"Amerikalılar geri çəkilirlər..." - ABŞ-a yenidən İranla nüvə razılaşması nə üçün lazımdır...


İran nüvə potensialını yalnız dinc məqsədlər üçün inkişaf etdirməyi öhdəsinə götürdüyü nüvə sazişini yenidən imzalamağa hazırlaşır və bunun qarşılığında İslam respublikasının üzərindən sanksiyalar götürüləcək. Yaxın vaxtlarda sövdələşmənin imzalana biləcəyi ilə bağlı xəbərlər son vaxtlar mediada davamlı olaraq yer alır, lakin ekspertlər bu məlumatlara ehtiyatlı nikbinliklə yanaşırlar.
 Moderator.az xəbər verir ki, “The New Arab” nəşri yüksək rütbəli Aİ rəsmisinə istinadən İranın nüvə sazişinin imzalanmaq üzrə olduğunu yazır. Onun sözlərinə görə, artıq masada yekun sənədə çevrilməyə yaxın olan mətn var.
 
Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Avropa İttifaqı və ABŞ nümayəndələri üç ildən artıqdır ki, nüvə silahı yaratmaqdan imtina etməsi məqsədilə İranla danışıqlar aparırlar. Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq Araşdırmaları Mərkəzinin baş elmi işçisi Nikolay Surkov qazeta.ru-ya bildirib ki, bunun ABŞ prezidenti Co Bayden administrasiyasının prioritetlərindən biri olduğunu nəzərə alsaq, indi bu müqavilənin imzalanacağı ehtimalı kifayət qədər yüksəkdir. O qeyd edib ki, ABŞ bu gün başqa sahələrdə problemlərlə üzləşdiyi üçün heç olmasa İranın nüvə proqramı ilə bağlı məsələni bağlaması Ağ Evə əlverişli olardı.
 
“O başqa məsələdir ki, bu, görünür regional müttəfiqləri o qədər də qane etmir. Gözləmək olar ki, regional səviyyədə gərginlik davam edəcək, sadəcə olaraq onlar özbaşına işləyəcəklər, çox güman ki, İsraillə körfəz monarxiyaları arasında hansısa qeyri-rəsmi müttəfiqlik olacaq. Yəni İranı dayandırmaq vəzifəsi aktual olaraq qalır. Kənardan belə görünür ki, amerikalılar şərti olaraq bu məsələdə geri çəkilirlər və bunun məsuliyyətini regional müttəfiqlərin üzərinə atırlar. Bu, əlbəttə ki, Əfqanıstandan qaçışa bənzəmir, lakin ümumilikdə İranı dayandırmaq üçün məsuliyyətin region səviyyəsinə ötürülməsidir”,deyə ekspert izah edib.
 
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi mərkəzinin baş elmi işçisitarix elmləri namizədi Vladimir Sajin hesab edir ki, yeni müqavilənin imzalanması, əlbəttə ki, bütün aspektlərdə çox böyük irəliləyiş olardı. Bununla belə, bu sövdələşmədə hələ də bəzi ziddiyyətlər mövcuddur ki, bu da onun imzalanmasına mane ola bilər.
 
İran hətta Vyana danışıqları müsbət bəhrə verməyəcəyi təqdirdə ABŞ-ı bunun fəsadlı nəticələrə gətirib çıxaracağıyla hədələyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin dediyi kimi, bu vəziyyətdə ABŞ-ın hazırkı administrasiyası öz məğlubiyyətini və diplomatik üsullardan istifadə imkanlarını əldən verdiyini tezliklə dərk edəcək.
 
Uğursuz sövdələşmə
 
İran və altı vasitəçi (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya və Almaniya) 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) imzalayıb. BHFP-yə əsasən, müstəsna olaraq dinc nüvə proqramını həyata keçirmək, 15 il ərzində sərəncamında 300 kq-dan çox olmayan aşağı zənginləşdirilmiş uranı (3,67%-ə qədər) saxlamaq, yüksək zənginləşdirilmiş uranı istehsal etməmək və silah dərəcəli plutonium və nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə qədər azaltmaq üçün Fordodakı zənginləşdirmə zavodunu texnologiya mərkəzinə çevirmək, MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaq və yalnız dinc məqsədlər naminə Arakdakı reaktordan istifadə etmək məqsədilə Tehran öz üzərinə öhdəliklər götürüb.
 
