“Ermənistanda qərbyönümlü siyasətçilərin taleyi Dəmirçyan kimi olur” - MÜSAHİBƏ


“Ermənistanda qərbyönümlü siyasətçilərin taleyi Dəmirçyan kimi olur” - MÜSAHİBƏ

Dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkiləri “məxməri inqilab”la hakimiyyəti ələ keçirən, hazırda baş nazir funksiyasını icra edən Nikol Paşinyanın “Mənim addımım” blokunun qələbəsi ilə nəticələndi. Paşinyanın “Mənim addımım” bloku seçkidə iştirak edənlərin 70.43 faizinin səsini alıb. 8.27 faiz səslə Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” ikinci, 6.37 faiz səslə Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" Partiyası isə üçüncü yeri tutub. 

Sabiq prezident, Qarabağ klanının himayədarı Sarkisyanın lideri olduğu Respublika Partiyası və "Daşnaksütyun" Partiyası da daxil olmaqla digər qüvvələr parlamentdə təmsil olunmaq hüququ qazana bilməyib. 

Seçkilərin nəticəsinə görə keçmiş prezident Robert Köçəryan da parlamentdə təmsil olunmayacaq. Ekspertlər hesab edir ki, Qarabağ klanı və daşnakların parlamentdən kənarda qalması ciddi siyasi qarşıdurmaya yol açacaq. Qarabağ klanının seçkidəki məğlubiyyəti Ermənistanda vətəndaş müharibəsinə aparacaq. Artıq ilk etirazlar səslənməyə başlayıb. Belə ki, Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov Paşinyanı 1 il sonra gözlənilənlərlə bağlı hədələyib: "Yadında saxla, Paşinyan, 1 il sonra indi qazandığımız 60 min səs 600 min olacaq "-deyə, Şarmazanov deyib.

Ümumi görüntü ondan ibarətdir ki, hazırda Ermənistanda siyasi vəziyyət kifayət qədər gərgindir. Erməni mətbuatı seçkilərin saxtalaşdırılması haqqında məlumatlar yayır. Ermənistanda keçirilən seçkilərə dünya dövlətlərinin də fərqli yanaşması var. Belə ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrəvandakı səfirliyi özünün facebook səhifəsində “uğurlu seçkilər” münasibəti ilə erməni xalqını təbrik edib. MDB respublikalarından isə hələlik Moldova prezidenti İqor Dodonun Paşinyanı qələbə münasibətilə təbrik etdiyi açıqlanıb. Rusiyadan və onun İrəvandakı səfirliyindən isə seçkilərin nəticələri ilə bağlı hələlik heç bir reaksiya yoxdur. Ermənistanda seçkidən sonra yaşananlar və gözlənilənlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.

-Sərdar bəy, Ermənistanda seçkidən sonra ümumi vəziyyət necə olacaq?

-Ermənistan Rusiyanın tam total nəzarəti altındadır. Ona görə də orada elə də ciddi qarşılıq yaranmayacaq. Əksinə, Rusiya Ermənistan müxalifətini daha sakit mövqe tutmağa məcbur edəcək.

-Paşinyanın taleyi necə olacaq?
-Paşinyan ən azından səlahiyyət müddəti bitənə qədər rəhbər postunda qalacaq. Onunla bağlı hansısa addımın atılacağı inandırıcı görünmür.

-Sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın həbs məsələsi gündəmdə idi. Hər iki sabiq prezident seçkilərdə parlamentə düşə bilmədi. Hesab olunur ki, bu amil Paşinyana rəqiblərini siyasi səhnədən silmək üçün şans yaradır. Necə düşünürsüz, Paşinyan rəqiblərini həbs edəcəkmi?
-Hesab etmirəm ki, Paşinyan bu qədər dərinə getsin. Ermənistanda kütləvi həbslər olmayacaq. Çünki köhnə komandanın da sakit durması üçün onlara qarşı tədbirlər görülməməsi tələb olunur. Əks halda köhnə komanda müəyyən qədər aranı qarışdıra bilər. Çox güman Paşinyan onlarla yüngül mübarizə aparacaq.

-Paşinyan qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın vəzifədən göndəriləcəyini bəyan etmişdi. Ümumiyyətlə, Saakyanla Paşinyan arasında baş verən qarşıdurma Qarabağ məsələsinə nə kimi təsir edə bilər?
-Qarabağdakı vəziyyətə yalnız bir şey təsir edə bilər. O, da Rusiyanın Qarabağla bağlı mövqeyini dəyişməsidir. Qarabağ məsələsini Rusiya yaradıb və bu günə qədər problemin həll olunmaması məsələsini gündəmdə saxlayır. Faktiki olaraq Azərbaycanın da torpaqlarını azad etməsinin qarşısında duran yeganə qüvvə Rusiyadır.

-Rusiyanın Ermənistandakı mövqeyi kifayət qədər güclüdür. Paşinyan isə qərbyönümlü siyasətçi hesab olunur...
-Paşinyanı qərbyönlümlü siyasətçi adlandıranlar prosesdən xəbərsiz olanlardır. Onu ancaq qərbyönümlü siyasətçinin nə demək olduğunu başa düşməyən, prosesləri düzgün təyin edə bilməyən, məsələlərə səhv yanaşan insanlar deyə bilər ki, guya Ermənistanda qərbyönümlü şəxs hakimiyyətə gəlib. Ermənistanda qərbyönümlü siyasətçilərin taleyi Dəmirçyan kimi olur.(Cebhe.info)



Tarix: 12-12-2018, 20:44
Xəbəri paylaş





Xəbər lenti