NATO və Rusiya generallarını görüşməyə vadar edən səbəblər


Elxan Şahinoğlu: “Hər iki tərəf narahatdır, gərginliyi azaltmağa ehtiyac var”

Xəbər verildiyi kimi, dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, V.Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında Bakıda məhz indiki dövrdə görüş keçirilməsini hansı məsələlər zəruri edə bilərdi?

Bu yaxınlarda Rusiya ABŞ-ın Avropadakı müttəfiqlərini zərbə ilə hədələmişdi. Bu cür problemlər görüşü vacib edən amillərdən sayıla bilərmi? Bu görüşdə əsas maraqlı tərəf və təşəbbüsçü Amerika, yoxsa Rusiya ola bilərdi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü bir neçə səbəbdən diqqəti cəlb edirdi. Bu onların 3-cü görüşü idi və hər 3-ü Bakıda olub: “Rusiya Müdafiə Nazirliyi ilə NATO komandanlığı arasında müzakirə olunacaq çox mövzu var. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından və Amerikanın bir çox Avropa dövlətində raketlər yerləşdirməsi istəyindən narahatdır. Eyni ilə Rusiyanın NATO ölkələrinə yaxın hərbi təlimləri Brüsseli narahat edir. Bu gərginliyi azaltmağa ehtiyac var. Bunun yolları tapılmalıdır. Əlbəttə, Bakı görüşündə bütün məsələlərin həll olunduğunu düşünmək yanlış olardı. Ancaq ən azı Bakıdakı mütəmadi dialoq gərginliyin daha çox artmasına bir müddət imkan vermir”.

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, indi görüşün keçirilməsində, özü də Bakıda keçirilməsində  daha çox maraqlı olan tərəfin Rusiya olduğu istisna deyil: “Bilirsiniz ki, Azərbaycan prezidenti hər iki qonaqla ayrıca görüşdü. Azərbaycan həm NATO, həm də Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Bir-biri ilə rəqabətdə olan iki böyük gücün görüş yeri kimi Bakını seçməsi Azərbaycanın bölgədə oynadığı rolla əlaqəlidir. İndi təsəvvür edin ki, bəzilərinin dediyi kimi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, belə olan halda NATO Bakının görüş yeri kimi seçilməsinə razı olardımı? Əsla, bizi Rusiya tərəfdarı kimi qəbul edərək görüş üçün başqa məkan seçəcəkdilər və bizə verilən status itiriləcəkdi. Bizi Rusiyanın təşkilatına sürükləmək istəyənlərin bunu da nəzərə almaları lazımdır. Görüş yeri kimi Tiflis ona görə seçilə bilməz ki, Gürcüstanın Rusiya ilə münasibətləri soyuqdur və bu ölkə NATO üzvlüyünə çalışır. İrəvan görüş yeri kimi ona görə seçilə bilməzdi ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, NATO bu məkana razılaşmazdı. Cənubi Qafqazda görüş üçün yeganə münasib məkan Bakıdır”.

Etibar SEYİDAĞA

Tarix: 14-12-2018, 14:13
Xəbəri paylaş





Xəbər lenti