə inqilabdan sonra sürətlə Qərbə meyllənir. Rusiya isə bunun qarşısında hər kəsin gözlədiyi mövqeyi sərgiləmir. Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin rusiyameylli qüvvələrin rüsvayçı məğlubiyyəti ilə başa çatması ciddi mətləblərdən xəbər verdi. Bütün bunlarla bağlı ekspertlərin fərqli fikirləri var.   

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab etmir ki, Rusiya Ermənistandakı proseslərə biganədir:“Paşinyan tərəfdarları ilə etiraz aksiyalarına başladığı ilk gündən bütün Rusiya KİV-ləri yazılarında və verilişlərində olaylardan narahat olduqlarını, hadisələrin Ermənistanı Rusiyadan uzaqlaşmaq istiqamətində olduğunu bildirirdilər. Rəsmi səviyyədə münasibət bildirilməyibsə, bu o anlama gəlməməlidir ki, Moskva Ermənistanda olan maraqlarından imtina etmək istəyir. Düşünürəm ki, Rusiyanın Ermənistanla bağlı bir neçə variantda planları mövcuddur və situasiyadan asılı olaraq onlardan istifadə edəcək. Bu seçkilərdə Paşinyana müxalifətdə olanların uduzmasına baxmayaraq, gücləri qabarıq səviyyədə ortada olsaydı, həmin narazıların etirazlarından istifadə olunaraq siyasi gərginlik yaradılacaqdı. Amma göründüyü kimi, Paşinyanın partiyası parlamentə mütləq səs çoxluğu ilə nəzarəti ələ keçirdi. Sərkisyana, Köçəryana yaxın bütün partiyalar, Daşnaksütyun belə parlamentə düşə bilmədilər. Belə bir vəziyyətdə Rusiya hansı müdaxiləni edə bilərdi? Uzun illərdir ki, hakimiyyəti zəbt etmiş ”Qarabağ klanı"na olan nifrət onun əleyhinə olan qüvvələri bu gün hakimiyyətə gətirib.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Düşünürəm ki, hələ bir müddət xalq eyforiyada olacaq. Ancaq bu hisslər qısa müddətdə get-gedə azalandan sonra insanların Paşinyandan bütün sahələrdə gözlədiklərinin həyata keçirilməsi tələbləri ortada qalacaq. Hesab edirəm ki, o zaman Rusiyanın digər variantlarının işlədiyi görünəcək. Əminəm ki, qısa müddət sonra Paşinyanın komandasında müxtəlif səbəblər üzündən parçalanma baş verəcək. Buna səbəb kimi fikir ayrılıqları da ola bilər, “inqilab öz balalarını yeyir” kimi məşhur səbəblər də. Məhz o zaman görəcəyik ki, Rusiya Ermənistanda indiyə qədər baş verənlərə heç də seyrçi olmayıb. Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən mövcud olduğu yeganə ölkə Ermənistandır. İqtisadi sahədə əsas istiqamətlər üzrə Ermənistanın asılılığı da ortadadır . Eyni zamanda İrəvanın istənilən vaxt rahatlıqla cəzalandırılması imkanları da genişdir. Belə görünür ki, Rusiya baş verən hadisələrə görə rahatdır və hər şey onların planları üzrə gedir. Vaxtilə Ukraynada Yuşşenko “Maydan” inqilabi ilə hakimiyyətə gələndə, Saakaşvili Gürcüstanda “Qızılgül inqilabı” edəndə Rusiyanın reaksiyaları bu gün olandan daha zəif idi. Halbuki hər iki dövləti itirmək təhlükəsi Ermənistanla müqayisədə daha çox idi. Amma sonrakı etaplarda məlum oldu ki, onun səssizliyinin arxasında daha böyük işlər dururdu. Odur ki, bir az gözləməyə ehtiyac var. Paşinyan üçün hər mənada ağır günlər bundan sonra başlayacaq. Ona qarşı yeni müxalifət də formalaşacaq, mübarizə üsulları dəyişəcək. Amma bir məsələ var ki, “Qarabağ klanı” artıq işlənmiş material kimi bir kənara atılacaq və onlardan istifadə olunmayacaq".

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bildirdi ki, Rusiya böyük ölçüdə Ukrayna və Gürcüstanı itirib: “Düzdür, Rusiya təhlükəsi hələ də qalır. Rusiya təhlükəsi bütün qonşu ölkələr üçün daim olacaq. Ermənistana gəlincə, bu ölkə yenə də Rusiyanın yanındadır. Elə olmasaydı, Rusiya bu ölkə uğrunda necə və nə cür lazımdırsa vuruşardı. Rusiya Ermənistan uğrunda vuruşur, sadəcə, bunu aktiv müstəvidə etmir. Çünki inqilabla hakimiyyət dəyişikliyinə rəğmən rus ordusu, hərbi bazası yenə də Ermənistandadır. Ermənistan yenə öz gələcəyini Avrasiya İttifaqı, KTMT-də görür. Ermənistan rus qazından asılı vəziyyətdədir. Bu ölkədə hakimiyyət dəyişikliyi qətiyyən ölkənin Rusiyadan qopması anlamına gəlmir. Rusiya siyasi baxımdan ABŞ tərəfindən, iqtisadi baxımdan Çin tərəfindən dəmir əhatəyə alınıb. Rusların bundan xəbəri yoxdur. Lakin vaxtilə SSRİ-nin kiçik tərəfdaşı hesab olunan Çin Rusiyanın böyük tərəfdaşına çevrilib. Bu gedişatla Rusiya ABŞ və Çin arasında nüfuz dairəsinə bölünəcək. Ermənistan Avropa Şurasının kasıb ölkələrindəndir. Təbii ki, hamı kimi ermənilər də daha yaxşı yaşamaq istəyirlər. Ağlı başında olan adam da yaxşı anlayır ki, Rusiya ilə birlikdə olan ölkə inkişaf baxımından çox uzağa gedə bilməz. Sərhədlər açıqdır. Erməni gəncliyi gedir, dünyanı gəzir, vətəninə qayıdır və görür ki, əvvəlki kimi yaşamaq olmaz.

Və bu bəlanın əsl səbəbkarı Rusiyadır. Ermənistanda Rusiyanın hələ də sakit qalmağının səbəblərinə gəldikdə isə görünür, Paşinyan Rusiya ilə müvəqqəti də olsa anlaşıb. Moskva izləmək mövqeyini davam etdirir. Ehtimal edirəm ki, Paşinyan baş nazir seçiləcəyi təqdirdə daha uzunmüddətli sürəcdə Moskvaya istədiyi vədləri verib. Ona görə də Kreml Ermənistanda olan hadisələrə aktiv, amma seyriçi mövqedə qalır. Düşünürəm ki, Paşinyan Sərkisyanın siyasətini davam etdirəcək, lakin çalışacaq ki, Rusiyadan daha müstəqil siyasət sürsün. Bu onda nə qədər alınacaq, bunu zaman göstərəcək. Ermənistanda Amerika durmadan Rusiyanın üstünə gəlir. Dünyada Amerikanın ən böyük səfirliklərinin biri də Ermənistandadır. Azərbaycan Ermənistanda baş verəcək hər gedişata hazır olmalıdır”.

Cavanşir ABBASLI

Tarix: 11-12-2018, 10:06
Xəbəri paylaş





Xəbər lenti