Görünməmiş xeyriyyəçilik

 

“Şəhərlərə bombalar yağardı hər gecə,

Biz durmadan sevişirdik"

(Əhməd Qaya-nın mahnısından)

Absurd elə dərəcəyə gəlib çatıb ki, Avropanın ən qapalı rejimlərindən olan Belarus dünən sərhədlərini hamıya açıq saxlayan iki ölkədən biri idi. O biri də Avropa Birliyindən vaxtında aradan çıxmış Britaniya. Lukaşenkonun optimizmi də ləzzət edir. Deyir kartof əkin, traktor sürün, araq gillədin, belə olanda hər hansı xəstəlik sizə yaxın düşməz. Bəlkə yalan deyir?

Hər ölkə öz ağlına, qanacaq və qabiliyyətinə uyğun tədbirlər tökməkdədir, misal üçün, Fransada kommunal ödənişləri dondurublar. Camaat evdə oturmağa məcburdur, xərci çoxalır deyə. Polşa kreditlərdə güzəşt edəcək, ruslar vergiləri dondurur, farslar türmədəkiləri əfv edib buraxır və sairə. Bəs bizdə hansı tədbirlər görülür? Bir mobil telefon şirkətinin fantastik xeyriyyəçiliyi, ya da savadlı adamların sözü olmasın, filantropiya və altruizmi gözlərimizi doldurdu: əgər sənin qızdırman qalxsa, asqırsan, tibbi xidmətin filan-beşməkan nömrəli telefonuna pulsuz zəng edə bilərsən! Vallah, bu cür səxavətə biz Hacı Zeynalabdin Tağıyevin vaxtından rast gəlməmişdik! Heyrətamizdir. Üstəlik, nəzərə alsaq camaatın bəzilərinin məsuliyyət hissi, dövlətçiliyə bağlılığı yetərincə zəifdir, o zaman həmin şirkətin daha böyük maliyyə itkilərini proqnozlaşdıra bilərik, axı tək asqıranlar zəng etməyəcəkdir! Eləsi var görürsən təcili yardımla məzələnir. Bir daha təşəkkür edirik və başqa şirkətlərdən də sosial kampaniyalar umuruq.

Milli Məclisin kişilərin öpüşməyinə qadağan qoymağı, Nazirlər Kabinetinin vətəndaşları qəbul etməyi saxlaması, real deputat Erkin Qədirlinin sosial şəbəkələrdəki şit zarafatlarla mübarizəsi də təqdirəlayiqdir. Ən çox vətəndaş qəbulunun dayandırılması bizi sevindirir. Axı məmurlar xalqı qəbul edib şikayətləri dinləməkdən əldən düşmüşdülər. Elə adam var idi 255 dənə şikayət məktubu yazır, 77 nazir qəbuluna düşürdü, hələ bu azmış kimi icazəsiz piketlərə qoşulurdu. İmkan vermirdilər məmur xalq üçün işləsin. Sənin Azərbaycandakı həyatdan nə şikayətin ola bilər? Heç zad. Uzağı minnətdarlıq məktubu, təşəkkür teleqramı yazarsan, məmuru görəndə əlini öpərsən, vəssalam. Bunun ən düzgün icrasını bir zamanlar hansısa rayon zəhmətkeşi AzTV müxbirinə açıqlamışdı. Müxbirin “nəyə ehtiyacınız var” sualına “minnətdarıq, hökumətin sayəsində ehtiyacımız boldur” cavabı vermişdi.

Müxalifətin də üzərinə bu günlər böyük ictimai məsuliyyət düşür. Yaxşı olar onlar aktivliyi azaltsınlar. Örnək üçün, şəhərin (indi ağlıma gəldi ki, biz son illər “şəhər” yazanda avtomatik olaraq ancaq Bakını nəzərdə tuturuq, sanki Bayıl və Biləcəridən o tərəfə çıxan anda əyalət başlayır, başqa şəhərimiz yoxdur) mərkəzində, Azadlıq meydanında, Fəvvarələrdə-filanda mitinq, piket, yürüş keçirməyi dayandırsınlar. Bakı Şəhər İcra Hakimiyyəti də Azadlıq meydanında mitinqlərə daha icazə verməsə yaxşıdır. Bir-iki ay dözərik, nə etməli. Düzdür, vətəndaşların sərbəst toplaşmaq hüququ bizdə ən bərk qorunan sahələrdən sayılır, ancaq əhalinin sağlamlığı tərəzinin başqa gözünə qoyulubsa, biz burada alver edə bilmərik!!! Başqa ölkələrdə mitinq edənləri atla, itlə basıb öldürürdülər, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanda həmişə, hər sahədə azadlıq olmuşdur, o üzdən xalqımız indiki fövqəladə şərtlərə, hərəkətin məhdudlaşması, karantin tipli tədbirlərə bir az dözümsüz yanaşır, bu durum bizi istər-istəməz darıxdırır. Nə etməli, məcburuq biz də bir az Parisdəki, Milandakı, Berlindəki, Stokholmdakı kimi yaşayaq. Avropanın pisini götürüb, yaxşısını atmalıyıq - bəzən belə də olur.

Tarix: 18-03-2020, 08:46
Xəbəri paylaş





Xəbər lenti