“İntihar etməkdən başqa çarə görmürəm” – “Alışanov bir dəfə olsun məhkəməyə ayaq basmadı, amma...”



Dünən - martın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə iddiaçı Səlimə Sadıqovanın cavabdehlər Arif Alışanov, Nilufər Cəfərova və Camal Nəbiyevə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib. 

“AzPolitika.info” xəbər verir ki, S. Sadıqaova AzTV-nin keçmiş sədri A.Alışanov tərəfindən zorla əlindən alınan əmlakın və torpaq sahələrinin onun mülkiyyətinə qaytarılmasını tələb edib. 

S.Sadıqova “AzPolitika.info”-ya bildirib ki, A.Alışanov onun keçmiş həyat yoldaşı Şücayət Əkbərovu həbs etdirməklə kifayətlənməyərək, Şamaxı rayonunda ona məxsus olan əmlakı və torpaq sahələrini zorla əllərindən alıb: "Alışanov Çuxuryurd kəndində olan 5.066 hektar torpaq sahəsini bacısı qızı Nilufər Cəfərovanın adına keçirib. Həmin kənddə mənə məxsus 6.5 hektar torpaq sahəsi də zorla eyni şəxsin adına rəsmiləşdirilib. Bundan başqa Nağaraxana kəndində mənə məxsus 194.4 kv.m yaşayış evi də əlimdən alınaraq N.Cəfərovanın mülkiyyətinə keçirilib". 

Şikayətçi bildirib ki, bu evdə özü, qızı və başqa şəxslər qeydiyyatda olsalar da, onların razılığı olmadan notarius vasitəsi ilə əmlakı əlindən alınıb. “Mən bu faktı, sənədləri hakim Vüqar Quliyevə təqdim etsəm də yekun qərarda nəzərə alınmadı"

S.Sadıqovanın sözlərinə görə, Şamaxının Mədrəsə qəsəbəsi, N. Gəncəvi küçəsi 26 ünvanında 022. hektar torpaq sahəsinin üzərində yerləşən, sahəsi 271 kv.m olan evləri də Arif Alışanovun digər qızı Aynur Alışanovaya verilib: "Alışanov daha sonra Samux rayonunda yerləşən, mənə məxsus olan 1.24 hektar torpaq sahəsini də qanunsuz olaraq Nilufər Cəfərovanın adına rəsmiləşdirilməsinə nail olub”.

Məhkəmə prosesinə gəlincə, Səlimə Sadıqova bildirib ki, onun şikayəti üzrə 11-dəfə məhkəmə prosesi keçirilib: "Amma heç birində nə Arif Alışanov, nə onun vəkili və ya nümayəndəsi iştirak etmədi. Eyni zamanda zorakılıqda bilavsasitə iştirakçı olan Şamaxı Dövlət Notariat Kontorunun rəhbəri də prosesə qatılmaqdan imtina etdi. Biz tərəfdən şahidlər - Şamaxı sakinləri məhkəmədə dindirildi. Böyük ümidlərimiz olsa da, hakim Vüqar Quliyev işə ədalətli baxmadı, bütün məhkəmə boyu bir dəfə olsun prosesə qatılmayan Arif Alışanovun tərəfini tutdu və mənim şikayətimi təmin etmədi".

S.Səlimova bildirir ki, məhkəmələrin belə ədalətsizliyi onun bütün ümidlərini puça çıxarıb və o indi intihardan başqa çıxış yolu görmür: "Necə ola bilər ki, mənim evimi, torpağımı zorla əlimdən alırlar, bütün sənəd-sübutları qoyuram, amma hakim ona zərrə qədər hörmət qoyub, sayıb prosesə gəlməyən Arif Alışanovun tərəfini tutur? Bəs Prezidentin dedikləri, tapşırıqları harda qaldı, niyə onlara əməl olunmur? Biz hüquqi dövlətdə yaşayırıqsa, hüquq niyə ayaqlar altına atılıb, Arif Alışanovun kaprizlərinə, istəklərinə qurban verilib?!"


Tarix: 20-03-2020, 23:25
Xəbəri paylaş





Xəbər lenti