Baş nazirə verilən möhlət bitir: QARABAĞDA DÖNÜŞ?


Baş nazirə verilən möhlət bitir: QARABAĞDA DÖNÜŞ?

Ermənistanda Qarabağ klanının hakimiyyətdən kənarlaşdırılması prosesi tamamilə yekunlaşdı.

Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 5 faizlik barajı keçə bilmədiyinə görə Milli Məclisə düşə bilməyib. Bununla da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan hakimiyyəti üçün potensial təhlükə təşkil edən ERP-ni parlamentdən kənarlaşdıra bilib. 2017-ci ilin parlament seçkilərində 59 deputat yeri ilə üstünlüyə malik olan respublikaçılar Nikol Paşinyanın islahatlarına mane olmaqla yanaşı, həm də “məxməri inqilab”ın liderini istefaya göndərmək mandatına sahib idi. 

Doğrudur, inqilabdan sonra ERP-dən istefaların baş verməsi Serj Sarkisyan tərəfdarlarının sayının 45 nəfərə qədər azalmasına səbəb olsa da “Daşnaksütyun” fraksiyası ilə birlikdə Sarkisyanın təmsilçilərinin sayı Milli Məclisdə 50 faizdən artıq idi. Yəni Serj Sarkisyanın istefaya göndərilməsindən sonra Nikol Paşinyan hökumətə nəzarəti ələ alsa da, qanunverici orqanda üstünlüyün ERP-yə məxsus olması “məxməri inqilab”ın nəticələrini legitimləşdirməyə mane olurdu. Bu da öz növbəsində, Nikol Paşinyanın devrilməsində maraqlı olan Rusiya və Qarabağ klanı üçün siyasi və hüquqi imkanlar açırdı. Ona görə də Paşinyanın növbədənkənar seçkilərə getməsi Qarabağ klanının təmsilçilərini qanunverici hakimiyyətdən uzalqaşdırmaq və inqilabi prosesi sona çatdırmaq məqsədi daşıyırdı. Artıq N.Paşinyan öz planını həyata keçirib və hakimiyyətinə təhlükə yarada biləcək iki real siyasi güc mərkəzini parlamentdən həm də siyasi elitadan kənara atıb. Bunlar Ermənistan Respublika Partiyası və Daşnaksütyun Erməni İnqilabi Federasiyadır. 

Seçkinin nəticələri Ermənistanın siyasi həyatında yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Birincisi, növbədənkənar seçkilərlə Ermənistanda Qarabağ klanının 20 il davam edən siyasi hakimiyyətinə birdəfəlik son qoyuldu. Artıq hakim elitada Qarabağ ermənilərini bundan sonra Ermənistan erməniləri əvəz edəcək. İkincisi, hakimiyyət strukturlarında 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş müharibə veteranlarından ibarət köhnə qvardiya yerini əsasən gənc, texnokrat nəslə verəcək. Yəni hərbi xuntanın nümayəndələri tamamilə hakimiyyətdən uzaqlaşdırılacaq. 

Bu baxımdan, hazırkı proseslərin Ermənistanın xarici siyasət kursuna təsirsiz ötüşməyəcəyini söyləmək olar. Hökumət başına gəldikdən sonra demək olar ki, xarisi siyasətdə Qərblə, ilk növbədə, ABŞ-la əməkdaşlığa üstünlük verən N.Paşinyanın yaxın perspektivdə bu istiqamətdə daha fəal addımlar atacağı gözlənilir. Legitim hakimiyyətin formalaşması və Rusiyaya bağlı radikal müxalifətin zərərsizləşdirilməsi Paşinyanın ABŞ prezidenti ilə görüşmək istəyini daha da artıracaq. Ancaq bu proseslərin reallaşması heç də asan görünmür. Çünki Ermənistanın baş nazirinin yeni xarici siyasət prioritetləri Rusiya tərəfindən heç də müsbət qarşılanmayacaq. Ancaq seçkilərin nəticəsi Kremli Paşinyan hökumətinə bir sıra güclü təsir imkanlarından məhrum edib. Nikol Paşinyanın son günlər Qarabağ klanının siyasi dayaqlarını sarsıtmaq üçün yenidən hücuma keçməsi də bu təsir vasitələrini Rusiyanın əlindən almağa hesablanıb. Səsvermədən bir gün əvvəl eks-prezident Robert Köçəryan həbs edilib.

Eyni zamanda, Serj Sarkisyanın axtarışda olan qardaşı oğlunun saxlanılması artıq üçüncü prezidentin də tezliklə istintaqa cəlb edilərək barəsində cinayət işinin açılacağına dair məlumatları ortaya çıxarıb. Seçkilərdən dərhal sonra Nikol Paşinyanın təkidi və təzyiqi ilə Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın istefaya gedəcəyinə dair xəbərlər Ermənistan hakimiyyətinin alternativ qüvvələri sıradan çıxartmaq planlarını işə saldığını göstərir. 

Bir sözlə, Ermənistanın həm daxili, həm də xarici siyasət sistemində ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır. Bu baxımdan, seçkilərin nəticələrinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə təsir imkanları illə bağlı suallar aktuallaşıb. Səbəb isə qeyd edildiyi kimi ilk növbədə, Qarabağ klanının siyasi cəhətdən çökdürülməsi ilə bağlıdır. Ona görə də növbəti aylarda Ermənistan və Qarabağ erməniləri arasında siyasi qarşıdurmanın dərinləşəcəyi istisna edilmir. Yaranmış ziddiyyət Nikol Paşinyana Dağlıq Qarabağ məsələsində kompromisə getmək üçün daxili ictimai rəyi hazırlamaqda mühüm kömək edə bilər. Digər tərəfdən,

N.Paşinyanın mərkəzləşmiş hakimiyyət formalaşdırması və radikal müxalifətin tam zərərsiz hala gətirilməsi ona Azərbaycanla aparılan danışıqlarda razılaşmaya getmək imkanı yaradır. 

