Türkiyə Azərbaycanda “diplomatik baza” da qursun


Elnur Sadıqov
Başlıq çoxlarına absurd və gülməli gələ bilər. Amma ATƏT – in Minsk Qrupuyla bağlı baş verənlər və Azərbaycan hakimiyyətinin bu istiqamətdəki yarıtmaz fəaliyyəti belə bir absurd fikiri səsləndirməyi zəruri edir. Azərbaycan hakimiyyəti 1994 – cü ildə ATƏT – in Budapeşt sammitindən başlayan və 2020 – ci ilin iyulunda iflasa uğrayan uğursuz Qarabağ siyasətinə yenidən qayıdır. Diplomatiya masasında yenə də Azərbaycanın zərərinə olan təkliflər müzakirəyə çıxarılır.
Azərbaycan dövlət başçısı səviyyəsində bəyan etdi ki, münaqişə bitib və ATƏT – in Minsk Qrupunun görəcəyi iş qalmayıb. Buna baxmayaraq, Rusiyanın MQ – dakı həmsədri İqor Xovayevin 27 günlük fəaliyyətinin nəticəsində Minsk Qrupu tam dirildildi və danışıqlar prosesinə yenidən başlanıldı. Həmsədrlər 25 sentyabr 2021 – ci ildə Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü təşkil ediblər. Verilən bəyanata görə “həmsədrlər mandatlarına uyğun olaraq Dağlıq – Qarabağ münaqişəsinə aid olan və ondan doğan həll edilməmiş məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləmək vəzifəsinə sədaqətlərini bir daha təsdiq ediblər”. Bəyanat mətnindən hiss olunur ki, həmsədrlər ilkin olaraq Azərbaycandan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Xankəndinə səfərinə razılıq tələb ediblər. Mətnə belə cümlə daxil edilib: “Həmsədrlər ATƏT sədrinin Şəxsi Nümayəndəsi və onun heyətinin məsuliyyətinə daxil olan zəruri fəaliyyət və əməliyyatların hamısına ardıcıl və ciddi dəstəyini xüsusi olaraq vurğulayır”.
“Minsk Qrupunun görəcəyi iş qalmayıb” deyən Azərbaycan öz iradəsinin əleyhinə olaraq Minsk Qrupunun dirildilməsinə razılıq verdisə, demək, Anjey Kaspşikin də səfərinə razılıq verəcək. Ardınca da həmsədrlərin Xankəndinə ayağı açılacaq. Bununla da, Qarabağdakı qondarma rejimin dirildilməsi prosesi növbəti mərhələyə keçəcək.
Qarabağ məsələsinin dalana dirənməməsi və məsələnin hərb meydanındakı kimi diplomatiya meydanında da bitməsi üçün Azərbaycan Xarici İşlər nazirinə türkiyəli müşavirlərin təyin edilməsi zərurəti ortaya çıxır. Azərbaycan diplomatiyası beynəlxalq güclərin təzyiqlərinə duruş gətirə bilmir, mövqelər itirilir və çıxılmaz vəziyyət yaranır. Türkiyəli diplomatlar Azərbaycanın xarici siyasətini yürüdənlərə məsləhət versinlər. Bəlkə ondan sonra Azərbaycan diplomatiyası xarici təzyiqlər qarşısında duruş gətirə bilər. Utanmaqdan, ayıbdan keçib. “Bitmiş münaqişə”yə həll yolları axtarmaq üçün danışıqlara başlayıb biabır olmaqdansa, belə biabır olmaq daha üzüsuludur. Əks halda Qarabağ münaqişəsi bitməyəcək və yenidən çıxılmaza girəcək.
Tarix: 26-09-2021, 23:20
Xəbəri paylaş





Xəbər lenti