“Zelenski Rusiyaya heç vaxt tabe olmayacaq” — MÜSAHİBƏ







Politoloq Zərdüşt Əlizadə Rusiya-Ukrayna müharibəsinin siyasi mənzərəsi ilə bağlı Demokrat.az-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Artıq xeyli müddətdir ki, Ukraynada müharibə gedir. Müharibənin gedişatı onu göstərir ki, Rusiya hələ də istəyinə nail ola bilməyib. Sizcə, bundan sonra nələr yaşana bilər? 

- Düzdür, rus hərbi, siyasi komandanlığı istəyindən əl çəkmir. Ukrayna xalqı da, ordusu da öz dövlətini qorumaq əzmindən geri çəkilmir. Hesab edirəm ki, burada bir qalib olacaq. O da daha qətiyyətli, daha qəhrəman, canından keçməyə hazır olan Ukrayna xalqı olacaq. Ümid edirəm ki, tez bir zamanda bunun şahidi olarıq. 

- Ukraynanın Qərbə ümidsizliyi müşahidə olunur. Bu nə ilə bağlıdır?

- Ukrayna Qərbdən çox kömək gözləyirdi, lakin bu olmadı. Ona görə də, Ukrayna Qərbi qınayır ki, biz sizdən daha çox kömək gözləyirdik. Amma siz bizim gözlədiyimiz qədər kömək etmədiniz.

- Bu müharibədə Rusiya qələbə qazana bilərmi? 

- Rusiya hətta hərbi sahədə qələbə qazansa belə, strateji baxımdan məğlubiyyətə düçar olacaq. Rusiya bütün dünyadan təcrid olunacaq. Ona qarşı qadağalar qoyulub. Hər hansısa bir hərbi qələbəni dünya tanımalıdır. Azərbaycan Ermənistan üzərində qələbə qazandı. Rusiya üçtərəfli bəyanatda bunu tanıdı. Bundan əlavə, Türkiyə, ABŞ, Fransa, İngiltərə tanımalı oldu. Rusiya Ukraynada qələbə qazansa belə heç kəs onu tanımayacaq. İşğal etdikləri ərazilərdə rusiyapərəstlərdən ibarət müqəvva hökumət belə qursalar, heç kəs onu tanımayacaq. Strateji baxımdan da Rusiya uduzur. 

- Sizcə, Zelensiki Rusiyaya boyun əyəcəkmi?

- Zelenski Rusiyaya heç vaxt tabe olmayacaq. Öldü var, döndü yoxdur. 

- Zelensikinin həyatı təhlükədə olması ilə bağlı fikirlər səsləndirilir. Sizcə, o, bu müharibədə öldürülə bilərmi?

- Çox təəssüf ki, bəli. Amma, istəmərəm ki, onun həyatına nəsə olsun. 

- Zelenskinin öldürülməsi nəyi dəyişəcək?

- Əslində heç nəyi. Çünki Allah etməsin Zelenskiyə nəsə olsa belə, Ukrayna hakimiyyəti Rusiyaya tabe olan deyil. Yəni, sonadək müqavimət göstərəcəklər. 
Tarix: 7-03-2022, 18:04
Xəbəri paylaş





Xəbər lenti