Bakıdakı aksiyanın arzuolunmaz nəticəsi: “İndi əksəriyyət çalışacaq ki...”


Bakıdakı aksiyanın arzuolunmaz nəticəsi: “İndi əksəriyyət çalışacaq ki...”

Mehriban Zeynalova: “Feminizm kişi və qadın hüquqlarının bütün sahələrdə bərabərliyindən başqa bir şey deyil

 

Bir qrup qadının 8 mart günü paytaxtda keçirdiyi aksiya barədə müzakirələr səngimək bilmir. Aksiyanın əsas iştirakçılarından birinin bu gün intihara cəhd etməsi də mövzu ətrafında əlavə mübahisələr meydana çıxarıb.

 

AYNA-nın mövzu üzrə suallarını “Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynaova cavablandırıb:

 

- Mehriban xanım, etiraz aksiyası kəskin tənqidlərə məruz qalır. Cəmiyyət tənqidi mövqeyində haqlıdırmı? Ya da sualı belə qoyaq: Aksiyada yanlışlığı nədədir?

 

- Ümumən yayılan videolara, fotolara baxanda nümayişçilərdə aqressiyanı sezmək olurdu. Axı dünyanın hər yerində hər zaman belə etirazlar olur və bunun da tək məqsədi var - qadınlar öz hüquqlarını müdafiə etmək üçün ictimaiyyətin diqqətində olmaq istəyirlər. Digər məqam daha çox “Avropadan dərs alıblar” fikrinin söylənməsidir. Axı Avropanın özündə həmişə belə aksiyalarda daha çox sosial tələblər səslənib, qadın cinayətləri pislənib, dul, tək qadınlara qarşı münasibətin dəyişilməsi tələb edilib, seksual qısnama, seksist münasibət tənqid olunub. Qadınların təhsil alması, erkən nikahlar kimi məsələlər xatırlanıb və bu gün də bu dəsti-xətt davam edir. Bizim son aksiyada nəyin tələb edildiyi, nəyə etiraz olunduğu bilinmədi. Yaxud mesajlarda, ifadəetmədə problem vardı. Elə yanlış təşkilatçılıq, doğru yazılmayan tələblər, qıcıqlandırıcı şüarlar, bizim mənəvi dəyər və ənənələrə xas olmayan davranışlar belə kəskin reaksiyalara səbəb oldu. Bunun qarşısını almaq da mümkün deyil. Hər zaman bizim insanlarda nəyisə pisləmək adəti var. Bir də məlum aksiyada hüquq-mühafizə orqanları əməkdaşlarının bütün hallarda davranışı doğru addım idi.

Onda 8 Mart – 8 Marş planının effektiv olmadığını demək olarmı?

 

- 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə bu gün vacib tarixə çevrildi. Yəni bu günə qadın hüquqlarına diqqət etmək, nəzərdən keçirmək günü kimi baxılmalıdır. Bizdə isə bu günü bayram kimi keçirirlər, hamı hədiyyə alır bir-birinə. Bayram o zaman olur ki, qadınlar arasındakı həmrəylik də güclü olur. Əslində insanlar bütünlüklə insan haqlarını müdafiə etməlidir, çünki qadınlar da seksizmə qarşı mübarizə aparmalıdır. Aksiyanın nəticəsinə gəlincə, tənqidlər, ifşalar bir yana, mən qorxuram ki, bundan sonra bizim işimizə, fəaliyyətimzə zərər gələ. Çox insan yenə də qızlarını təcrid etməyə davam edəcək, aksiya iştirakçılarına bənzəməməsi üçün gərginlikdə saxlayacaq, erkən nikahla sanki qızlarını qorumağa haqq qazandıracaqlar, hətta məişət zorakılığı halları bir az da arta bilər. Edilən hər işin nəticəsi də düşünülməlidir.  Biz də vaxtilə aksiya təşkil etmişik, amma məqsədimiz baş verənləri göstərmək və həll yolunu axtarmaq olub.

 

- İndi feminizmə də təhlükəli don geydirilir. Feminizm bu deyil axı…

 

- Təəssüf ki, gender bərabərliyi və feminizm haqqında hələ də cəmiyyətdə, bəzən məmur səviyyəsində də çox halda yanlış təssəvvür var. Feminizmin 100-dən artıq qolu var: məxməri, ifrat və s. Bütün hallarda qadınların üstünlüyü kimi təqdim olunsa da, bu, əsla belə deyil. Aksiyadakı çağırışlar radikal feminizmin şüarları kimi də qəbul edilə bilər. Amma bizə bu, lazım deyil. Bilməliyik ki, feminizm dedikdə, ən birinci kişi və qadın hüquqlarının bütün sahələrdə bərabərliyini təbliği və bunun tələb edilməsidir, vəssalam.


Tarix: 11-03-2020, 00:58
Xəbəri paylaş





Xəbər lenti