Bunun müqabilində “altılıq” İranın nüvə proqramı ilə bağlı bütün sanksiyaları (həm BMT Təhlükəsizlik Şurası, həm də milli), ticarət, texnologiya, maliyyə və enerji çıxışına qoyulan məhdudiyyətləri ləğv etməyə razılaşıb. İran razılaşmanın şərtlərini pozarsa, sanksiyalar 65 gün ərzində geri qaytarıla bilər.
 
“BHFP nüvə silahının yayılmaması rejiminin qorunmasına töhfə verən ən mühüm sənədlərdən biri olaraq İranın nüvə ambisiyalarını MAQATE-nin tələbləri çərçivəsinə salır. BHFP 2015-ci ildən sonra yaxın 25 ildə İranın nüvə silahına sahib olmayacağına əminlik verirdi. Bu, dünya diplomatiyasının qələbəsi idi. Bu mövzuda danışıqlar 2003-cü ildən başlayaraq 12 il davam edib", - deyə tarix elmləri namizədi Vladimir Sajin qeyd edib.
 
Lakin Barak Obamanın prezidentliyinin əsas xarici siyasət nailiyyətlərindən biri hesab edilən Birgə Hərtərəfli Fəaliyyət Planının bağlanması ABŞ-ın keçmiş prezidenti Donald Trampı qane etmirdi: o, bunu “dəhşətli saziş” adlandırırdı. Nəticədə 2018-ci il mayın 8-də Tramp müqavilənin “yalanlara əsaslandığını” bildirərək ondan çıxdığını rəsmən elan etdi. O, həmin il aprelin 30-da İranın nüvə silahı hazırlamaq üzrə gizli proqramının mövcudluğuna dair sübutları dərc edən İsrailin məlumatlarını rəhbər tuturdu. İsrailin o vaxtkı baş naziri Benyamin Netanyahu bunun İsrail kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində üzə çıxdığını iddia etmişdi. Onun sözlərinə görə, İsrail kəşfiyyatı İrandan “yarım ton material”, o cümlədən 55 min sənəd və içərisində məlumatlar olan 183 kompakt disk oğurlayıb.
 
Uranın zənginləşdirilməsinə qayıdış
 
İran BHFP-da nəzərdə tutulmuş məhdudiyyətlər səviyyəsindən yüksək uranın zənginləşdirilməsi prosesi dərhal deyil, yalnız bir il sonra, 2019-cu ilin iyulunda başlayıb və bununla da bir sıra xarici dövlətlərin narahatlığına səbəb olub.
 
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Vladimir Sajinin fikrincə, hazırda İran bir neçə ay ərzində uranı 90%-ə qədər zənginləşdirməyə qadirdir, lakin nüvə silahının yaradılmasına yaxınlaşmaq bir neçə il çəkəcək“Amma faktiki 90%-ə qədər zənginləşdirmə nüvə bombasından əvvəlki son addımdır. Təbii ki, bunu heç kim istəmir - nə ABŞ, nə Rusiya, nə Çin, nə də İsrail. Yeni nüvə sazişinin bağlanması nüvə silahının yayılmaması rejiminin təmin edilməsində irəliyə doğru çox böyük addımdır”.
 
Eyni zamanda, ekspert qeyd edib ki, əgər indi BHFP müddətsiz, İranın son 2,5 il ərzində nüvə texnologiyalarının inkişafında hansı səviyyəyə çatdığına düzəliş edilmədən bağlanarsa, o zaman onun əhəmiyyəti bir qədər azalacaq.
Tarix: 7-03-2022, 08:09
Xəbəri paylaş





Xəbər lenti