"Yıxılana balta vurmaq prinsipi ilə hərəkət etmək doğru deyil" - Sərdar Cəlaloğlu

 
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov FETÖ/PDY istintaqı çərçivəsində həbs edildi. Məsələylə bağlı fərqli fikirlər söylənildi, yazıldı. Bir qisim insan həbsinə qarşı çıxdığı halda, digər bir qisim isə bu qərarı haqlı hesab etdi.
KONKRET.az Azərbaycan Demokrat Pariyasının sədri Sərdar Cəlaloğludan Mübariz Mənsimovun həbsinin ətrafında yaranmış söz-söhbətlərlə bağlı açıqlama alıb.
Həmin açıqlamanı təqdim edirik:
“Ümumiyyətlə biz bu məhkəmə prosesinin sadəcə aşkar, obyektiv və tərəfsiz aparılmasını tələb edə bilərik. Yoxsa kimsə günahkardırsa, onun günahının bağışlanmasını tələb edə bilməriik. Ona görə də Partiyamızın bununla bağlı mövqeyi belədir ki, bu məsələ aşkarlıq şəraitində aydınlaşdırılmalı və cəmiyyətə onun günahları barəsində düzgün məlumat verilməlidir. Çünki bu sadəcə fərdin məsələsi deyil, bu həm də Azərbaycan-Türkiyə münasibətlərinə də təsir göstərə biləcək bir məsələdir. O ki qaldı ayrı-ayrı adamların bu məsələdə qıcıqlandırıcı mövqe sərgiləmələrinə? Azərbaycanda müəyyən rəqabətdə olan insanlar çalışırlar ki, bu məsələdən öz çıxarları üçün istifadə etsinlər. Dünənə kimi Aslan İsmayılov və digərləri haradaydı?! Yıxılana balta vurmaq prinsipi ilə hərəkət etmək doğru deyil. İstintaqın, hüququn aliliyini tələb etməliyik. Və ən vacibi də istintaqın nəticəsinin Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı bir mənfi təsir etməməsinə çalışmalıyıq. Qalanı isə bizlik deyil. O insanın həqiqətən günahı varsa, deyilən məsələlərdə əli varsa, cəzasını qanun çərçivəsində almalıdır. Obyektivlik olarsa, onda biz qanunun aliliyini müdafiə etməliyik. Hər bir adamın tərəfdarları da ola bilər, əleyhdarları da. Əleyhdarları bundan istifadə edəcək, tərəfdarları da onu müdafiə edəcək. Kim obyektiv və haqlı çıxış etsə, insanların qəzəbinə tuş gəlməyəcək, kim ki, yanlış çıxış etsə, o zaman insanlar mənfi münasibət göstərəcək”.
Tarix: 21-03-2020, 15:50
Xəbəri paylaş





Xəbər lenti