Karyerada savad, yaş, bəxt məsələsi

 

Yeniyetməlikdə və erkən gənclikdə mənim savadlılıq və savadsızlıq xüsusunda, oxumuş adamlar demişkən, öz stereotiplərim vardı.

Birincisi, hesab edirdim ki, məndən yaşca böyük olan və ali məktəb qurtarmış adamların hamısı mütləq savadlıdırlar. Yoxsa onlar ali məktəbə necə giriblər, necə bitiriblər...

İkincisi, güman edirdim ki, ali məktəb qurtarmış adamların hamısı ana dilimizdə səhvlərə yol vermədən, ifadəli yaza bilirlər. Bu qənaət məndə ona görə hasil olmuşdu ki, ağlım kəndçilərimizə gedirdi. Bilənlər bilir, bizim kənddə az qala hər ailədə ana dilimizdə yaxşı yazılar yazan adamlar vardı, hətta rusca da səhvsiz yazanlar çox idi. Ona görə də Kremldə işləyən böyük adamları - Solomentsevi, Dolgixi, Pelşeni, Rusakovu, Zimyanini, Arxipovu və digərlərini şikayət ərizələri ilə keçəl eləmişdilər.

Ancaq özüm ali məktəbdə oxumağa başlayanda bu barədəki illüziyalarım dağıldı, daha dəqiqi, küləyə düşmüş kətyan kolu kimi dığırlanıb getdi. Anladım ki, kimyadan H2O və H2SO4 başqa bir şey bilməyənlər imtahandan “kafi” qiymət alırsa, demək, savad, bilik, təhsil o qədər də önəmi deyil.

Bununla belə, həmin illüziyadan indinin özündə də bir damcı qalıb. Adam lap alim olsun, Nobel mükafatına namizəd göstərilsin, fərqi yoxdur, “ailə”ni “aylə”, “biabır”ı “biyabır” kimi yazırsa, onu savadlı adam saya bilmirəm. Fikirləşirəm ki, bu, o savadı haradan alıb, kitab oxumayıb axı. Oxusa, sözlərin düzgün yazılışı 5-6 dəfə qarşısına çıxardı, yadında qalardı.

Bir rektorumuz vardı, bir dəfə iclasda onun çıxışına qulaq asmalı oldum. Adamın bir cümləsi belə qrammatik qaydalara uyğun deyildi, məşhur ifadəylə desək, çıxış başdan-başa erməni-budaq cümlələrindən ibarət idi. Amma o, çox savadlı adam kimi tanınırdı, axırda akademik də oldu.

Sonralar bir oxumuş adam izah elədi ki, dəqiq elmlərin atası olan alimlər yazı-pozu işində axsaya bilər, bu, o qədər də qəbahət deyil. Ona qalsa, zəmanəmizin ən böyük riyaziyyatçı alimi Parelman heç telefonda mesaj yaza bilmir.

Bununla belə, yenə də tələbələrlə, gənc məzunlarla həmsöhbət olanda hansı ali məktəbə neçə balla qəbul olunduqlarını soruşur və buna nəzərən adamın savadı, biliyi haqda qənaətə gəlirik. Məsələn, biri mənə deyəndə ki, universitetə 250 balla girib, qırmızı diplomla bitirib, onun diplomunun rənginə şübhə etməsəm də, ona imtahanlarda A verən müəllimlərin vicdanına şübhə edirəm. Çünki belə şey ola bilməz. Təcrübə göstərir ki, universitetə 650-700 balla girənlərin yarıdan çoxu ali məktəbi qırmızı diplomla bitirə bilmir. İndi necə oldu, 3 qiymətlə universitetə girən gənc birdən-birə əlaçı oldu? Yoxsa adamın potensialı qəfildən Eyyaflayokuldr vulkanı kimi püskürdü?

Bu savad məsələsində başqalarına aid bir stereotip də var. Yüksək vəzifəyə təyin olunmuş birinin əslində çox savadsız olduğu iddia ediləndə mütləq adamlar tapılır ki, deyirlər: “Zato gözəl təşkilatçıdır”. Min dəfə işlənmiş arqumentdir və bu, artıq “filankəs savadsızdır” sözünün antonimi halına gəlib: “Yaxşı təşkilatçıdır”.

Nəyə görəsə savadsız adamlar mütləq yaxşı təşkilatçı olur, düzüb-qoşmağı, idarə etməyi, alıb-verməyi yaxşı bacarırlar. Nə işdirsə, savadlı, dünyagörüşlü, erudisiyalı adamlarda bu alınmır, onlar “yaxşı təşkilatçı” ola bilmirlər.

Bir oxumuş adam var, əmindir ki, əsl intellektuallar əyri işlərdə təşkilatçılıq edə bilmirlər, əsas səbəb budur. Əlbəttə, mərdiməzarlığın, korrupsiya maxinasiyalarının, başdan hər yaramazlığı aşırmağın “yaxşı təşkilatçılıq” sayıldığı ölkədə bu normaldır.

Budur, iki gənc adam rayon rəhbəri vəzifəsinə təyin olunub. Məlum olur ki, onlar abituriyent olanda olduqca az bal toplayıblar və bu üzdən də prestijli universitetlərdə oxumayıblar.

Onları yaxşı tanıyanlar isə deyirlər, əvəzində yaxşı təşkilaçıdırlar. “Sadəcə, bəxtləri gətirib”, “Harvardı qurtaran işsiz qalıb” deyənlər də az deyil.

Ancaq 31 yaşlı gəncin effektiv İH başçısı ola biləcəyinə şübhə edənlər var. Onlar deyirlər, bu məsələdə yaşın fərqi var - o məsələdə olduğu kimi.

P.S. Yazının nöqtəsini qoyduğum anda əməkdaşımızla rastlaşdım, soruşdum ki, Emil, neçə yaşıın var, dedi, 31. Dedim, sənin tay-tuşların İH başçısı olur, sən hələ reportaja gedirsən. Yaxşı ki, o da “sənin tay-tuşların da çoxdan eks-prezident olub” demədi. Poroşenkonun, Medvedevin, Saakaşvilinin adını çəksə, qanqaraçılıq olacaqdı.

Tarix: 7-03-2020, 09:46
Xəbəri paylaş





Xəbər lenti