Hər şeyi bilməyin xeyri


Əvvəllər (yəni 4-5 il qabaq) beləydi: hamımız kütləvi şəkildə iki şeyi əla bilirdik - bir siyasəti, bir futbolu.

Ərdoğana Putinlə dil tapmağı, Saakaşviliyə Obamanın sözünə qulaq asmamağı məsləhət görən, ABŞ-la Rusiya arasındakı münasibətlərin yumşalması üçün konkret təkliflərlə çıxış edən vaxtlarımız vardı.

Futbola gəlincə, Mourinyoyaya taktika verərdik (oyunun ertəsi günü - “gərək filan cür edəydi” deyə), Qvardiolaya ikinci dəyişikliyi 3 dəqiqə gec etməsini irad tutardıq. Onlara əlimiz çatmasa da, tribunada Qurbana qışqırardıq ki, Əfranı çıxartsın, yerinə başqa oyunçu salsın.

Biz bunları ona görə edirdik ki, Mourinyo, Qvardiola və Qurban Qurbanov bu işi bilmirdilər, amma biz bilirdik. Biz qıraqdan daha yaxşı görürdük. Təəssüf ki, onlar bizi eşitmirdilər və uduzurdular. Günah özlərindəydi.

İndi namxuda bu şakərimiz xeyli inkişaf edib. Artıq təkcə futbolu və siyasəti yox, daha çox şeyi bilirik. Məsələn, indi tibbdən də başımız çıxır, kütləvi şəkildə uzmanıq. Hər gün sosial mediada müalicəyə ehtiyacı olanlara pul-parasız məsləhətlər veririk.

Elliklə kriminalistik. Bir müdhiş cinayət baş verdimi, hüquq-mühafizə orqanları versiyaları dəst-cəm edənə qədər biz canini harada axtarmağın lazım olduğu barədə verdikt veririk. Bəzən həttta cinayətkarı ifşa edir, barmaq tuşlayıb göstəririk, sonra da hüquq-mühafizə orqanlarından tələb edirik ki, adamı tutsunlar. Onlar da qalır qırıla-qırıla. Tuturlar, olmur, tutmurlar, xalq daha da hiddətlənir.

Ta Qabil Hüseynliyə, Şahin Cəfərliyə, Elxan Şahinoğluna ehtiyac yoxdur, hamımız beynəlxalq siyasəti əla bilirik. ABŞ-la İran vuruşacaqmı, hansı hansına şillə qoyacaq, hansı açıq təhqiri peysərə verəcək, İsrail necə davranacaq, Türkiyə nə edəcək, Rusiya nə deyəcək - hamısını deyirik, yazırıq.

Özü də bunu havayıdan yazmırıq ha. Əlimizdə dəqiq informasiyalar olur. Dərin-dərin analizlər, səhih proqnozlar vermək biizm üçün adi şeydir. Ən pisi də odur ki, yazdıqlarımızın yarısı düz çıxır. Bu da bizi yeni yaradıcılıq uğurları əldə etməyə həvəsləndirir. Düz çıxmayan proqnozlarımız isə qalır feysbukun və saytların arxivində, kimdir onları görən? Hərçənd hərdən bəzi mərdiməzarlar o cür proqnozları skrinşot edib saxlayır, sonradan adamın başına qaxırlar, deyirlər, o vaxt yazmışdın ki, İstanbul meri postuna Binəli Yıldırım seçiləcək, bə nə oldu, budur, İmamoğlu 7 aydır merdir...

Bir bunlar deyil, biz kütləvi şəkildə fəlsəfəni, ədəbiyyatı da bilirik. Təhsil sferasının problemlərindən elə danışırıq, Etibar Əliyevlə Kamran Əsədov susub baxırlar.

Bunlardan daha ötəsi bir qabiliyyətimiz də var. Hamımız satirikik. Hərəmizin içində bir Cem Yılmaz, Xazanov, Jvanetski, Zadornov, Arif Quliyev, Fərda, Elməddin, Şöşü, Şəmi, Eliş, Roşka yatır. Allah tərəfi, bu, çoxumuzda alınır. Hər şeyə lağlağı edərkən ortaya elə şedevrlər qoyurlar ki, vallahi, bunlar yuxarıda adı çəkilənlərin və aşağıda adları çəkilməyəcəklərin ağlına gəlməz. Bu sahədə xeyli irəliləmişik. Sadəcə, peşəkar stendapçı kimi fəaliyyət göstərib pul qazanmaq üçün kifayət etmir, hərədə bir atımlıq satira barıtı var.

Bəziləri xalqımızın bu unikal qabiliyyətini xor görürlər, hər mövzuda ekspertlik edənləri lağlağıyla “hərşeyşünas” adlandırırlar. Bu, paxıllıqdan, gözügötürməzlikdən irəli gəlir.

Əslində isə hər şeyə dair münasibət bildirən, şərh verən adamların sayı heç yüzü keçmir, sadəcə, biz eyni mövzuda bənzər şərhlər yazanların qeydlərini arda-arda görürük deyə, bizə elə gəlir ki, onlar çoxdurlar. Halbuki dünyada nə baş verir, versin, heç nəylə maraqlanmayan, ən ümdəsi heç nədən başı çıxmayan, sosial şəbəkə üzvü olmayan yüz minlərlə adam var və dünya onların vecinə deyil.

Yəni “hərşeyşünaslar”dansa “heçnəbilməzlər” daha təhlükəli, həm də maraqsızdırlar. Hansı mövzuda söhbət salsan, onların sevimli bir ifadəsi var: “Nə bilim, vallah”. Canına azar olsun, insan deyilsənmi, musiqiyə qulaq as, filmə bax, kitab oxu, dünyada baş verənlərdən xəbər tut. “Hərşeyşünas”larla danışmaq çox asandır, onlar hər şeyi bilirlər - siyasəti də, futbolu da, incəsənəti də. Bircə öz ixtisaslarından müəyyən qədər axsaqlıqları var, o da ki heç kəsə lazım deyil.

Tarix: 10-01-2020, 09:15
Xəbəri paylaş





Xəbər lenti