Dialoq avtobusu


“Əgər bombardmançı təyyarəyə otursan,
Bu şəhərin ən yaxşı mənzərəsini görərsən”
(İosif Brodski, “Təqdimat” şeirindən)

Biz bu keçid dövründə öz enerjimizi, vaxtımızı daha səmərəli istifadə etməliyik. Yoxsa baxırsan dövlət qurumları, xalqımız faydasız işlər də görürlər, nəticədə biz ümummilli şəkildə uduzuruq. Misal üçün, son günlər Əli Kərimlinin dialoqa gəlmək istəmədiyi çox müzakirə edilir. Məlumat üçün bildirim ki, Prezident Administrasiyasının partiyalarla iş şöbəsinin müdiri Ədalət müəllim tam ədalətli şəkildə hər bir partiyanı, siyasi qurumu idarəyə dialoqa dəvət edir, görüşür, söhbət edir. Belə dəvətnamələrdən biri də AXCP sədrinə göndərilmişdir, lakin Əli Kərimli idarəyə getməkdən boyun qaçırıbdır. Hansısa ilkin şərtlər-zad irəli sürübdür, bununla işim yoxdur, müxalifətdən yazıb köşədəki yerimizi boş-boş sözlərlə doldurmaq istəmirəm, mən ümumiyyətlə siyasətə qarışmıram, uzağı başqa ölkələrdəki siyasətə qarışa bilərəm, misal üçün, Madurodan heç xoşum gəlmir. Xülasə, Əli müəllimə dəvət göndərilib, lakin o, idarəyə gəlməyib. Ya da getməyib – baxır hardan bunu izləyirsən. İndi bunun müzakirəsi gedir.

Nahaq yerə. Gəlmir, tutun aparın! Nə çətin işdir axı!? 3-4 nəfər polis əməkdaşı, bir avtobus (klassikimiz demişkən, 3 manat pul, bir kəllə qəndə, vəssalam, şüttəmam) bəs eləyir ki, Əli Kərimlini sürüyüb dialoqa cəlb edəsiniz. Müxalifəti özbaşına qoysan, meydanı batırar. Bizə konstruktiv müxalifət lazımdır, onun yolu isə sürüməkdən keçir. Sürünə bilməyənlər, heç vaxt uça bilməz. Maksim Qorkinin sözləridir.

Söz partiyalardan düşmüşkən, bugünlərdə qəzetdə AMİP katibi Əli Orucovun fikirlərini oxuyub çox şad oldum. Hətta sevindiyimdən güldüm. Jurnalist sual verir ki, bəs seçki qurtarıb, parlamentə düşməmisiniz, indi də virus, neftin qiymətinin enməyi var, hansısa tədbirlər, aksiyalar edəcəksinizmi, Əli müəllim görün nə deyib: “AMİP fürsətcil partiya deyil və biz bunu dəfələrlə əməli fəaliyyətimizlə sübut eləmişik”. Bəli, AMİP fürsətcil partiya deyil. Dəfələrlə bunu sübut edib. Ən birinci isə 1993-cü ilin iyununda edibdir.

Hər halda iqtidarın mətbuata diqqətini bilirik və ümid edirəm Əli Kərimlini nəhayət tutub dialoqa apararlar, bizim də bu mənasız müzakirədən canımız qurtarar. Əgər yenə çox dirəşsə, xarici pasportunu verib İtaliyaya göndərin. Pis mənada demirəm ki. Dünyanın ən turistik məkanlarından sayılır. Xüsusilə şimalı, Venesiya, Milan, Lombardiya bölgələri. Təzəlikcə bir dükanın reklam bukletində də oxudum, yazmışdılar bizdə alıcılar üçün İtaliyaya iki nəfərlik turpaket lotoreyası oynanılır. Məncə Əli Kərimlini elə o turpaket xəttiylə göndərmək də olar ki, bu zaman Amerika səfirliyi zəhləmizi töküb mırıldanmaz. Deyərik lotoreyada udub, neyləyək.

Qanun-qaydalar, milli dəyərlərimizə əməl olunanda adamın işləri də yaxşı gedir. Örnək üçün, dəfələrlə isbat edilib ki, riyaziyyat müəllimlərinin uşaqları feminist olurlar, lakin yenə camaat uşağa sinus-kosinus keçir. Nəyə lazımdır? Sən buna tarix dərsi keç, Cavanşiri, Babəki, Atropatı, Tomrisi, Sara xatunu izah elə, qoy vətənpərvər böyüsün. O cümlədən, məlum olub ki, bu saat Azərbaycanda koronavirusa yoluxmayan yeganə şəhər Şuşa şəhəridir, çünki orda biz yaşamırıq! Bundan da qabaq orda xarı-bülbül bitməkdən imtina eləmişdi. Alçaq ermənilər... Elə bilirdilər biz olmayan ərazidə rahat yaşayacaqlar, gül iyləyəcəklər, istəyəndə sətəlcəm olacaqlar.

Sonda bir daha əlaqədar orqanlardan xahiş edirəm bu Əli Kərimlini nəhayət tutub dialoqa cəlb eləsinlər, yoxsa zəhmətkeşlərimiz məsələdən olduqca narahatdır, vacib işlərdən diqqətimiz yayınır. Bu gün dialoqdan qaçan, sabah nə bilirsən hansı oyunlardan çıxar, bəlkə gedib feminist olar. Hətta mən şübhələnirəm onun qızdırması vardır, karantindən qaçıbdır, atalarımız demişkən, koronavirusun yoxdursa, niyə için göynəyir?

Tarix: 21-03-2020, 10:08
Xəbəri paylaş





Xəbər lenti