Parlamentdə təmsil olunan partiyalar isə Paşinyanla müttəfiqlik münasibətlərində olmuş konstruktiv müxalifətdən ibarətdir. Çiçəklənən Ermənistan Partiyası “məxməri inqilab” zamanı N.Paşinyanı dəstəkləyib. İkincisi, ÇEP mühafizəkar sosial bazaya malik olmadığından Paşinyana təsir imkanları demək olar ki, yoxdur. Eyni zamanda, parlamentdə mütləq əksəriyyət, yəni partiya siyahıları üzrə seçilmiş 129 deputatın 86-ı Paşinyanın tərəfdarlarıdır. Çiçəklənən Ermənistan Partiyası isə cəmi 25 deputat yeri qazanıb. Edmon Marukyanın liderlik etdiyi İşıqlı Ermənistan Partiyası da əvvəlki parlamentdə N.Paşinyanla birlikdə “Yelk” (Çıxış) blokunda müttəfiq kimi təmsil olunub və “məxməri inqilab”ın həyata keçirilməsində iştirak edib. Bu səbəbdən, Paşinyanın Azərbaycanla danlışıqlarda güzəştə gedərsə, ciddi müqavimətlə üzləşəcəyi, yaxud sabiq prezident Levon Ter-Petrosyanın siyasi taleyini yaşayacağı real görünmür. 

Bununla yanaşı, ölkədə hərbi xunta rejimini devirib seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlməsi Nikol Paşinyana Dağlıq Qarabağ probleminin nizamlanması prosesində güzəştlərdən yayınmaq imkanı da açır. Belə ki, hazırda daxili siyasi dayaqlarını xeyli möhkəmləndirən Ermənistanın baş naziri xalqın dəstəyinə arxalanıb kompromisdən yayına bilər. Artıq bunun ilk əlamətləri “məxməri inqilab”dan dərhal sonra meydana çıxmağa başladı. Kütlənin dəstəyini görən Paşinyan Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda Dağlıq Qarabağ separaçılarının da müstəqil tərəf kimi iştirak etməsi şərtini irəli sürdü. Bunun cəmiyyətin gücünə arxalanan gənc liderin Azərbaycana müqavimət nümayişi yoxsa, parlament seçkiləri öncəsi siyasi manevr olduğu çox keçmədən müəyyənləşəcək. Artıq N.Paşinyan iqtidarı əvvəlki aylarla müqayisədə xeyli fərqlənir. O, kövrək hakimiyyətini artıq tam möhkəmlədib. Bu isə baş nazirə Dağlıq Qarabağ məsələsində istər güzəştə getmək, istərsə də güc ritorikası ilə danışmaq üçün legitimlik verir. 

Ermənistandakı Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyanın fikrincə, Paşinyanın bloku bu seçkilərlə Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesi kontekstində beynəlxalq arenada ölkənin maraqlarını həyata keçirmək üçün tam fəaliyyət azadlığı əldə edib.
Siyasi ekspertlərin rəyinə görə, N.Paşinyanın danışıqlardan yayınmaq imkanları məhduddur. Çünki Ermənistanın hazırkı geosiyasi durumu rəsmi İrəvanı çətin vəziyyətə salıb. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan ABŞ-ın İrana qarşı sanksiyalarından sonra özünün cənub qonşusu ilə maliyyə-ticarət əməliyyatlarını məhdudlaşdırmağa məcbur olub. ABŞ-İran münasibətlərinin gərginləşməsi Ermənistana ciddi təsir göstərir. Əgər mövcud gərginlik artmaqda davam edərsə, o zaman Ermənistan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun qoyduğu tələblərə əməl etməyə, yəni İranla sərhədləri bağlaya da bilər. Hazırda həmin demorkasiya xətti Rusiya silahlı qüvvələrinin nəzarətində olduğundan, Paşinyan hökumətinin belə bir addım atması Rusiya ilə sərhədlərin birgə mühafizəsinə dair 2015-ci ildə imzalanmış müqavilədən imtina edilməsi deməkdir.

Bu da İrəvanla Moskva arasında ciddi narazılıq yaratmış olar. 

Ona görə də Ermənistan rəhbərliyi artıq əsas nəfəsliyi olan İranla əlaqələr qapandığından blokada şəraitindən çıxmaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda bir müddət sonra kompromis mövqeyə gələ bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasında ABŞ da maraqlı görünür. Xatırladaq ki, Con Bolton oktyabr ayında Ermənistana səfəri zamanı N.Paşinyanı növbədənkənar seçkilərdən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha cəsarətli addımlar atmağa çağırmışdı. Bu baxımdan, siyasi müşahidəçilər seçkilərdən sonra Vaşinqtondan Paşinyana təzyiqlərin artacağını ehtimal edir. Belə ki, seçkilərə qədər Paşinyana verilmiş “kart-blanş”ın başa çatacağı bildirilir. İnqilab liderini hakimiyyətə gətirən qüvvələr artıq ondan sərt ritorik bəyanatları kənara qoyub real addmlar atmağı tələb edə bilər. //Cebhe.info//



Tarix: 11-12-2018, 21:39
Xəbəri paylaş





Xəbər lenti