Professorun bilmədiyini bilən taksi sürücüləri...


İnsanların informasiya almaq imkanları genişləndikcə, məlumatsızlıq, bilgisizlik, hətta deyərdim ki, cahillik artır.

Düzü, bu, nədən belə olur, anlamıram. Əksinə olmalıydı. Olmur. Fakt budur ki, biz evimizdə otura-otura, yaxud da ictimai nəqliyyatda yol gedə-gedə əl boyda hacətin vasitəsilə dünyada baş verən hər şeydən xəbər tuta biləcəyimiz halda bunu etmirik, ən nadir ədəbiyyat (elmi, bədii, memuar, dərslik - fərqi yoxdur) nümunələrini əldə edə, maariflənə bilərik, amma bundan kütləvi halda imtina edirik.

Get-gedə amerikalılara dönürük - sözün pis və müəyyən mənasında. Bilənlər bilir, ABŞ-da əhalinin tam əksəriyyəti yalnız öz işinin, ixtisasının bilicisidir. Məsələn, adam kibernetikdirsə, Robert de Nironu, Britni Spirsi tanımaya bilər. Yaxud adam basketbol azarkeşidirsə, dünyada Messi və Ronaldo adlı futbolçuların olduğundan xəbərsiz olacaq.  10 il əvvəl ABŞ-da olanda bir italyan əsilli riyaziyyat professorunun evində qalırdım, adam musiqi həvəskarıydı, gitara çalırdı, amma dünya şöhrətli, həm də italyan əsilli Ennio Marikoninin (Ennio Morricone) tanımadı. Halbuki mayestronun musiqi yazdığı filmlər (150-dən çox) bütün dünyada məşhurdur, hamı tanıyır. Məsələn, “Sprut”a, “Bir dəfə Amerikada”ya, “Professional”a, “Lolita”ya, “Aysberqlər arasında ölüm”ə, “Malena”ya hamı baxıb. Amerikalı professor isə adamı tanımadı.

Yaxın iki-üç ilə biz də elə olacağıq. Bəlkə də doğru olan budur. Lazımsız bilgiləri beynimizə niyə yükləyək ki? Tutaq ki, mən malay dilini əla bilirəm, amma heç vaxt Malayziyada olmayacam, hansısa malayla ünsiyyətim olmayacaq, o dili bilməyimin heç bir faydası yoxdur. Başqa gərəksiz bilgilər də onun kimi...

Ancaq bir azərbaycanlı professorun öz yaşadığı ərazinin seçki dairəsindən seçilmiş (lap olsun, təyin edilmiş) deputatın kimliyini bilməməsi qəribə gəldi. Adam yad biri də deyil, parta yoldaşımdır, şagirdliyimiz, tələbəliyimiz birlikdə keçib, rastlaşdıq, söhbətləşdik, söhbət seçkidən düşdü, soruşdum ki, sizin dairədən deputatlığa namizədlər kim idi. Dostum çəpəki baxdı, dedi, vallah, biz namizəd üzü-zad görmədik, gəlib özünü tərifləyən də olmadı, heç bilmədik, seçki necə keçdi, kim seçildi.

Belə anladım ki, burada professor qardaşda elə də böyük günah yoxdur. Düzdür, o, fəal vətəndaş, hörmətli ziyalı olaraq seçki kimi mühüm siyasi proseslə maraqlanmalıydı, amma onu çox da qınamalı deyil. Öz ambisiyası olmayandan sonra niyə maraqlansın, pullu və iddialı adamların işinə niyə qarışsın? Həm də həmin o pullu və iddialı adamlar niyə seçki kampaniyası aparmayıblar? Eləcə, adlarını siyahıya saldırıblar, öz dost-tanışları, qohum-əqrəbaları ilə görüşüblər və təşər-təşər də oturub gözləyiblər ki, fevralın 9-da xalq kütlələri ellikcə məntəqələrə axışacaq, onlara səs verəcəklər. Amma elə olmayıb.

Professorla sağollaşandan 1-2 saat sonra bir taksi sürücüsü ilə mükalimə edəsi olduq. O, yaşadığı dairədən seçilən deputatı tanıyırdı, amma bir az ağzını sürüdü, sözündən elə anladım ki, sürücü adamın mandatının legitimliyini şübhə altına almağa meyllidir və tanımadığı həmsöhbətlə səmimi olmaq istəmir. Sonra söhbət koronavirusdan düşdü. Sürücü virusun yaranma səbəbləri, yayılma arealı, bu xüsusda ölkəmizdəki mövcud vəziyyətlə bağlı xeyli məlumat verdi, hətta virusun öz-özünə yaranmadığını, laboratoriyada hazırlanmış bioloji silah olduğunu, bu süni epidemiyada əsas məqsədin Çinin iqtisadi inkişafının durdurmaq olduğu barədə politoloji şərhlə də çıxış etdi.

Baxdım ki, adam bir şeylər bilir. O, Çempionlar Liqasında keçirilən son oyunlar barədə də bilgiliydi, hətta dedi ki, Messi və Ronaldonu əvəzləyəcək yeni bir ulduz gəlir - adı Hollandır.

Adamın musiqi sahəsində də bilgili olduğu şübhəsiz idi. Nə də olmasa audiopleyerində Rəqsanənin, Üzeyirin nəğmələri səslənirdi.

Bəli, elə bir duruma gəldik çatdıq ki, bizim informasiya almaq, məlumatlı olmaq üçün başqa mütəxəssislərlə söhbətləşməyə ehtiyacımız yoxdur, elə taksi sürücüləri ilə mükalimə eləsək, çox şeyi biləcəyik.

P.S. Yazını yazdım, indi çıxım yola, bir taksi sürücüsü tapım, görüm, Rusiya-Suriya-Türkiyə müharibəsi barədə nə deyir...

Tarix: 29-02-2020, 11:31
Xəbəri paylaş





Xəbər lenti