Rus hərbi gəmiləri hansı mesajı gətriblər?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusların Bakıya “Astarxan” və “Anatoliy Qujvin” hərbi gəmilərini göndərməsi dostluq səfəri kimi təqdim olunsa da, bu açıq bir hərbi şantajdir. Bakıda bu gəmilərin “Mehtər” marşı ilə qarşılanması Rusiyanın vermək istədiyi mesaja “türk dilində” cavab hesab oluna bilər.
Hərbi gəmilərin gəlişinin Xəzərdə Türkiyə Azərbaycanın hərbi təlimindən dərhal sonra gerçəkləşməsi təsadüfi deyil. Bununla Rusiya Xəzərdə Azərbaycan – Türkiyə hərbi təlimini narahatlıqla qarşıladığını göstərmək istəyir. Çünki son illər Xəzər donanmasını hərbi baxımdan gücləndirən Rusiya Xəzəri özünün qapalı nüfuz dairəsi sayır.
Birdən birə Türkiyənin Xəzərdə görünməsi Rusiyanın Xəzərdəki birtərəfli hərbi üstünlük iddalarına ziddir. Nəzərə alsaq ki, Türkiyə postsovet məkanında həm də NATO- nun Rusiyaya qarşı əsas müdafiə cinahını təşkil edir, o zaman, Moskvanın narahatlığını başa düşmək olar. Moskva üçün Türkiyəyənin Xəzərə gəlişi perspektivdə NATO nun Xəzərə ayaq açması təhlükəsini yaradır.
Eyni zamanda Orta Asiyada əsas oyunçulardan birinə çevrilən Türkiyənin Xəzər hövzəsinin türk dövlətləri ilə əməkdaşlıq perspektivlərinın artması, Ankaranınn Xəzərdə Rusiya ilə rəqabət aparmaq imkanlarını genişləndirir. Bu baxımdan Türkmənistanın Türk Şurasına daxil olması Türkiyənin təsir imkanlarını genişləndirərək Orta Asiya ilə yanaşı, perspektivdə Xəzərdə də geosiyasi balansa təsir edəcək.
Ona görə də Kreml indidən təzyiq göstərərək Xəzərdə Türkiyə ilə hərbi əməkdaşlığı önləməyə çalışır.
Bu baxımdan rus gəmilərinin Bakı buxtasına buraxılması, Azərbaycan rəhbərliyinin Moskva qarşısında ənənəvi geri çəkilmə siyasətinə uyğun olsa da, “Mehtər” marşı ilə qarşılanma Ankara ilə əməkdaşlığın davam etdiriləcəyi mövqeyini ifadə edir.
Bu baxımdan çox yaxşı olardı ki, Rusiya “sülhməramlılarının” Qarabağdakı özbaşınalıqlarına Azərbaycan Türkiyə ilə qarşılıqlı hərbi yardım haqda müqavilə imzalamaqla cavab versin. Çünki təcrübə göstərdi ki, güzəşt siyasəti bütün hallarda Rusiyanın Azərbaycana qarşı aqressiv iddialarını daha da gücləndirir. Bunun qarşısını almağın yeganə yolu isə Azərbaycanın Türkiyə ilə müdafiə ittifaqı yaradaraq hərbi strateji balansı öz xeyrinə dəyişməsindən keçir.
Tarix: 20-09-2021, 15:21
Xəbəri paylaş





Xəbər lenti